AZ

Azərbaycanın dünyaca məşhur texnoloji brendi formalaşa bilərmi? – Mütəxəssislər nikbindir, lakin...

792c962fb1b389424b41bb13393da220.jpg
17.01.2020 17:51

Belə bir deyim var ki, dünyanı şirkətlər idarə edir. Bu şirkətlər çoxaldıqca və gücləndikcə sərhədlər aradan qalxır, qloballaşma sürətlənir. Bu şirkətlərin demək olar ki, çoxu texnoloji brendlərdir. Almaniya ən güclü texnoloji şirkətlərin vətəni hesab edilsə də, ABŞ-dan aslıdır. Bu asıllığa səbəb Almaniyanın əsgər sayının az olması deyil, ABŞ-ın dünyaya İnformasiya-Texnologiyaları satmasıdır.

 

Bildiyimiz kimi, Cənubi Koreya kiçik bir dövlət olsa da, onun dünyaca məşhur Samsung şirkəti mövcuddur. Bu gün demək olar ki, hər 10 adamdan 8-i Samsunga məxsus texnoloji vasitələrdən istifadə edir.

 

 

Cənubi Koreya təcrübəsi adamı “iştahlandırır”. Görəsən, bizim də texnoloji brendimiz ola bilərmi? Məsələn, çox maraqlıdır ki, Azərbaycanı dünyada tanıda biləcək şirkət nə istehsal edə bilər. Bundan da daha maraqlısı, bu şirkətin yaranması üçün nələrin lazım olmasıdır.

 

“Texnologiya böyük olmayan ölkələrə də öz məhsulunun dünyaya tanıtdırmaq və yaymaq imkanı yaradır”.

 

V çağırış Milli Məclisin deputatı Tahir Mirkişili TED.az-a açıqlamasında bildirib ki, müasir dünya texnologiyalar dünyasıdır: “Texnoloji brendin yaranması və yayılması imkanları indi daha genişdir. Texnologiya böyük olmayan ölkələrə də öz məhsulunun dünyaya tanıtdırmaq və yaymaq imkanı yaradır. Azərbaycanda əvvəllər belə cəhdlər olub. Lazer kompüter, Nexus notbuk və bir neçe proqram təminatı brendləri yaranıb və xarici bazarlara da çıxa biliblər. Amma dünya bazarına çıxmaq, geniş coğrafiyada fəaliyyət göstərmək daha çox peşəkarlıq və maliyyə imkanları tələb edir. Azərbaycanın vətəndaşa xidmət brendi olan ASAN Xidmət şirkəti artıq dünyada tanınır və digər ölkələrə də yayılır. Düşünürəm ki, hazırda regionda Azərbaycanın siyası və iqtisadi əlaqələri sahibkarlara öz texnoloji brendlərini yaradaraq ən azı region ölkələrinə çıxmağa imkan verir. Bunu üçün bilik və peşəkarlığı artırmaq, yeni texnologiyaları mənimsəmək lazımdır. Ən əsası isə yeni ideyalara sahib olmaq və bu ideyaların kommersiyalaşmasını bacarmaq lazımdır. İnanıram ki, bizdə bu potensial var”.

 

 

“Potensialı real iqtisadi nəticələrə çevirmək üçün çalşmaq lazımdır”.

 

“Belə brendləri yaratmaq üçün maddi baza, bilik və peşəkarlıq mövcuddur, amma yetərli deyil. Bunun üçün yaranan brendlərin hazırlıq səviyyəsi daha yüksək olmalıdır. Texnoloji sahədə beynəlxalq standartlar çox yüksəkdir. Həm də ən əsası yeni ideyalar ortaya çıxarılmalıdır. Əslində bu proses ölkədə gedir, startap hərəkatı genişlənir. Brendin yaranması özü çox mürəkkəb məsələdir, onu, həm də insanlar psixoloji cəhətdən qəbul etməlidir. Yaranan şirkət hər kəsə faydalı və texnoloji yeniliklərə sahib olmalıdır”, – deyə T.Mirkişili bildirib.

 

“Azərbaycan üçün də texnoloji brendlərin yayılması və tanıdılması hədəflərdədir. Amma etiraf etmək lazımdır ki, bu prosses zaman tələb edir”.

 

İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, texnoloji brendin yaradılması və dünyaya tanıdılması zaman tələb edir: “Texnoloji brendlərin böyük bir qismi ABŞ və Avropa Birliyinin payına düşür. Bu ölkələrdə daha çox texnoloji brendlərin yaradılması, yayılması, tanıdılması halları müşahidə olunur. Azərbaycan üçün də texnoloji brendlərin yayılması və tanıdılması hədəflərdədir. Amma etiraf etmək lazımdır ki, bu proses zaman tələb edir. Çünki nəticə etibarı ilə ABŞ və digər ölkələr praktik olaraq qlobal güclərdir. Onların qlobal gücünün olması, texnoloji brendlərinin daha qısa zamanda tanınmasına imkan verir”.

 

 

Vüqar Bayramovun fikrincə, Azərbaycan texnologiya ilə yanaşı, innovativ sektorlarda da müəyyən brend yaratmağa çalışır: “Azərbaycanın kosmosdakı peykləri və onun üzərindən yayımların həyata keçirilməsi, xidmətin təklif olunması innovativ bir brenddir. Lakin texnoloji brendlərin yaradılması ilk növbədə regionda olmalıdır. Məsələn, Xəzər avtomobillərinin keyfiyyətinə ciddi nəzarət edilməsi, sənaye məhsulu olaraq region ölkələrində tanıdılmasına ehtiyac var. Konkret texnologiyaya gəldikdə isə Azərbaycan keçmiş SSRİ dövründə neft avtomatlaşdırmaları və texnologiyası üzrə ixtisaslaşmış respublikalardan biri idi. Düşünürəm ki, indiki məqamda Azərbaycanın neft ölkəsi olduğunu nəzərə alsaq, bu sahədə brendləşmə mümkündür”.

 

“Yetişən mütəxəssislərin hamısı münbit şərait və yüksək əməkhaqqı olduğuna görə xaricə üz tuturlar. Onlar burda olmadığına görə də, yerdə qalan şirkətlər mütəxəssis azlığından əziyyət çəkir”

 

“Microsoft”un Azərbaycan üzrə rəhbəri Qaçay Mirzəyev bildirib ki, ölkəmizdə texnoloji brendin yaradılması ilə bağlı həlli mütləq olan problemlər var: “Hər ölkədə brendlərin formalaşmasının fərqli səbəbləri var. Bizim ölkədə texnoloji brendlərin yaradılmasında əsas problem mütəxəssis çatışmazlığıdır. Bizdə texnoloji brendi yaratmaq üçün həm elm tutumlu, həm də texniki bilikli insanların olması vacibdir. Amma təəssüflər olsun ki, Azərbaycanda nə birinci, nə də ikinci yetərli səviyyədə deyil. Yetişən mütəxəssislərin hamısı münbit şərait və yüksək əməkhaqqı olduğuna görə xaricə üz tuturlar. Onlar burda olmadığına görə də, yerdə qalan şirkətlər mütəxəssis azlığından əziyyət çəkir. Bu da ancaq istifadəçi səviyyəsində texnologiyanın istehlakına gətirib çıxarır. Yəni hazırda təkmilləşdirməyə və ortaya qoymağa bir brend yoxdur”.

 

 

“Bəzi şirkətlərin brendləri var və onlar həmin markalar üzərində işləmək istəyirlər”.

 

“Sadəcə bizim ölkədə rəqabət mühiti hələ istənilən səviyyəyə çatmayıb. Bu da, texnoloji brendi yaratmaq istəyən şirkətə istənilən səviyyədə pul qazanmağa və yatırım etməyə imkan vermir. Nəticədə həmin şirkətin brend kimi formalaşması ləngiyir. Bu istiqamətdə ölkəmizdə irəliləyiş görsənir, yəni son zamanlarda xeyli müsbət addımlar atılır. 4-5 il əvvəl heç bir şirkət bazarda özünə yer tapa bilmirdi. Amma düşünürəm ki, tendensiya indiki vəziyyətdə davam eləsə, yəqin ki, yaxın 1-2 ilə Azərbaycanın texnoloji brendi ən azından MDB məkanında formalaşacaq. Həmin brendi dünyaya çıxarmağın mümkün olacağını hesab etmirəm. Düşünmürəm ki, Azərbaycandan ikinci Feysbuk, Viber kimi şirkətlər çıxacaq. Bizim o səviyyəyə çatmağımız üçün 5-10 il lazımdır. Amma bizim insanlar çox savadlıdır. Onlara şərait yaradılarsa, dəstək olunarsa, texnoloji brend yaratmaq üçün şansımız yüksəkdir”, - deyə Q.Mirzəyev əlavə edib.                                                                           

Nuranə DAXİLQIZI

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox