AZ

Səudiyyə şahzadəsi Ceff Bezosun telefonuna kiberhücum təşkil edib – İDDİA

dbef4f7472b95173f70c6fc5cbf10a7f.jpg
23.01.2020 09:52

Məşhur onlayn satış mağazası "Amazon"un qurucusu Ceff Bezosun mobil telefonunun 2018-ci ildə Səudiyyə Ərəbistanının vəliəhd şəhzadəsi Məhəmməd ibn Salman şifrəli bir "WhatsApp" mesajı aldıqdan sonra kiberhücuma mərz qaldığı iddia edilir.

 

TED.az xarici mətbuata istinadən xəbər verir ki, iddianın İngiltərənin "The Guardian" qəzeti ortaya atıb.

 

Qəzetin məlumatına görə, ibn Salman adı ilə qeyd edilən nömrədən gələn mesajda "Spyware" adlı təhlükəli proqram yerləşdirilib və bu proqram sayəsində C.Bezosun telefonundakı məlumatlara giriş edilib.

 

"The Guardian" qəzetinə açıqlama verən, ancaq adı gizli saxlanılan bir mənbə də "Spyware" proqramı göndərilmədən öncə Bezos və ibn Salmanın "WhatsApp"da dostyana şəkildə mesajlaşdıqlarını deyib.

 

Xəbərdə göndərilən zərərli mesajdan qısa müddət sonra Bezosun telefonundan böyük miqdarda məlumat kopyalandığı deyilir.

 

Qəzet Bezosun telefonuna kiberhücumla "Washington Post" qəzetinin müxbiri Camal Qaşıqçının öldürülməsi arasında əlaqə də qurub. Xəbərdə Bezosun "Washington Post"u 2013-cü ildə satın aldığına və Qaşıqçının Bezosun telefonuna kiberhücumdan beş ay sonra öldürüldüyünə diqqət çəkilib.

 

 

Bezosun telefonuna kiberhücumdan sonra, 2019-cu ildə şəxsi həyatına dair materiallar da mətbuata sızmağa başlayıb. 2019-cu ilin yanvarında ABŞ-ın bulvar qəzetlərində Bezosun evlilikdənkənar münasibəti olduğuna dair xəbərlər və fotolar yer alıb. Sözügedən skandaldan sonra Bezos həyat yoldaşından ayrılmaq məcburiyyətində qalmışdı.

 

 

Səudiyyə Ərəbistanı "The Guardian"da yer alan iddiaları qəbul etməyib. ABŞ-dakı Səudiyyə Ərəbistanı səfirliyi Tvitterdə yayımladığı açıqlamada vəliəhdin Ceff Bezosun telefonuna kiberhücum təşkil etdiyi ilə bağlı xəbərləri təkzib edib.

 

Dünya bölməsindən digər xəbərlər

Daha çox