AZ

Kriptovalyuta bazarında hansı dəyişikliklər gözlənilir? – EKSPERTDƏN AÇIQLAMA

392fd7a2520c969878f9a3709184622f.jpg
17.01.2020 22:00

“Rəqəmsal valyutanın inkişafı davam edəcək”.

 

“2020-ci ildə kriptovalyuta bazarı maraqlı hadisələrlə yadda qalacaq. Fikrimcə, bu il və bundan sonrakı dövrlərdə rəqəmsal valyutanın inkişafı davam edəcək. Bu inkişaf ilkin olaraq hüquqi sahədə mövcud olan bir neçə qeyri-müəyyənliyi aradan qaldıracaq. Hazırda bir neçə ölkədə kriptovalyutanın statusu qeyri-müəyyəndir. Bəzi dövlətlərdə isə milli valyutaların rəqəmsallaşdırılması üzərində işlər aparılır. Məsələn, Çin Yuan-ının rəqəmsallaşdırılması üçün rəsmi Pekin tərəfindən blokçeyn texnologiyasına investisiyalar edilir və mütəmadi araşdırmalar aparılır. Eyni zamanda, kriptovalyutanın inkişafında və yayılmasında böyük rol oynayan ölkə, yəni ABŞ-da “Kriptovalyuta Aktı 2020” ötən ilin son ayında müzakiəyə qoyulub və yaxın zamanlarda təsdiqlənməsi gözlənilir. Bu akta əsasən, kriptovalyutaların bölgüsü təyinatına görə olacaq və tanınma prosesi sadələşəcək”.

 

Bunu TED.az-a açıqlamasında kriptovalyuta üzrə ekspert Hüseyn İbadov deyib.

 

 

Feysbuk librası kriptovalyuta kimi tətbiq olunacaqmı? – GÖZLƏNTİ

 

Hüseyn İbadovun son bir həftədə Avropa ölkələrinin AML direktiv tətbiqinə başlamasına diqqət çəkib: “Bu direktivə əsasən bir çox Avropa ölkələrində kriptovalyuta istifadəçilərinin yoxlanılması aparılacaq. Bəzi analitiklərin fikrincə, bu məxfilik hüququna toxunacaq. Bu kimi səbəbə görə də, istifadəçilərin sayı azalacaq. Amma buna baxmayaraq, istifadəçilərin rəqəmsal valyutaya olan marağı azalmayıb. Düşünürəm ki, bu il baş verəcək hüquqi dəyişikliklər və Blokçeyn texnologiyasında təkmilləşmələr Feysbuk librasının kriptovalyuta kimi tətbiqinə, kriptovalyuta bazarının inkişafına müsbət təsir edəcək, istifadəçilərin sayının artımına gətirib çıxaracaq”.

 

“Azərbaycanda kriptovalyutanın inkişafı üçün birincisi hüquqi tənzimləmələr aparılmalıdır. Təbii ki, bu tənzimləmə kommersiya obyektlərinin rəqəmsal valyuta ilə ödənişlər qəbul etməsinə imkan verəcək. Bunun üçün bir çox qurumların və ekspertlərin birgə addım atması vacibdir. İkincisi, ATM-lərin quraşdırılması ilə kommersiya obyektlərinin bu valyuta ilə ödənişlərinin təmin olunmasıdır. Üçücüsü isə rəqəmsal valyutanın faydaları barədə maarifləndirmə işlərinin aparılmasıdır. Ölkə vətəndaşlarının bir çoxu kriptovalyutaların müsbət funksiyaları barədə məlumatsızdırlar. Kriptovalyutanın qlobal sferada müsbət tendensiyaları gələcəkdə Azərbaycanda da tətbiqinə təkan verəcək”, – deyə ekspert əlavə edib.

 

Zeynəb ƏKBƏR

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox