EKSPERT: Namizədlərin sosial şəbəkələrdə aparılan təbliğat-təşviqat kampaniyası qanunvericiliklə tənzimlənmir
Məlum olduğu kimi, fevralın 9-da növbədənkənar parlament seçkisi keçiriləcək. Növbədənkənar parlament seçkisinə qatılmaq üçün yekun olaraq 2431 namizəd müraciət edib. Artıq ödənişli seçkiqabağı təşviqatla bağlı məlumat mətbuat tərəfindən Mərkəzi Seçki Komissiyasına təqdim edilib. Lakin son zamanlar daha populyar bir vasitə var – sosial şəbəkələr. Görünən odur ki, namizədlər təbliğat kampaniyalarını daha çox sosial şəbəkələr üzərində qururlar.
TED.az olaraq deputatlığa namizədlər arasında sorğu keçirərək, onların hansı təbliğat formasını daha effektiv hesab etdiklərini öyrəndik.
Namizəd Anar Əsədli düşünür ki, təbliğat kampaniyası bölgələrin spesifikliyindən asılıdır.
Seçki kampaniyaları seçicilərin yaş kateqoriyasına əsasən aparılmalıdır...
“Məncə, həm ənənəvi mətbuat, həm də, sosial şəbəkələrdən istifadə etməklə təbliğat kampaniyasını aparmaq lazımdır. Təbliğat zamanı daha çox seçicinin yaş kateqoriyasına diqqət yetirmək vacibdir. Məsələn, mənim seçiliərim 18 – 40 yaş arasında olanlardırsa, mütləq şəkildə sosial şəbəkə üzərindən təbliğat aparılmalıdır. Seçicilər yaşlı kateqoriyanın nümayəndələridirsə, bu zaman təbliğatı ənənəvi çap mediasına yönlətmək daha uyğundur”.
Xanım namizəd Ləman Ələşrəfqızı seçki təbliğatının sosial media üzərindən daha effektiv olduğuna inanır.
Şəxsən mənim hansısa televiziyanın saniyəsinə 65 manat verməyə pulum yoxdur...
“Əlbəttə ki, təbliğatın sosial mediadan aparılmasını daha effektiv hesab edirəm. Sağ olsun dostlarım. Bir status yazan kimi xəbərə çevirirlər. Həm sosial şəbəkələr, həm saytlar düşünürəm ki, əlimizdən tutacaq. Əks halda, şəxsən mənim hansısa televiziyanın saniyəsinə 65 manat verməyə pulum yoxdur”.
Digər namizd Ceyhun Musaoğlu seçkilərdə ənənəvi medianı olduqca effektiv hesab edir.
Sosial şəbəkələrdə aparılan təbliğatdansa, çap mediasında təbliğat xarakterli material yayımlayıb qapı-qapı paylaşaram...
“Sosial şəbəkələrdə aparılan təbliğat effektiv deyil. Çünki mən heç bir halda əmin ola bilmərəm ki, namizəd olaraq təbliğat kampaniyam bütün seçicilərimə sosial şəbəkələr vasitəsilə çatdırılacaq. Prezident seçkilərində sosial şəbəkələrdən istifadə etmək təbii ki, effektivdir, amma parlament seçkisində o qədər də effektiv hesab etmirəm. Məncə, sosial şəbəkələrdənsə, ənənəvi mediaya müraciət etmək daha doğrudur. Mən sosial şəbəkələrdəki təbliğatdansa, çap mediasında material yayımlamağı üstün hesab edirəm. Məsələn, 450 ədəd qəzeti alıb qapı-qapı paylayaram və təbliğatımı da apararam”.
Bəs parlament seçkisinin təbliğat-təşviqat kampaniyası qanunla necə tənzimlənir?
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, Azərbaycan qanunvericiliyində seçkilərlə bağlı təbliğat-təşviqat kampaniyasının aparılması müxtəlif formalarda müəyyənləşdirilib: “Seçki kampaniyası Mərkəzi Seçki Komisiyası (MSK) tərəfindən təyin edilən qapalı və açıq məkanlarda aparılır. Məlum olduğu kimi, dövlət orqanlarının nəzdində olan mətbuat vasitələrində təbliğat ödənişsiz əsaslarla yayımlanır. Əsasən də, çap mediasında namizdələr üçün müəyyən bir yer ayrılır. Digər Kütləvi İnformasiya Vasitələrində (KİV) isə aparılan təbliğat ödənişlidir. Bu KİV-lər namizdələrin təbliğatı üçün müəyyən etdikləri məbləği öncədən, yəni seçkilərə bir həftə qalmış MSK-ya təqdim etməlidir. Ödənişlər də müxtəlif formalarda olur. Məsələn, səhər proqramlarının qiyməti günorta və ya axşam proqramlarından fərqlənir. Bəzən isə media ödənişsiz də təbliğat apara bilər. Bu artıq namizdlə media arasında anlaşmaya bağlıdır. Verilişlər arası isə namizədlərin reklam kampaniyasına qanunla yolverilmir. MSK tərəfindən müəyyən edilən ərazilərdə posterlər və reklam lövhələri də qoyula bilər. Reklam şirkətlərinin MSK-ya qiymətlər paketini göndərməsi də zəruridir. Çünki namizədlərin kampaniyasına xərclənəcək vəsait MSK-nın seçki fondundan həmin orqanlara köçürülür”.
Əliməmməd Nuriyev qeyd edib ki, Azərbaycanda sosial şəbəkələrdə aparılan təbliğat-təşviqat ölkə qanunvericiliyi ilə tənzimlənmir: “Hər bir namizd yeni texnologiyalardan istifadə edərək Feysbuk və s. şəbəkələrdə təbliğat kampaniyasını apar bilər. Sosial platformalarda aparılan təbliğatlar ölkə qanunvericiliyi ilə tənzimlənməsə də, qanunsuzluq da sayılmır. Digər bir təbliğat isə könüllülər əsasında aparılır. Onlar əsasən küçələrdə xüsusilə də işıqforların yanında namizədin təbliğatını aparırlar. Qanunvericiliyə əsasən seçkiyə bir gün qalmış sakit gün adlandırılır. Həmin gün təbii olaraq, namizdəin təbliğatını aparmaq qanuna ziddir. Əgər seçkilərə 24 saat qalmış təbliğat aparılarsa, namizəd seçkidən kənarlaşdırıla və ya başqa sanskiya tətbiq edilə bilər”.
Zeynəb ƏKBƏR