AZ

1 milyon insanı Marsa göndərəcək ixtiraçı- İlon Mask

cee231443eec8379c0bf801e285df6ad.jpg
09.12.2019 20:00

Dünyanı dəyişdirən və insanlar üçün bu gün yaşadıqları dövrü inşa edən ixtiraçılar 100 illər keçsə də həyatımızın bir parçası olaraq qalırlar. Buxarlı maşınların ixtira olunduğu vaxtdan üzü bu yana baxdıqda, bir vaxtlar Amerika patent idarəsinin rəhbəri olmuş Çarlz Duelin “Artıq ixtira ediləcək bir şey qalmayıb” ifadəsi istər-istəməz yada düşür. Bu əsaslı ifadənin arxasınca inanılmaz texnoloji yeniliklər – insan müdaxiləsi olmadan idarə edilən avtomobillər, kosmosa səyahət edən raketlər gəldi. Bütün bunların arxasında 21-ci əsrə öz möhürünü vuran ixtiraçı var: İlon Mask.

 

Mask ixtiraçılıq və insanlara fayda vermək yoluna addım atdığı zaman hələ 24 yaşında idi. O, “Space X” adlı kosmik nəqliyyat şirkəti, “Tesla Motor” adı altında elektrikli avtomobili istehsal edən şirkəti və ödəmə sistemləri sahəsində dünyanın ən inkişaf etmiş şirkəti olan “PayPal”ı bu 20 ilə sığışdıra bilib. Bundan başqa, bir neçə şirkətin başçısı və şəriki də oldu. Qısacası Mask zəmanəmizin “Tesla”sı, texnologiya və elm dünyasının dahisidir.

 

 

Amma İlon Maskın həyatına nəzər salsaq, uğurları qədər uğursuzluqların da olduğunu görərik. Maskın bu sözləri, bəlkə də, gələcəyin şüarına çevriləcək: “Uğursuz olmaq əlimizdəki seçimlərdən biridir. Əgər heç vaxt uğursuzluqla rastlaşmamısınızsa, deməli, yenilikçi deyilsiniz”.

 

Bəs İlon Mask haqqında nə bilirik? TED.az İlon Maskın həyat yolu haqqında maraqlı məqamları sizə təqdim edir:

 

Mask 1961-ci ildə cənubi Afrika respublikasının paytaxtı Pretoriyada dünyaya gəlib. Anası 15 yaşından modelliklə məşğuldur. İndi hamının heyranlıqla baxdığı İlon heç də mükəmməl bir uşaqlıq keçirməyib. Ailəsində çox vaxt münaqişələr yaşanıb, valideynləri qalmaqallı şəkildə ayrılıblar. Məktəbdə daima uşaqlar tərəfindən döyülən və məsxərəyə qoyulan Mask təsəllini kitablarda axtarmağa başlayır. İlk uğurunu qazanan zaman onun cəmi 12 yaşı var idi. O, “Leaster” adlı video oyunu hazırlayıb ona şifrə təyin etmiş və onu “PS” adlı jurnala 500 dollara satmışdı.

 

Təhsilini Pensilvaniya Universitetinin iqtisadiyyat və fizika bölmələrində alıb. 1995-ci ildə Stentfordda ali dərəcə ixtisası almağa başlasa da iki gündən sonra bu fikrindən daşınıb. Elə bu qərarla da onun bütün həyatı dəyişib. Qardaşı ilə birlikdə onlayn məzmunun çatdırılma cədvəli proqramının üzərində işləməyə başlayıb. “Zip2” adlı bu proqramı 1999-cu ildə 307 milyon dollar nağd və 34 milyon dollarlıq aksiya qarşılığında “Altavista” şirkətinə satıb.

 

Bundan sonra o “X.Com” adlı yeni şirkətini yaradıb. Bu şirkətin yarandığı dövrdə onlayn ödəmələr getdikcə məşhurlaşırdı. 2009-ci ildə Mask “X.Com”u “Kofiniti” adlı başqa bir şirkətlə birləşdirərək “PayPal” adlı yeni ödəmə portalı yaradıb. Şirkətin uğuru sayəsində bütün Amerika onlayn ödəmə sistemindən istifadə etməyə başlayır. Bu, rəsmi qəbul edilmiş ilk ödəmə portalı hesab edilir. 2002-ci ildə “Ebay” şirkəti “PayPal”ı 1,5 milyard dollara satın alıb və İlon Maska 180 milyon dollarlıq hissə payı verib.

 

Maskın ən böyük layihəsi olan “Space X”in bünövrəsi isə 2002-ci ildə 100 milyon dollar sərmayə ilə qoyulub. Kosmosa səyahətin qiymətlərini minimuma endirməyi və Marsa ən azı 1 milyon insan göndərərək adını tarixə yazmağı planlaşdıran Mask “Space X” şirkətini bu məqsədlə qurdu. Bundan sonra NASA beynəlxalq kosmik stansiyaya göndəriləcək raketin hazırlanması üçün “Space X” ilə müqavilə bağladı. Əvvəlcə Mask işini sona çatdırmış sovet raketlərini almaq istəyir, lakin Rusiya hər raket üçün 8 milyon dollar tələb etdikdə o, özünün raketini daha ucuz qiymətə istehsal edəcəyinə qərar verir və haqlı çıxır. “Space X” raket istehsalına başlamışdı. Amma hələlik sınaq üçün istehsal edilən raketlərin kosmosa getmək cəhdləri uğursuz idi. Onlar orbitə çatmadan parça-parça olurdular. Maskın əlindəki son sərmayə gücü sadəcə bir sınağa bəs edəcək qədər idi. Bu sınaq da uğursuzluqla nəticələnsəydi “Space X” əfsanəsi başlamadan bitəcəkdi. Üstəlik, belə çətin bir zamanda ailəsi onu tərk etmişdi. Amma Mask son sınağında uğur qazandı. NASA “Space X” ilə 12 milyon dollarlıq yeni müqavilə imzaladı və onun daimi müştərisinə çevrildi. Hazırda “Space X” insanların kosmosa səyahətini təmin edəcək kosmik gəmilərin istehsalı və sınağı üzərində çalışır. Şirkətin bugünkü dəyəri 12 milyard dollardır.

 

Bundan əlavə ixtiraçı 2004-cü ildə Martin Eberxard və Mark Tarpenniqin yaratdığı “Tesla Motors” şirkəti ilə ortaqlığa başlayıb. Bir müddət sonra Mask şirkətə 70 milyon sərmayə yatıraraq idarə heyətinin sədri olub. Onu da qeyd edək ki, İlon Mask ilk Tesla modelinin dizaynına görə “Global Green 2006 mükafatları” mərasimində “dizayn mükafatı”na layiq görülüb. Sonra o, özünün “SolarCity” şirkətini də “Tesla” ilə birləşdirib. Xatırladırıq ki, “SolarCity” dünyadakı ən böyük günəş enerjisi istehsalçısıdır.

 

Hazırda Mask “Hyperloop” adlı layihə üzərində çalışır. Bu layihə sayəsində insanlar uzaq məsafələrə çox qısa müddətdə çata biləcəklər. Bu səyahət boruların içi ilə hərəkət edən sürət qatarları vasitəsilə həyata keçiriləcək. Layihənin həyata keçirilməsinə 6 milyard dollar vəsait tələb olunur. Mask bu nəqliyyat vasitəsinin təyyarə və qatardan daha güvənli olacağını iddia edir.

 

Bütün bunlardan başqa Mask suni intellektin insanları məhv etməsinin qarşısını ala biləcək daha bir layihə üzərində çalışır. Mask bu layihədən heç bir gəlir gözləmir. Süni intellektin insanlığı məhv edəcəyi düşüncəsi ixtiraçını çox narahat edir və o, bunun qarşısını ala biləcək yollar axtarır.

 

İlon Mask 2014-cü ildə kosmosa 4 raket göndərməyi qarşısına hədəf qoyub. Bu zamana qədər də Marsda sintetik yanacaq istehsal edəcək bir stansiya quracağını da bildirib. Beləliklə, ixtiraçının sözlərinə görə, artıq 2024-cü ildə  Marsa səyahət edə biləcəyik.

 

                                                                                                                                    Günay ƏLİYEVA

 

TED + bölməsindən digər xəbərlər

Daha çox