AZ

Məmurların qəbulunda olarkən mobil telefonu təhvil vermək mütləqdirmi? – EKSPERT RƏYİ

d43ec24fdfcc508be856eccbe12443fe.jpg
12.12.2019 18:00

 

Mobil telefonlar, smartfonlar həyatımızın bir hissəsinə çevrilib. Demək olar ki, bütün fəaliyyətimizi məhz bu qurğu vasitəsilə idarə edirik, həyata keçiririk. Şəxsi və işgüzar həyatımızla bağlı informasiyamızın böyük hissəsinin daşıyıcısı olan mobil qurğunun idarə, müəssisə və təşkilatlara daxil olarkən mühafizə xidməti tərəfindən alınmasına tez-tez rast gəlirik.

 

Bunun nə dərəcədə qanuni olmasını araşdırmaq üçün vəkil Roman Qaraşova müraciət etdik.

 

Vəkil TED.az-a açıqlamasında qeyd edib ki, qanunlarda bununla bağlı hansısa normativ mövcud deyil: “Bu məsələ demək olar ki, adi işgüzar qaydaya çevrilib. Xüsusən, hüquq-mühafizə orqanlarında, hətta özəl müəssisələrdə telefonları təhvil verməli oluruq. Hesab etmirəm ki, bu tədbirlər şəxsi məlumatların ələ keçirilməsi məqsədilə həyata keçirilir. Bu barədə fakt da demək olar ki, yoxdur. Daha çox vəzifəli şəxslərlə danışıqların icazəsiz qeydə alınması, lüzumsuz videogörüntülərin ictimailəşdirilərək şantaj vasitəsinə çevrilməsinə mane olmaq məqsədilə həyata keçirilir”.

 

 

R.Qaraşov onu da diqqətə çatdırıb ki, saxlanma qaydalarına düzgün riayət edilməlidir: “Mobil telefonlar xüsusi, hər şəxs üçün ayrıca seyfdə saxlanmalı, həmin seyflər müşahidə kamerasının nəzarətində olmalı, açarı telefon kimə məxsusdursa ona verilməlidir. Əgər bu qaydalara riayət olunursa, şəxsi düşüncəm ondan ibarətdir ki, burada hansısa qanun pozuntusundan söhbət gedə bilməz”.

 

Cavid QƏDİR

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox