AZ

Artıq neçənci dəfədir ki, insanlar virtual aləmdə şahidsiz-sübutsuz mühakimə olunur – Bəs qanun nə deyir?

24.01.2020 17:31

Bakıda orta məktəbin qarşısında uşaq oğurlayan qadının olması ilə bağlı bir sıra məlumatlar yayılıb. Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, Bakı şəhər BPİ və Sabunçu RPİ əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz müvafiq tədbirlər nəticəsində fotoşəkilləri yayılan qadın, 1965-ci ildə Xızı rayonunda anadan olan Reyhan Səfərova müəyyən olunaraq, polis idarəsinə gətirilib.

 

“Araşdırmalar nəticəsində məlum olub ki, qadın həmin ərazidə kirayədə yaşayır, əvvəllər məhkum olunmayıb, sakit həyat tərzi sürür, sağlamlıq imkanları məhduddur. Diqqətə çatdırırıq ki,həmin məlumatlar tərəfimizdən qəti şəkildə təkzib olunur, polis orqanları ilə heç bir dəqiqləşdirmə aparmadan əsassız yazılıb, iddialar dezinformasiyadır, təxribat xarakteri daşıyır”, – deyə məlumatda qeyd olunub.

 

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev TED.az-a açıqlamasında bildirib ki, bu birinci belə olay deyil: “Artıq neçənci dəfədir, heç bir sübut olmadan insanlar hədəfə alınır, virtual mühakimə olunur, linç edilir. Sonradan həqiqət üzə çıxandan, yayılan xəbərin doğru olmadığı müəyyənləşəndən sonra heç kim zərərçəkənin aqibəti haqqında düşünmür. Heç kim vətəndaşın yaşadıqlarına görə kiminsə məsuliyyət daşımalı olması haqda düşünmək belə istəmir”.

 

 

İlham Quliyev qeyd edib ki, beləcə insanların hüquqları kobud şəkildə pozulur: “Bu baxımdan hesab edirəm ki, virtual platformada bu cür xəbərləri yayanların məsuliyyəti ilə bağlı düşünülməlidir. Yeni seçiləcək parlamentin görəcəyi ilk işlərdən biri də məhz bu məsələ olmalıdır. Hüquq-mühafizə orqanları xəbəri ilk olaraq dövriyyəyə buraxanları müyyənləşdirməli və məsuliyyətə cəlb etməlidir. Bəlkə, belə olarsa, insanlar bu cür yoxlanılmamış məlumatları yayarkən bir az məsuliyyətli olarlar”.

 

Hüquqşünas Ələsgər Məmmədli isə bildirib ki, yalan məlumat yayanlar qanunvericiliyə əsasən cəzalarını almalıdır: “Belə qanun var, sadəcə prosesin işləyib-işləməməsi məsələsi var. Hüququ bilən şəxs bundan istifadə edib məlumatı yayanları məhkəməyə verə bilər. KİV haqqında qanuna görə, birinci mənbə məsuliyyət daşıyır, o halda ki, orda hansısa formada məlumat təkzib olunmayıb. Əgər informasiya aktualdırsa, adam itibsə, polis araşdırsa da, araşdırmasa da, şəxsin məlumatı yaymaq haqqı var. Söhbət dezinformasiya yaymaqdan gedirsə, araşdırma oldu-olmadı fərqi yoxdur, məlumatın yayılması qanuna ziddir. Jurnalistlərin polislə birlikdə araşdırma aparmaq hüququ var. Araşdırma getdiyi müddətdə də yalan informasiya olmaması şərtilə məlumat vermək olar”.

 

 

 

Nuranə DAXİLQIZI

TED + bölməsindən digər xəbərlər

Daha çox