AZ

Amazonda işləmək FÜRSƏTİ VAR – Şirkətdə çalışan həmyerlimiz nələri məsləhət gördü?

14c40f94281d2e7eefd2995a691638e1.jpg
22.01.2020 15:27

Dünyanın ən böyük onlayn satış platformalarından olan “Amazon”da işə başlamaq çoxlarının arzusudur.

 

TED.az bunun üçün hansı mərhələlərdən keçmək lazım olduğunu öyrənmək üçün şirkətin Avropa Birliyi Mərkəzində biznes analitik kimi çalışan həmyerlimiz Yaşar Əhmədlinin fikirlərini öyrənib.

 

Mütəxəssis qeyd edir ki, birinci növbədə CV-ni dolğun və sənəd verəcəyiniz vəzifəyə uyğun hazırlamaq lazımdır: ““Amazon” da digər böyük şirkətlər kimi, “Applicant Tracking System”dən (ATS - Namizəd İzləmə Sistemindən) istifadə edir. Bu isə o deməkdir ki, CV-lərin əksəriyyəti insan oxumadan sistem tərəfindən silinir. Namizdəlik üçün Amazon.jobs saytına daxil olub hesab açmaq lazımdır. Bu addım çox sadədir və CV-nizi bir dəfə yükləməklə istədiyiniz qədər vakansiyaya sənəd verə bilərsiniz. Bundan başqa, portalda arzuladığınız vakansiyaları açar sözləri yazmaqla axtara bilərsiniz. Daha sonra ölkə üzrə filterləmək olar. Vakansiyanın linkini açıb orada “Apply Now” düyməsinə klik edərək sənəd verə bilərsiniz”.

 

 

Yaşar Əhmədli vurğulayır ki, “Amazon” çox dinamik şirkətdir və bu mənada HR da istisna deyil: “Əksər hallarda 2-3 gün içində sizə cavab veriləcək. Əgər CV-niz ATS-i keçibsə və HR baxıb bəyənibsə, müraciətinizin statusu “Under Consideration”a dəyişir. Yox, əgər müraciətinizin cavabı mənfidirsə, avtomatik olaraq “Archived” bölməsinə keçir”.

 

 

O deyir ki, əgər müraciət müsbət qarşılansa, ilkin olaraq HR, daha sonra isə işə götürən müdir namizədlə danışır: “Əgər hər şey yaxşı keçsə, sizi 5 saatlıq intervyu gözləyir. Məndə müsahibə onlayn olmuşdu və 5 fərqli insanla danışmışdım. Kiçik analitik testi həll etməniz istənilir (onlayn olaraq)”.

 

Mütəxəssis qeyd edir ki, “Amazon”un digər şirkətlərdən fərqi müsahibələrin fərqli olmasıdır: “Məsələn, mənə demək olar ki, heç bir texniki sual verilmədi. Bu şirkətin “Liderlik Prinsipləri” var və suallar onlarla bağlı olur. Qısa desək, hər bir “Amazon” işçisindən (fəhlə və ya rəhbər şəxs olmasından asılı olmayaraq) liderlik prinsiplərini mənimsəmiş olması və işində tətbiq etməsi gözlənilir. Bu prinsiplər şirkətin qurucusu Ceff Bezos tərəfindən müəyyən olunub və şirkətin uğurlarının meyarlarından hesab olunur. Bu barədə “Google”da “Amazon Leadership Principles” axtararaq ətraflı məlumat əldə etmək olar”.

 

 

Y.Əhmədlinin sözlərinə görə, iş seçimi edərkən ölkəyə də fikir vermək lazımdır: “Bəzi ölkələrdə xaricilərin işə qəbulu çətindir. Məsələn, siz Azərbaycan vətəndaşı olaraq Amerikada bir pozisiyaya sənəd versəniz, ora seçilmə ehtimalınız həddən artıq aşağıdır. Amma Lüksembuq, Polşa, Körfəz ölkələrində ekspatlara böyük ehtiyac olduğu üçün oralara seçilmə şansınız yüksəkdir”.

 

Biznes analitik onu da nəzərə çatdırıb ki, hazırda şirkətin Lüksemburq ofisində işləmək üçün müxtəlif sahələrdən olan praktikantlar axtarılır: “Onların əksəriyyətinə Avropa Birliyində yaşayış icazəsi tələb olunur. Amma daimi işlər üçün belə məhdudiyyət yoxdur”.

 

Praktikant vakansiyaları ilə aşağıdakı linklərdə tanış ola bilərsiniz:

 

https://www.amazon.jobs/en/jobs/937119/business-analysis-internship?mode%5B%5D=view

https://www.amazon.jobs/en/jobs/937121/business-intelligence-internship?mode%5B%5D=view

https://www.amazon.jobs/en/jobs/937140/software-development-internship?mode%5B%5D=view

https://www.amazon.jobs/en/jobs/937143/applied-science-internship?mode%5B%5D=view

https://www.amazon.jobs/en/jobs/937144/finance-internship?mode%5B%5D=view

https://www.amazon.jobs/en/jobs/937145/project-management-internship?mode%5B%5D=view

 

Cavid QƏDİR

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox