AZ

Azərbaycanda sənaye mühəndisliyi tam mənada tədris olunmur – Amazon-da işləyən həmyerlimizlə müsahibə

2bd1044441a8ff60037f0d8b3d7714c0.png
16.01.2020 16:10

TED.az “Peşəkar” rubrikasını davam etdirir. Budəfəki həmsöhbətimiz dünya üzrə məşhur onlayn satış şirkəti “Amazon”un Avropa Birliyi Mərkəzində – Lüksemburqda biznes analitik kimi fəaliyyət göstərən Yaşar Əhmədlidir.
 

Müsahibəni oxuculara təqdim edirik:

 

Necə oldu ki, “Amazon”da işləməyə başladınız? 

 

Böyük şirkətlərdə işləmək arzum çoxdan var idi. Onların təcrübəsini və idarəçilik üsulunu öyrənmək istəyirdim. Eyni zamanda, “LinkedIn” sosial şəbəkəsinin aktiv istifadəçisiyəm. Əvvəlcə  iş elanını orda gördüm, detallarına baxdım. Mənim öhdəsindən gələcəyim və özümü daha da inkişaf etdirə biləcəyim vəzifə idi. Sənəd verdim, müsbət qarşıladılar. Üç mərhələ müsahibədən keçdim, analitik test verdim. Sənəd verəndən təqribən iki ay sonra iş təklifi gəldi. Məmnuniyyətlə qəbul edib Lüksemburqa köçdüm.

 

Şirkətdə biznes analitik kimi fəaliyyət göstərirsiniz. Bir qədər işinizin detallarından danışın. 

 

Mənim işim “Amazon” şirkətinin Avropa Birliyi ərazisindəki çatdırılma zəncirinin simulyasiya modelinin qurulması və onun optimallaşdırılmasından ibarətdir. Şirkətin yüzlərlə anbarı, sort mərkəzləri və milyonlarla müştərisi var. Bu çatdırılma prosesini vaxtında və ən az xərclə təşkil etmək mürəkkəb məsələdir. Onun üçün riyazi modellər qururuq və həll edirik. Modellərdən aldığımız nəticələri Əməliyyatlar komandası gündəlik işlərində tətbiq edirlər.

 

Bu sahədə qlobal trendlər nələrdir? 

 

Hazırda kompüterlərin gücünün yüksək səviyyəyə çatması, internet sürətinin dəfələrlə artması, bulud (cloud) sistemlərinin yayılmağa başlaması bizə əvvəllər qeyri-mümkün görünən məsələləri həll etməyə imkan verir. Yəni 10 il əvvəl 1 sutkaya həll etdiyimiz məsələni indi 1 saat içində həll edə bilirik. Bizim biznesdə sürət çox vacibdir. Məsələn, “Amazon Prime” müştərilərinə bir gün ərzində çatdırılma söz verir. Bir sutka ərzində milyonlarla sifariş gəlir. Bütün bunları çox qısa müddətdə optimallaşdırıb həyata keçirmək lazımdır. 

 

Digər qlobal trend dronların çatdırılma prosesində istifadəsinə başlanmasıdır. Artıq “Amazon” bir çox yerlərdə, məsələn, İngilitərədə dronlardan istifadə edir. Daha sonra “Amazon Robotics” adlandırdığımız yeni avtomatlaşdırılmış anbarlar da insanı təəccübləndirən yenilikdir. Təsəvvür edin, anbara daxil olursunuz və orada sadəcə robotlar işləyir. Paketləri çatdırılacaq bölgəyə görə ayırırlar, rəflərdən götürüb daşıyırlar və s.

 

Azərbaycan bu trendlərə nə dərəcədə yaxındır? 

 

Qərbdə 90-cı illərin ortalarında başlayan elektron ticarət bizə hələ yeni çatır. O da tam formada deyil. Sənaye mühəndisliyi üzrə təhsil almışam. Qərb universitetlərində artıq onilliklərdir tədris olunur. Azərbaycanda tam mənasında sənaye mühəndisliyi tədrisi, demək olar ki, yoxdur. Sənaye mühəndisləri “Amazon” kimi şirkətlərin qısa illər ərzində dünya nəhənglərinə çevrilməsində vacib rol oynayıblar. İstərdim ki, Azərbaycan şirkətləri də bu sahənin ölkəmiz üçün əhəmiyyətli olduğunu qəbul edə, sənaye mühəndisliyi məzunlarını işə götürələr. Bizim sahə bir işi ən az resursla ən ucuza necə görmək olar, onunla bağlıdır. Sənaye mühəndisləri şirkətlərdə məhsuldarlığı artırır və işlədikləri şirkətlərin rəqabətə davamlılığını təmin edirlər.

 

 

Ümumiyyətlə, ölkəmiz elektron ticarət sahəsində nə qədər yol qət edib? 

 

Hazırkı vəziyyətə baxanda o qədər də xoş sözlər söyləmək mümkün deyil. Mənim nəzərimdə uğurlu onlayn platforma özünü qlobal trendlərə uyğunlaşdırmağı bacarmalı və müasir yanaşmalardan istifadə etməlidir. Bizdə olan saytlar sadəcə Qərbdə “marketplace” kimi tanınan onlayn bazar funksiyasını yerinə yetirirlər. Məsələn, ikinci əl əşyalarının satışı üçün. “Amazon” kimi şirkətlər digər brendlərlə işləyirlər və onların da mallarını satırlar, çatdırılmanı, əsasən, özləri həyata keçirirlər.

 

Dünyanın ən məşhur elektron satış portalında çalışırsınız. Orada mühit necədir? 

 

Burada mühit əladır. Əsasən, gənc və bacarıqlı, işinin professionalı olan insanlardan ibarət komandamız var. Müxtəliflik “Amazon” kimi şirkətlərin əsas dəyərlərindən biridir. Mümkün olduğu qədər fərqli ölkələrdən, fərqli inanc sahiblərindən insanları işə cəlb edirlər. İnanırıq ki, bu fərqlilik bizə işimizdə çox faydalar verəcək. Hər fərqli insan məsələlərə fərqli baxış bucağı, fərqli yanaşma deməkdir. Bundan əlavə, istədiyimiz vaxt evdən işləmə imkanımız var. İş yerində ana-uşaq otaqları var; övladınızı işə gətirib orada baxa bilərsiniz. Bir sözlə, rahat iş mühiti var.

 

İşdən sonra da müxtəlif dərnək və klublara qoşulma imkanınız var. Məsələn, mən “Amazon”un futbol komandasına qoşulmuşam. Düzdür, çox da yaxşı oynaya bilmirəm, amma idmanla məşğul olmaq baxımından yaxşıdır (gülür).

 

“Amazon” kimi şirkətdə çalışmaq sizə hansı avantajlar verir? 

 

“Amazon” nəhəng şirkətdir. Şirkətin hədəfi 1 milyon işçiyə sahib olmaqdır, hazırda 700 min işçi var. Qlobal şirkətdir, dünyanın əksər bölgələrində əməliyyatlarımız var. Bu mənada, dünyanın istənilən yerində işləmə imkanımız var. Biz gənclər üçün səyahət edib dünyanı görmək əsas həyat prioritetlərimizdən biridir – səyahət etmək bizi xoşbəxt edir. Mərkəz Amerikada Sietl şəhərindədir, orada işləmək imkanı var. Bu şirkətdə konkret iş tanımı yoxdur. Yəni istədiyin vaxt sənə maraqlı olan başqa bir layihə üzərində işləyə bilərsən. Bu da bir üstünlükdür. Çünki müəyyən müddətdən sonra iş sıxıcı gələ bilər, istədiyin vaxtı müdirinlə danışıb başqa işləri görə bilərsən.

 

Daha sonra bizdə özünü inkişafa əhəmiyyət verilir. Mənə faydalı olacaq konfrans, seminar və təlimləri müəyyən edib iştirak edirəm. Bu mənada şirkət mənə dəstək verir.

 

Portalın idarə edilməsində, sistemində hansı yüksək texnologiyalardan, süni intellektdən istifadə edilir? 

 

“Amazon”da elmi yanaşmalara böyük əhəmiyyət verilir. Bu mənada minlərlə mütəxəssis işə götürülür və onların bacarıqlarından istifadə edilir. Böyük Data dövründə yaşayırıq – bizim şirkətdə hər sutka ərzində bir milyon yeni data əmələ gəlir. Bütün bunlardan istifadə etməklə müştərilərimizə daha yaxşı xidmət göstərə biləcəyimizə inanırıq. Ona görə də süni intellekt modellərindən istifadə edilir. Bu mövzu konfidensial olduğu üçün çox da detalları izah edə bilməyəcəyəm. Bir də əvvəl bəhs etdiyim kimi, robotlaşdırılmış mərkəzlərimiz var ki, onlar elmin ən son nailiyyətlərindən istifadə edilərək hazırlanıb.

 

 

Azərbaycanda “Amazon” tipli portalın yaradılması və inkişafının hansı potensialı var? 

 

Potensial həmişə var, sadəcə ondan istifadə etmək məsələsi çətindir. Məsələn, Dubayda “Souq” adlı onlayn platforma var idi. Özlərini inkişaf etdirdilər, bütün Ərəbistan yarımadasına fəaliyyətlərini yaydılar. Daha sonra “Amazon” həmin şirkətdə daha böyük potensial gördüyü üçün milyonlarla dollara satın aldı. Bizdə də bu mümkündürmü? Məncə, mümkün olmayan heç nə yoxdur. Sadəcə elmə əsaslanan idarəetmə, böyük vizyon lazımdır. Yavaş-yavaş Gürcüstan bazarına girməklə böyümək olar, Rusiyaya açılmaq olar və s. minlərlə insana iş vermək olar. 

 

IT mütəxəssislərimizin bilik səviyyəsi, bacarıqları oradan necə görünür? 

 

Bizdə potensiallı insanlar həddən artıq çoxdur. Əvvəl də dediyim kimi, bu potensialdan istifadə məsələsi bizdə qəlizdir. MIT, UCLA, Oxford məzunu şəxslərlə işləmişəm. İnanın, elə tələbələrim olub ki, onlardan qat-qat yüksək potensiala sahibdirlər. Ya bunun fərqində olmadıqlarından, ya başqa səbəblərdən elə yerində saymaqla məşğuldurlar. Üç il yarım Bakı Mühəndislik Universitetində dərs demişəm, hər zaman çalışmışam ki, tələbələrimə potensiallarının fərqində olmağı öyrədim. Çünki potensialını bilən və ondan istifadə etmək üçün konkret planı olan insanların uğur qazanma imkanları kifayət qədər yüksəkdir. İndi dünya hamıya açıqdır, hər bir şəxs yüksək vəzifəyə keçə bilər. İstərdim ki, böyük şirkətlərdə, idarələrdə bizim həmvətənlərimiz yüksək vəzifələr tutsunlar və ən əsası, gənclərə yol göstərsinlər, əl tutsunlar.

 

Hansı planlarınız var?

 

Əsas planım özümü mümkün qədər inkişaf etdirmək, daha yuxarı vəzifələrə gəlmək və bu sahədəki gənc həmvətənlərimizə yol göstərməkdir. Gənclərin özünü inkişafında rol oynamaq mənə xüsusi zövq verir.

 

 

Cavid QƏDİR

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox