AZ

Azərbaycan “Global Game Jam” müsabiqəsində Avropa ölkələri ilə eyni nəticəni göstərir – AÇIQLAMA

a309229cdc77edede033944cdbc7f939.jpg
24.01.2020 18:07

“Ölkəmizdə “Global Game Jam” müsabiqəsini keçirməkdə əsas məqsəd Azərbaycanda kiberidman oyun qurucuları cəmiyyətini yaradaraq inkişaf etdirmək və dünyaya birləşdirməkdir. Hazırda bu müsabiqəyə qatılmaq üçün 30 nəfər qeydiyyatdan keçib. Düşünürəm ki, qeydiyyat yekunlaşana qədər 40 və ya 50 nəfər iştirakçı olacaq”.

 

Bunu TED.az-a açıqlamasında “Global Game Jam” müsabiqəsinin baş koordinatoru Tariyel Ağazadə deyib.

 

 

 

 

Tariyel Ağazadə bildirib ki, artıq ikinci ildir ki, Azərbaycanda “Global Game Jam” müsabiqəsi keçirilir: “Builki müsabiqə 31 yanvar – 2 fevral tarixlərində Azərbaycan da daxil olmaqla eyni anda 113 ölkədə 860 fərqli məkanda reallaşacaq. Ötən il müsabiqəyə  4-5 komanda qatılmışdır. Həmin gənclər hazırda Game PR sektorunda  çalışırlar, bu isə o deməkdir ki, ölkəmizdə game cəmiyyəti yaranmağa başlayır. Ötən il “Global Game Jam” müsabiqəsinə qatılan oyunçuların bəziləri bir araya gələrək, “Vriendly - VR təhsil sistemi” startapını qurdular. Hazırda müsabiqənin əsas təşkilatçılarından bir də elə bu startapdır”.

 

 

“Kiberidman sahəsində startapların az olması oyun proqramçılarının azlığı ilə bağlıdır. Məqsədlərimizdən biri də kiberidman sahəsini inkişaf etdirəcək proqramçıları üzə çıxarmaqdır. Sözügedən yarışda ən yaxşı nəticəni ABŞ göstərir. Lakin onu da qeyd edim ki, Azərbaycan yarışa ilk dəfə ötən il qatılsa da, təqribən Avropa oyunçuları ilə eyni nəticəni göstərmişdi. Bu il də oyunçularımızdan böyük gözləntilərimiz var”, – deyə T. Ağazadə bildirib.

 

 

 

Zeynəb ƏKBƏR

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox