AZ

502 radar, 617 videokamera və 296 nömrəoxuma sistemi quraşdırılıb, amma... – AÇIQLAMA

33e7449db679b617a19a01849c6e3985.jpg
21.01.2020 18:10

"Yol polisinin maddi-texniki bazasının müasirləşməsi, xidmətin “elektron hökumət” dövlət proqramına uyğun qurulması, qayda pozuntularının texniki vasitələrlə aşkarlanması müasir innovasiyaların tətbiqinə geniş imkan yaradıb".

 

TED.az xəbər verir ki, bunu 2019-cu ildə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində görülən işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi zamanı Daxili İşlər Nazirliyi Baş İdarəsinin rəisi Ramiz Zeynalov deyib.

 

Onun sözlərinə görə, ötən il avtomobil yollarında foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə yol hərəkətinə nəzarət daha da gücləndirilib: "Bütövlükdə 502 radar, 617 videokamera və 296 nömrəoxuma sistemi və digər xüsusi texniki vasitələr quraşdırılıb".

 

Baş İdarə rəisi qeyd edib ki, yaradılan imkanlardan istifadə etməklə əməkdaşlar ötən il ərzində 3,3 milyona yaxın yol hərəkəti qayda pozuntusu aşkarlayıblar: "Onların 64 faizi xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınıb. Qayda pozuntularına görə 7 min 316 nəfərin sürücülük hüququ məhdudlaşdırılıb".

 

R.Zeynalov bildirib ki, görülmüş tədbirlərə baxmayaraq ötən il respublika ərazisində 1870 yol-nəqliyyat hadisəsi qeydə alınıb: "Nəticədə 821 nəfər həlak olub, 1702 nəfər xəsarət alıb. Bu da 2018-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin sayının 53 fakt, onların nəticəsində həlak olanların sayının 99 nəfər artması, xəsarət alanların sayının isə 9 nəfər azalması deməkdir".

 

Cavid QƏDİR

TED + bölməsindən digər xəbərlər

Daha çox