AZ

London taksilərin xidmət haqqı azalacaqmı? – Ekspert ölkəyə gətiriləcək elektrik mühərrikli taksilərin qiymətə təsirindən danışdı

6d30ed584640390d1e4e260bc8ab0c35.jpg
17.01.2020 15:57

Bu yaxınlarda Prezidentin qəbulunda olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Bakıya 100 ədəd elektrik mühərrikli London taksilərin gətiriləcəyini dedi. Belə bir sual yaranır – yeni avtomobillər sayəsində London taksilərin xidmət haqqı azalacaqmı?

 

TED.az London taksiləri haqqında əvvəlcə elə öz müştərilərindən soruşdu.

 

Hümbət İsmayılov yaxın zamanlarda London taksidən istifadə edib və deyir ki, qiymətlər çox bahadır: “Ailəmlə birlikdə xaricdən qayıdarkən Bakı Hava Limanından evə qədər London taksi xidmətindən istifadə etdim. Bir şeyi bildim ki, bu səhvi bir daha etmərəm. Mən elə düşünürdüm ki, London taksiləri sərfəli xidmət göstərir. Sərnişinlərin çıxılmaz vəziyyətindən istifadə edərək vətəndaşların büdcəsini zədələyir. Taksi yerindən tərpənməmiş 3 manat yazır. Bir kilometrin qiyməti 80 qəpik olsa da, 15 km-lik məsafə üçün 25 manat ödədim”.

 

Üzgüçülük üzrə yığma komandamızın üzvü Alsu Bayramova isə London taksilərin bir cümlə ilə xarakterizə etməyi seçdi: “London taksilərin dilinə görə dilçəyi də var”.

 

A.Bayramova bildirdi ki, həmin taksi xidmətindən bir neçə dəfə istifadə edərək tamamən razı qalıb: “London taksiləri genişdir və bir neçə insan oraya rahat yerləşə bilər. Bundan əlavə, adi taksilərdən fərqli olaraq bu xidmətin işçiləri sərnişinlərlə lazımı məsafəni saxlayaraq yüksək keyfiyyətli xidməti təmin edirlər”.

 

Sərnişinlərin rəylərini nəzərə alaraq araşdırma etdik. Araşdırma zamanı məlum oldu ki, London taksilərinin “28 may” metro stansiyasının yanından Bakı Dövlət Universitetinə qədər təşkil etdiyi xidmət haqqı 6 AZN-dir. Halbuki digər taksi xidmətlərində həmin məsafə üçün qiyməti 2,50-4 AZN təşkil edir.

 

Bütün bunlar bir yana, bəs ekspert bu barədə nə deyir?

 

Yeni elektrik mühərrikli taksilərin Bakıya gətirilməsi məsələsi ilə bağlı nəqliyyat üzrə mütəxəssis Eldəniz Cəfərovla həmsöhbət olduq.

 

Eldəniz Cəfərov elektrik mühərrikli London taksilərinin Bakıya gətirilməsini şəhərin ekoloji vəziyyətində böyük rol oynayacağını deyib: “Bakı Azərbaycanın paytaxtı olaraq böyük sənayə şəhəridir. Elektrik mühərrikli London taksilərinin Bakıya gətirilməsi şəhərin ekologiyasına müsbət təsir edəcək. Əvvəllər paytaxtda ekologiyaya zərər verməyən tramvaylar fəaliyyət göstərirdi. Tramvay manəesiz hərəkət etdiyinə görə tıxaca düşmürdü və hamı vaxtında işə çata bilirdi. O da, elektrik mühərrikli taksilər kimi yanacaqsız işləyən nəqliyyat vasitəsi idi. Daha sonra tramvay yolları yığışdırıldı və yanacaqla işləyən avtomobillər dəbə düşdü. Bir neçə il əvvəlki vəziyyəti düzəltmək üçün dünya nəqliyyatı yeni ekosistemə keçdi, Azərbaycan da dünya trendlərinin ardınca gedərək ekologiyaya zərər verməyən nəqliyyat vasitələri almağa başlayıb, nəqliyyat infrastrukturunu dəyişdirdi. Bu çox sevindirici haldır. Hazırda paytaxtımızda sıxılmış qazla işləyən avtobusların, elektrik mühərrikli avtomobillərin xidmət göstərməsi, nəinki Bakının, ölkəmizin bütün şəhərlərinin ekoloji sistemini yaxşılaşdıracaq”.

 

 

E.Cəfərov elektrik mühərrikli London taksilərinin xidmət haqqına təsir edib-etməyəcəyi barədə də fikrini bölüşüb: “Düşünürəm ki, yanacaqsız işləyən belə bir nəqliyyat vasitəsinin ölkəmizə gətirilməsi bir xeyli dəyişikliklərə səbəb olacaq. İstənilən yeni məhsulun ərsəyə gəlməsi rəqabət prosesinin dərinləşməsinə gətirir. London taksiləri başqa taksi xidmətlərindən fərqlənib müştəri auditoriyası yığması üçün məcburən rəqabət prosesinə qoşulacaq. Rəqabət prosesi də ki, qiymətlərin dəyişikliyinə şərait yaradacaq. Zənnimcə, gətiriləcək nəqliyyat vasitələrinin xidmət haqqı həm rəqabət məsələsinə görə, həm də yanacaq tələb olunmadığına görə enəcək”.

 

Fatimə ZÜLFİQAR

 

TED + bölməsindən digər xəbərlər

Daha çox