AZ

Elektron ipoteka sisteminin çökməsinin SƏBƏBİ – Təxminən 9 milyon manat xərclənən sistemin fəaliyyəti nə zaman bərpa olunacaq?

fbbb3fcb1974ef765acbae241178fdf1.jpg
22.01.2020 13:35

Bu gün səhər saat 10-da vətəndaşların kirayə evlər üçün İpoteka və Kredit Zəmanət Fonduna elektron formada müraciəti başlamalı idi. Lakin sözügedən proses başlamadan, səhər saatlarından sistem çökdü.

 

 

Sistemdə baş verən problemdən dolayı haqlı olaraq diqqət Elektron Hökumətin İnkişafı Mərkəzinə (EHİM) yönəldi. Bəzi mütəxəssislər problemin EHİM-dən qaynaqlandığını düşündülər.

 

EHİM-in mətbuat xidmətindən TED.az-a verilən açıqlamada mövcud problemin e-gov.az portalı ilə bağlı olmadığını bildirib: “Hazırda “Elektron ipoteka və kredit zəmanət” sistemində yaranan problem e-gov.az portalı ilə əlaqədar deyil. e-gov.az portalında heç bir nasazlıq müşahidə olunmur. Yaranmış problemə görə İpoteka və Kredit Zəmanət Fonduna müraciət edilməlidir. Çünki “Elektron ipoteka və kredit zəmanət” sisteminə İpoteka və Kredit Zəmanət Fondu cavabdehdir”.

 


 

İpoteka və Kredit Zəmanət Fondundan verilən açıqlama da isə mütəxəssislərin yüklənmə ilə bağlı ehtimalı öz təsdiqini tapdı: “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə 22 yanvar 2020-ci il tarixində başlanmış elektron müraciətlərin qəbulu prosesində “Elektron hökumət” portalına istifadəçi daxilolmalarının və aparılan əməliyyatların sayının kütləvi xarakter daşıması və digər texniki səbəblərdən portal artıq yüklənməyə məruz qalıb. Nəticədə “Elektron ipoteka və kredit zəmanət sistemi” (Elektron sistem) üzrə müraciətlərin qəbulunda problemlər yaranıb”.

 

“Hazırda Fond aidiyyətı təşkilatlarla birlikdə Elektron sistemin dayanıqlı, etibarlı və təhlükəsiz fəaliyyətinin bərpası və sistemin hər bir istifadəçisinə bərabər şəraitin təmin olunması üçün bütün zəruri tədbirləri həyata keçirir.

Bildirmək istərdik ki, qeyd olunan texniki problemlər aradan qaldırıldıqdan və bu halların təkrarlanmaması üçün zəruri tədbirlər həyata keçirildikdən sonra vətəndaşlara Fond tərəfindən əlavə məlumat veriləcək”, – deyə fondun açıqlamasında bildirilir.

 

Qeyd edək ki, yerli mediada və sosial şəbəkələrdə yayılan məlumata görə İpoteka və Kredit Zəmanət Fondu "Elektron ipoteka” sisteminin yaradılması üçün CyberNet şirkətinə təxminən 6 000 000 manat, sistemin təkmilləşməsi üçün GT Solution şirkətinə isə təxminən 3 000 000 manat vəsait xərcləyib.

 

Zeynəb ƏKBƏR

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox