AZ

Professionalların əlini çörəyə çatdıran startap – PEŞƏKAR

09.12.2019 17:10

““Peşəkar” startapı ölkədə bütün sahələr üzrə peşəkarları bir araya toplayıb müştəriləri ilə əlaqə qurmağa yardım edən layihədir. İstənilən peşənin sahibi xidmətini nümayiş etdirib burada pul qazana bilər”, – bunu TED.az-a “İ2B - İdeyadan Biznesə” layihəsinin Naxçıvandan olan iştirakçısı, “Peşəkar” startapının müəlliflərindən biri Nail Seyidov deyib.

 

N.Seyidov “Peşəkar” platformasının iş prosesindən danışıb: “Bu layihədə istənilən sahədə xidmət göstərən şəxs veb-saytımıza və ya tətbiqimizə daxil olub onlayn qeydiyyatdan keçə bilər. Qeydiyyat zamanı onlara öz diplomlarını, onları tanıdacaq bu kimi digər göstəricilərini platformaya yükləməyə şans yaradılır. Həmin məlumatlar platformaya yüklənir, daha sonra istənilən mütəxəssis xidmətini əlavə edib öz müştəriləri ilə rahat əlaqə qura bilər. Müştərilər veb-sayta və ya tətbiqə daxil olub onlayn xidməti sifariş edir. Bu zaman müştəri onlayn ödənişlə istədiyi servisi əldə etmiş olur. Mütəxəssisin işi yekunlaşdıqda, o, tətbiqdəki düyməyə basaraq işini tamamladığını bildirir. Müştəri də, həmçinin eyni prosesdən keçir. Bu zamana qədər köçürülən məbləğ platformanın hesabında qalır. Məhz daha əvvəl qeyd etdiyim düymə müştəri tərəfindən basıldıqdan sonra məbləğ mütəxəssisin, yəni “peşəkarın” hesabına keçir”.

 

Startapçı qeyd edib ki, layihənin tətbiqi bu yaxınlarda istifadəyə veriləcək: “Hazırda layihəmiz sadəcə veb-saytda fəaliyyət göstərir, iki ay ərzində “Peşəkar” tətbiqi artıq Play Store və App Store-da mövcud olacaq”.

 

Fatimə ZÜLFİQAR
 

Startaplar bölməsindən digər xəbərlər

Daha çox