AZ

Jurnalisti robot əvəz edə bilərmi? Hə, amma aktyora "Kendinizi neden dartıyorsunuz" sualını heç bir robot verə bilməz

64025c1d7340953c8ffcf0139d74e42c.jpg
24.01.2020 12:26

Texnologiyanın ən mühüm və inkişafda olan sahələrindən biri süni intellektdir. Bu gün böyük şirkətlər uğurlarına görə süni intellektə borcludur. Bəzi mütəxəssislər bir çox işlərdə robotların insanları əvəz etməsini çox yaxşı qarşılayırlar. Digərləri isə bunu faciə adlandırır. Robotlar, maşınlar bir çox prosesləri insandan daha sürətlə avtomatik yerinə yetirə bilir. 

 

Bildiyimiz kimi, bu gün bir çox sahələrdə süni intellektdən istifadə olunur. Qeyd etmək lazımdır ki, yaxın günlərdə Azərbaycan Beynəlxalq Bankında vətəndaşlara xidmət göstərməsi üçün xüsusi robot İŞ FƏALİYYƏTİNƏ başlayıb. Biz isə qayıdaq öz mövzumuza – jurnalistika və jurnalistlərə.

 

 

Bir neçə gün öncə Belarusda ilk dəfə insan müdaxiləsi olmadan həmsöhbətlərə mənalı suallar verə və cavablar əsasında nəşrlər üçün mətn hazırlaya biləcək süni intellekt sınaqdan keçirildi. Neyron şəbəkəsinin fikir liderləri ilə "danışması", hətta yerli nəşrlərdən birində jurnalist kimi fəaliyyət göstərməsi planlaşdırılıb.

 

Maraqlıdır, yaxın gələcəkdə jurnalistikanı süni intellekt idarə edə bilərmi?

 

TED.az olaraq tanınmış jurnalistlər arasında kiçik sorğu keçirdik.

 

“Robotların qərar qəbul etmə məqamlarında iştirakı real deyil”.

 

Bakı Dövlət Universitetinin professoru, tanınmış teletənqidçi Qulu Məhərrəmli: “Əlbəttə, texnologiya jurnalistikanın inkişafına ciddi təsir edir, iş prosesini xüsusi ilə məlumatın işlənməsini və yayılmasını xeyli asanlaşdırır. Amma bu sahədə robotların tətbiqi bir az mübahisəlidir. Məsələn, texniki proseslərin icrasında robotlardan istifadəsi mümkündür, lakin onların yaradıcı işdə istifadəsi, xüsusən qərar qəbul etmə məqamlarında iştirakı real deyil”.

 

 

“Bəzi jurnalistlərdən robotlar daha yaxşıdır”.

 

Jurnalist-ekspert Seymur Verdizadə: “Elə jurnalistlər var ki, onların robotlardan heç bir fərqi yoxdur. Baş redaktorlar qulaqlarına hansı sualları pıçıldayırsa, müsahiblərinə onları verirlər. Müsahiblə “söz döyüşdürməyə” nə intellekti çatır, nə də cəsarəti. Belə jurnalistdənsə, robotlar daha yaxşıdır. Buna rəğmən mən robortların jurnalistləri əvəz edə biləcəyini inandırıcı saymıram. Müsahibədən jurnalist qoxusu gəlməlidir”.

 

“Robotlaşmış jurnalistika ictimaiyyətə keyfiyyətli, dolğun, bol informasiya ötürə bilməz”.

 

Azad Azərbaycan Müstəqil Teleradio şirkətinin əməkdaşı Elnarə Dərziyeva: “30 il əvvəl kimin ağlına gələrdi ki, şüşəyə əlimizi toxundurmaqla okeanın o tayında yaşayan insanlarla görüntülü danışıb, hal-əhval tuta bilərik. Texnologiyanın inkişafına təəccüblənən dövr arxada qalıb. İndi yeniliklər əsridir. Belarusdan olan provayder Aleksandr Xmılın robot jurnalist layihəsi haqqında məlumatlıyam. Bu texnoloji cəhətdən media aləmində bir yenilikdi. Amma mən bu cür jurnalistikanın tərəfdarı deyiləm. Hansısa robot hazır sualları müsahibə ünvanlaya bilər. Amma alınan cavabdan doğan yeni sualları vermək imkanı, necə, olacaqmı? Məncə, yox. Bu mənim subyetiv fikrimdi. Düşünürəm ki, robotlaşmış jurnalistika ictimaiyyətə keyfiyyətli, dolğun, bol informasiya ötürə bilməz. Əksinə belə müsahibələr, məqalələr oxunaqsız, bəsit jurnalist işi ilə nəticələnər”.

 

 

“Türk aktyora "Kendinizi neden dartıyorsunuz" sualını heç bir robot verə bilməz”.

 

Axşam.az saytının əməkdaşı Pərviz Hüseyn: “Bütün dünyada robot jurnalistlər çalışsa belə inanmıram ki, bizimkiləri kimsə əvəz edə bilər. Çünki türk aktyora "Kendinizi neden dartıyorsunuz" sualını heç bir robot verə bilməz”.

 

SalamNews.az saytının əməkdaşı Orxan Kərimov: “Yaxın 20 ildə inanmıram ki, Azərbaycanda belə bir texnologiya tətbiq edilsin. Bir müddət öncə ABŞ-da sürücüsüz taksi təqdim edildikdə hər kəsin marağına və təəcübünə səbəb olmuşdu. Sonra həmin sürücüsüz avtomobillərin qəza törətdiyi zaman məsuliyyətin kimin üzərinə düşəcəyi məsələsi xeyli müzakirəyə səbəb oldu. Hələ də bununla bağlı yekun qərara gəlinməyib. Fikrimcə, robot jurnalistlər də həmin çərçivədəndir”.

 

 

Ayna.az saytının əməkdaşı Təranə Xudabaxşıyeva: “Əslində Belarusda test edilən robot jurnalist məsələsi bir müddət əvvəl gündəmdə idi. Lakin tətbiq edilməsi ləngiyirdi. Bir tərəfdən təəssüf edirəm, bir tərəfdən də sevinirəm. Çünki robotlar insan deyil. Onlar insan tərəfindən proqramlaşdırılmış cihazlardır. Nə olur olsun, onlar yenə də insan beyninin hökümü ilə hərəkət edəcək”.

 

“Yenə də insan jurnalistlərə ehtiyac yaranacaq”.

 

Təranə Xudabaxşıyeva qeyd edib ki, müsahibə almağı insan beyni daha yaxşı bacarır, çünki danışılanları analiz edə bilir: “Amma robotlarda inanmıram belə bir şey mövcud olsun. İkinci əsas məsələ isə robotların insanlarla ünsiyyət qurmaq məsələsidi. Jurnalist müsahibi ilə dialoq qurduğu zaman səmimiyyəti və peşəkarlığı ilə istədiyi sözü almaq bacarığına malikdir. Amma robotlarda bu olmayacaq. Robotlar konkret sual verib, cavab alacaqlar. Belə olduğu halda müsahib jurnalistdən isti münasibət ala bilmədiyi üçün istədiyi cavabı verəcək. Bununla da müsahibə bitəcək. Təbii ki, həmin müsahibənin keyfiyyətinin o qədər də güclü olmadığını nəzərə alaraq yenə də insan jurnalistlərə ehtiyac yaranacaq. Ona görə də düşünmürəm ki, robotlar insan jurnalistikasını tamamilə məhv edə bilər. Çünki insan beyni jurnalistikada önəmli faktorlardan biridir”.

 

Nuranə DAXİLQIZI

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox