AZ

Cərimə ödədikdən sonra səbrim bərpa olunub – AVTOLEDİ

c871d723c78717275c9fcef39946d00c.jpg
20.12.2019 16:45

“Boynuma alıram ki, “bordoçok” sözünün azərbaycanca  tərcüməsini bilmirəm”, – bu sözləri TED.az–a müsahibəsindəAvtoledirubrikamızın ilk qonağı Sevda xanım dedi.

 

Kişilər daim qadınlardan şikayət edirlər ki, guya biz onlara məxsus hər şeyi özümüzünküləşdirmişik. Bu gün şəhərimizdə avtomobil idarə edən xanımların sayı xeyli artıb. Avtomobilləri kişilərin əlindən almışıq, bəs avtomobil haqqında bizə lazım olan hər şeyi bilirikmi? Görəsən, neçə avtoledi maşınındakı nasazlığı özü aradan qaldıra bilir? Və ya neçəmiz avtomobil hissələrindən hansının nə iş gördüyünü bilirik?

 

Beləliklə, “Avtoledi” adlı yeni rubrikamıza start veririk. Rubrikamızın ilk qonağı müəllim-avtoledidir. Nəzərinizə çatdırırıq ki, Sevda xanım 267 saylı orta məktəbdə doğma dilimizi tədris edir və uzun müddətdir ki, avtomobil idarə edir.

 

 

Hər bir sürücü ilk avtomobili ilə mütləq qəza törədir. Sizdə qəza halları baş veribmi?

 

Xeyli vaxtdır ki, avtomobil idarə edirəm. Təbii ki, qəza törətdiyim olub. Yadımdadır, ilk avtomobilimi təzə almışdım ki, kiçik bir qəza törətdim. Amma çox şükür ki, ciddi bir hadisə baş verməyib.

 

Heç kapotu açıb baxmısınız? Orda nə var, nə yox, xəbəriniz var?

 

Bəli, açmışam kapotu. İçində nə var, nə yox bilməsəm də, nasazlıq olan zaman hamı kimi, mən də qeyri-ixtiyari dərhal kapotu açıram. Amma çox vaxt sadəcə baxıb yenidən örtürəm. Sadəcə bilirəm ki, avtomobilin əsas hissələri ordadır, mən bilən ordadır. Onu dəqiq bilirəm ki, kapot, maşının yağını yoxlmaq üçün, şüşəsilənə su tökmək üçün açılmalıdır. Bəzən bu cür bəsit əməliyyatları özüm yerinə yetirirəm.

 

 

Avtomobili sürətli idarə etməyi sevirsinizmi?

 

Əslində çox sürətlə idarə etməyi sevmirəm, amma yavaş da sürə bilmirəm. Şəhər içində ən sevdiyim sürət 60-dır. Bəzən səbirsizlik edib sürət həddini aşdığım vaxtlar da olub. Cərimə ödədikdən sonra səbrim bərpa olunub (gülür).

 

Salondakı güzgüdən makiyaj etmək üçün daha çox istifadə edirsiniz, yoxsa arxanı görmək üçün?

 

Evdən həmişə makiyajla çıxdığım üçün salondakı güzgüdən əsasən, arxanı görmək üçün istifadə edirəm, amma bunun üçün yan güzgülərə də müraciət edirəm.

 

Yollarda səliqəsiz avtomobil idarə edən kifayət qədər sürücü var. Belə hallarda necə reaksiya verirsiniz?

 

Bu, bizim ən yaralı yerimizdir. Yolda səliqəsiz avtomobil idarə edən sürücülər həddindən artıq çoxdur. Reaksiyam müxtəlif olur. Boynuma alım ki, bəzən kobud ifadələrdən də istifadə edirəm, təbii ki, çox əsəbləşirəm.

 

DYP əməkdaşlarından razısınızmı?

 

Əslində DYP əməkdaşlarına qarşı münasibətim normaldı. Amma razı qalmadığım vaxtlar da olub. Bəzən kobudluqla rastlaşıram və bu da heç xoşagələn deyil.

 

Sükan arxasında kimin mahnılarına qulaq asırsınız?

 

Sükan arxasında radio da dinləyirəm, əhval-ruhiyyəmdən asılı olaraq müxtəlif janrlarda olan mahnılara  qulaq asıram. Amma ən çox dinlədiyim mahnılar Aygün Kazımovanın mahnılarıdır.

 

 

Deyirlər ki, qadınlar evlərində nə qədər səliqəlidirlərsə, maşınlarında bir o qədər səliqəsizdirlər. Bu sizdə də belədir?

 

Bilmirəm, bu nədəndir, amma doğrudan da qadınların əksəriyyəti avomobillərini səliqəsiz saxlayırlar. Mən deyə bilmərəm ki, maşında çox səliqəliyəm. Yəqin ki, qadınların fikri daha çox evdə, ailədə olduğuna görə avtomobilimiz diqqətdən kənarda qalır.

 

Və sonda Azərbaycan dili müəllimi kimi sizə müraciət edirəm. “Qluşitel”, “tormoz”, “povorotnik”, “bordoçok” sözləri dilimzə necə tərcümə olunur?

 

Bilirəm ki, “qluşitel” səsboğucudur, “tormoz” isə əyləcdir. “Povorotnik”ə sağ-sol dönmə istiqamətini göstərən işıq adını vermək olar, məncə. Bura qədər yaxşı gəlmişdik, çatdıq ən çətin sualınıza. Boynuma alıram ki, "bordoçok"un azərbaycanca tərcüməsini bilmirəm.

 

Günay ƏLİYEVA

TED + bölməsindən digər xəbərlər

Daha çox