AZ

Bu agentliyin SOCAR-ın ROCWEB informasiya portalına giriş imkanı təmin olunub

ec9626ddbafc07c20745d6ef5767f60d.jpg
23.01.2020 16:50

"Ölkədə nəql olunan, paylanan və istehlak olunan qazın keyfiyyət göstəricilərinə və digər parametrlərinə daha ətraflı, operativ nəzarət edilməsi məqsədilə SOCAR-ın “ROCWEB” informasiya portalına Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) giriş imkanı təmin edilib".

 

TED.az xəbər verir ki, bu, AERA-nın 2019-cu ilin yekunları üzrə görülmüş iş və tədbirlər barədə hesabatında yer alıb.

 

Hesabatda qeyd olunub ki, “ROCWEB” informasiya portalı vasitəsilə aşağıda qeyd olunanlara agentlik tərəfindən nəzarət edilir və müvafiq tədbirlər görülür:

 

- qazın saatlıq və gündəlik sərfi;

- qazın təzyiqi, diferensial təzyiqi;

- qazın temperaturu;

- qazın tərkibində havanın miqdarı;

- qaz ölçü qovşaqlarındakı nasazlıqlar;

- qazın xüsusı çəkisi;

- qazın keyfiyyət göstəriciləri və digər komponent tərkibləri (metan, etan, propan, oksigen və s);

- qazın istilik törətmə qabiliyyəti;

- qazın “vobbe” ədədi;

- sərf ölçmə qovşağında borunun, daraldıcı qurğu və dəliyinin diametri və s.

 

Bununla yanaşı, “ROCWEB” informasiya portalından agentlik tərəfindən aşağıdakı məqsədlər üçün də istifadə edilir:

 

- qaz resurslarından səmərəli və qənaətlə istifadə olunmasına nəzarət edilməsi və tənzimləmənin həyata keçirilməsi;

- ölkənin yanacaq-enerji balansının tərtib edilməsi və onun yerinə yetirilməsinə nəzarət;

- qaz istehsalı və istehlakı proqnozlarının hazırlanması və həyata keçirilməsi;

- dövlət müəssisələrində qazdan istifadə üzrə istehlak limitlərinin müəyyənləşdirilməsi;

- müvafiq sahədə fəaliyyət göstərən dövlət müəssisələrində hər il üçün yanacaq-enerji resurslarının istifadəsinin, itkilərinin və texnoloji sərfiyyat normalarının müəyyən edilməsi.

 

Hesabatda, həmçinin elektrik enerjisinin keyfiyyət göstəriciləri və uçotuna nəzarət barədə məlumatların əldə olunması üçün “Azərenerji” ASC-də istifadədə olan “SCADA” proqram təminatına agentliyin giriş imkanının təmin edilməsi istiqamətində işlərə başlanıldığı vurğulanıb.

 

Sənəddə qeyd olunub ki, “SCADA” proqram təminatı vasitəsilə aşağıdakı məlumatların əldə olunması gözlənilir:

 

- İstehsal edilən və ötürülən elektrik enerjisinə dair hesablaşmaların aparılması;

- Elektrik enerjisinin keyfiyyət göstəricilərinə və digər parametrlərinə daha ətraflı və operativ nəzarət.

 

Hesabatda bildirilib ki, enerji təchizatı müəssisələrindən kəsintilərə dair məlumatların operativ əldə edilməsi üçün vahid bazanın yaradılması istiqamətində texniki tapşırıq hazırlanaraq ASAN Xidmətə təqdim edilib: "Nəticə etibarilə, “İstehlakçıların qaz təchizatında kəsintilərə dair limitlərin müəyyənləşdirilməsi, kəsinti limitlərini keçməsinə görə istehlakçılara kompensasiya ödənilməsi Qaydaları”ndan, “Elektrik enerjisi təchizatında kəsintilərə dair limitlərin müəyyənləşdirilməsi və enerji təchizatı müəssisəsinin kəsinti limitlərini keçməsinə görə istehlakçılara kompensasiya ödəməsi Qaydaları”dan irəli gələn məlumat bazasının yaradılması üçün müəyyən təkliflər verilib".

 

Cavid QƏDİR

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox