AZ

e-CahangirMəmmədli: Ə, vallah, özüm qulaq asdım, Şövkət Ələkbərova kiçik bir qutuya girib ordan oxuyurdu

b5f8ea7baa0712a81fd2c6e53290a50a.jpg
26.01.2020 12:15

Peşəkar mühasiblər rəqəmlərlə, musiqiçilər notlarla, rəssamlar rənglərlə, yazarlar isə hərflərlə “danışmaq” bacarığına sahibdir. Lakin onların bəziləri sahib olduqları ilə həm də danışır, digərləri ilə bölüşür və MÜƏLLİM olur. CAHANGİR MÜƏLLİMLƏ müsahibəni yazıya çevirdikcə nədənsə tez-tez ibtidai sinif müəllimim yadıma düşürdü. Axı ibtidai sinif müəllimim də bütün fənlərdən yaxşı bilirdi, bütün suallarımıza cavab verirdi və bizə öyrədirdi. Müsahibim də soruşduğum bütün suallarımı cavablandırdı. Keçmişə qısa səyahət və Cahangir müəllimin işarə etdiyi istiqamətlər mənim üçün böyük bir gərçəyi ortaya çıxardı – hər sualımıza cavab verən və həyat bilgisini bizlərə öyrədən ibtidai sinif müəllimləri təkcə məktəbdə deyil, cəmiyyətdə də var. Həm də onların fərqi təkcə şagirdlərində deyil, biliklərindədir. Düşünürəm ki, onların şagirdləri heç vaxt müəllimlərindən böyük ola bilmirlər – “8”in “7”dən böyük olmadığı kimi.

 

 

Professor, filologiya elmləri doktoru və ən əsası müəllim Cahangir Məmmədli ömrünün yetmiş səkkizinci ilini başa vurdu. Əvvəl 7-yə, sonra da 77-yə. Nağıllardakı kimi sehirli görünsə də Cahangir müəllim kimi hafizəli biri üçün yəqin ki, çox keşməkeşli yol olub. Amma artıq 77-nin irəlidə olan sehridir, keşməkeşi geridə qaldı. Tam da adının mənasını əks etdirən bir ömür yaşayır müsahibim. Lakin o, tarixdəki cahangirlərdən fərqli olaraq, dünyanı deyil, qəlbləri fəth etməklə…

 

Müsahibimlə könlümüzə də girməyə çalışan texnologiyadan danışacağıq. Tam olaraq etiraf etməsə də, bir zamanlar Ağdamın Novruzlu kəndində “Ə, vallah, özüm qulaq asdım, Şövkət Ələkbərova kiçik bir qutuya girib ordan oxuyurdu” deyən, bəlkə də, o özü imiş.

 

Cahangir müəllim, bu gün “dəyişən dünya”, “texnoloji inqilab”, “qloballaşma”, və s. kimi anlayışları tez-tez işlədirik. Dəyişən dünya ifadəsi nəyi nəzərdə tutur?

 

Əlbəttə, dəyişən dünya anlayışı bir çox istiqamətləri nəzərdə tutur:  siyasi, iqtisadi, coğrafi, ekoloji, dövlətlərarası münasibətlər və s. Ancaq mən yəqin, belə bir fikirdə səhv etmiş olmaram ki, qeyd etdiyim istiqamətlərdəki dəyişmələr dünyaya, hadisələrə yeni baxış birbaşa texnoloji inqilaba, texnologiyanın sürətli inkişafına bağlıdır. Güc dövlətlərinin gücündə də, iqtisadi inkişaf prosesi, beynəlxalq münasibətlərdəki mənəm mənəmlik və s. kimi proseslərdə yeni texnologiya böyük rol oynayır. Məsələn, hərbi texnologiya elə inkişaf səviyyəsindədir ki, gələcəyin döyüşlərində uzaq məsafəli, işıqdan da 2-3 dəfə sürətli hərəkət edən hərbi raketlər iştirak edəcək.

 

Sizin özünüz texnoloji inkişafın inkişaf mərhələlərini necə görmüsünüz, sizin xatirələrinizdə bu inkişafın hansı məqamları yadda qalıb?

 

Mən 1950-1960-cı illər arasında Ağdamın Novruzlu kəndində orta məktəbdə oxumuşam. O dövrdə kəndimizin kitabxanası o qədər az kitaba malik idi ki, mən onların az qala hamısını oxuyub qurtarmışdım. 1956-cı ildə Azərbaycan televiziyasının verilişlərə başladığı ilk illərdə hətta rayon mərkəzində də o dalğaları tutmağa texnologiya yox idi. İndi baxın, parabolik antennalar, kabel televiziyası dünyanın peykə çıxan bütün telekanallarını evimizə gətirir.

 

“Ə, vallah, özüm qulaq asdım, Şövkət Ələkbərova kiçik bir qutuya girib ordan oxuyurdu”.

 

Mənə çox doğma olan bir texnika adamı 1951-ci ildə bizim kəndimizə ilk radio aparatı gətirmişdi. Yadımdadır ki, kəndimizin adamlarından biri o radioda Şövkət Ələkbərovanın mahnısına qulaq asıb kənd arasında təəccübünü gizlədə bilməmişdi: “Ə, vallah, özüm qulaq asdım, Şövkət Ələkbərova kiçik bir qutuya girib ordan oxuyurdu”.

 

 

Bu gün bu fikrə bəsit qavrama kimi baxmaq doğru olmaz. Çünki hər bir texnologiyanın ilkin çağı təəccüblə qarşılanır. Məsələn, pilotsuz uçan aparat-dronlar kimi. Mən bu günlərdə bir informasiya aldım ki, artıq aqrodronlar var və Azərbaycanın kənd təsərrüfatında əkin sahələrində zərərvericilərə qarşı mübarizədə ölkəmizə gətirilmiş aqrodronlar çox uğurla iş görür.

 

Yeni texnologiya ən çox hansı sahədə özünü göstərir?

 

Hamımız hiss edirik ki, bütün sahələrdə - istisnasız olaraq bütün sahələrdə. Amma informasiya texnologiyası daha böyük möcüzələr yaradır. Mənim o dediyim orta məktəb illərində bir kənddən o biri kəndə telefon zəngi etmək üçün rayon mərkəzində bircə dənə telefon qovşağı var idi. Orda bir-iki qız otururdu, qarşılarında əl ilə işlədilən ət maşınına bənzər bir aparat vardı. Qızlar aparatdakı əl çarxını xeyli fırladıb hansısa kəndlə əlaqə yaradırdılar. Lap elə özündəndeyən paytaxt şəhərlərində bir az inkişaf etmiş belə telefon qovşaqları vardı. Lap elə mənim 1960-cı illərdəki tələbəlik dövründə Bakıda, 1970-ci illərdə MDU-da təhsil alanda Moskvada ancaq belə qovşaqlar vasitəsilə zənglər edirdik.

 

"Zaman keçəcək, bugünkü yeniliklər də gələcək nəslə bəsit görünəcək".

 

İndi baxın, mobil telefonlar nəyə qadir deyil? Bu telefonların yüzlərlə funksiyası var. Mənim Almaniyada nəvəm təhsil alır. Biz hər axşam onunla WhatsApp vasitəsilə əlaqə saxlayırıq. İndi şəhərdə tanımadığın bir ünvana getmək üçün əvvəlki kimi yoldan ötənlərdən yer soruşmaq lazım deyil. Mobil telefondakı “Naviqator” – yol xəritəsi səni həmin ünvanın qapısınadək necə getməyi göstərəcək. Vaxtilə okeanın bir tərəfindən o biri tərəfinə radiodalğanın ötürürlməsinin texniki modelini verən alim Nobel mükafatına layiq görülmüşdü. Bugünkü gənclərə, hətta uşaqlara informasiya texnologiyasının ilk çağlarındakı ixtiralar çox vaxt bəsit görünür. Amma zaman keçəcək, bugünkü yeniliklər də gələcək nəslə bəsit görünəcək. Mən özüm də yeni texnologiyaya marağı olan adamam: İnternet, mobil telefon, avtomobil və s. Amma informasiya texnologiyasının elə cəhətləri də var ki, mən onlardan ehtiyat edirəm. Məsələn, bu gün hamıya adi görünən “status” janrı. Nə yazırsan yaz, necə yazırsan yaz, mütləq ortaya bir nadan çıxıb sənin qanını qaraldacaq. Yaxud telefona o qədər aludə olublar ki, müqəddəs kitaba qəribə bir etinasızlıq yaradıb və bu etinasızlıq birmənalı olaraq kütlüyə, savadsızlığa aparır.

 

 

Bir texniki vasitə kimi internet texnologiyası ideal söz azadlığı yaradır. Amma bu "ideal söz azadlığından” təhqir və söyüşlərin də əlindən tərpənmək olmur. Düzdür, internetdə söyüşə, təhqirə qarşı texniki tədbir görən proqramlar var, amma təəssüf ki, bizdə bu tip proqramlar hələlik hazır deyil.

 

Məsələn, belə şeylər özünü hansı texnoloji faktlarda göstərə bilər?

 

Mən humanitar elmlərə aid adamam. Ola bilsin ki, bəzi deyimlərimdə dəqiq olmayım. Lakin, demək olar ki, çoxlarımıza məlum olan və gələcək inkişafın hara aparacağını görə bilmək o qədər də çətin deyil. Məsələn, çox cavan bir sahə olan kompüter texnologiyasına nəzər salaq. Bu texnologiyanın praktik cəhətdən görünən faktları uzağı 1970-ci illərdən başlayır. Rusiyada hərbi sahədə, ABŞ-da, Yaponiyada, həm də məişət sahəsində. Kompüter texnologiyası dünyada ən sürətlə inkişaf edən, hər gün yeniləşən bir sahədir. Hətta, səhv etmirəmsə, mobil telefonlar kompüterləşmənin mahiyyətindən doğub. Diqqət edin, dünyanın bütün audiovizual informasiya vasitələrinin proqram siyasətində yeni texnologiyaların təqdimatı ciddi yer tutur. Real TV-nin “Xəbərlər” informasiya proqramı bu sahədəki yeniliyi hər gün bizə çatdırır. Bu gün dünyada ən çox reklam gəlirləri informasiya-kompüter texnologiyalarına bağlıdır. Biz dünyanın bütün magistral yollarından tutmuş izdihamlı vağzallaradək, qəzet səhifəsindən tutmuş telekanallaradək hər yerdə bu sahəyə dair reklama rast gəlirik.

 

Söhbətimizin əvvəlində mən orta məktəbdəki dövrümdə kəndimizin kitabxanasının kasıblığından danışdım. Bu gün kompüter texnologiyası dünyanın kitablarını qarşımıza qoyur. Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi xüsusi Dövlət Proqramları və Sərəncamlar ölkəmizdə informasiya texnologiyasının inkişafı, internetin ən ucqar dağ kəndlərinə belə əlçatan olması kimi məsələləri həll edib. Bu gün beynəlxalq aləmdə Azərbaycan modeli kimi tanınan və artıq Avropanın bir çox ölkələrinin tətbiq etməyə başladığı “Asan xidmət” məhz yeni texnologiyanın hesabınadır. Azərbaycanda “Dost mərkəzi” də analoqu olmayan bir qurumdur ki, bu da yeni texnologiyanın imkanları ilə fəaliyyət göstərir. Bizim inkişaf sürətimiz texnologiyanın yeni formatları üzərində qurulur.

 

 

Bütün güc dövlətləri hərbi qüvvələrini yeni texnologiya ilə təchiz edir. Yeni texnologiya kainatın əlçatmaz planetlərinə hesablanır. Dünyanın fantastik janrda yazan yazıçılarının əsərlərindəki ideyalar indi reallaşmaqdadır. Bizim xalq nağıllarımızdakı uçan xalçaların da reallaşacağına az qalıb. Bugünkü texnologiyanın WhatsApp kimi telefon proqramları adamları min kilometrlərlə məsafədən görə-görə, vizual söhbətləri bizim nağıllarımızın min illik mövzularındadır.

 

Cahangir müəllim, ömrünüzün lap uşaq çağlarında Sizə möcüzə kimi görünən texnologiyadan söz açdınız. Texnologiya şəxsən sizin həyatınızda özünü necə göstərib: dünən, bu gün.

 

Kənddə hələ 6-cı sinifdə oxuyanda rayon qəzetində yazım dərc olunub. Redaksiya ilə əlaqəm var idi. Orada mətni əl ilə yığmağa neçə müddət vaxt sərf olunurdu. Bu proses mən hələ tələbə olanda da, Bakı mətbəələrində də davam edirdi. Bir az keçdi, mətbəələrə “linotip” deyilən mətn yığan yarımavtomat maşınlar gəldi. Qəzetin yığılması, tərtibatı, çap prosesi uzun bir vaxt aparırdı. İndi bütün bu işlər kompüterlə həll edilir və həm də yüksək keyfiyyətdə.

 

 

Mən lap uşaq olanda – 7-8-ci sinifdə oxuyanda əziz əmioğlum, Ağdamda mexanizasiya deyilən texnikumun müəllimi, mənə bir traktor verirdi sürməyə. O traktor tipi bu gün də var, amma o qədər texniki təkmildir ki, müqaysə etməyə dəyməz.

 

1976-cı il – “Vaşinqtonda otelin 20-ci mərtəbəsindən küçədə maşın selinə baxırdım, orada eyni markadan olan iki avtomobil görmək mümkün deyildi”.

 

Uşaqlıqdan texnikaya çox həvəsim olub. Əmioğlumun motosiklini dəfələrlə qaçırıb sürmüşəm. Mən 1972-ci ildə Jurnalistlər İttifaqından avtomobil alanda səhərisi gün onunla şəhərin küçələrinə çıxdım. O “Jiquli” maşını bizim üçün çox möcüzəli bir avtomobil idi. İndi mən Bakının küçələrinə, tıxaclara baxıram, dünyanın ən mükəmməl avtomobili sanki birinci bizim şəhərə gəlir. 1976-cı ildə BDU-nun hüquq fakültəsinin dekanı, böyük alim və böyük insan Məmməd Xələfov Vaşinqton səfərindən qayıdandan sonra dostu Şirməmməd müəllimə deyirdi: “Vaşinqtonda otelin 20-ci mərtəbəsindən küçədə maşın selinə baxırdım, orada eyni markadan olan iki avtomobil görmək mümkün deyildi”. Onda bu sözlər mənə möcüzə kimi təsir etmişdi. Otelin 20-ci mərtəbəsi, maşın seli və s. İndi mən bəzən Bakıdakı otellərin 20-ci, 30-cu mərtəbəsindən küçələrə baxıram və eyni markalı iki avtomobil görə bilmirəm.

 

Yeni texnologiyanın inkişafında Azərbaycanın öz dəsti-xətti varmı?

 

Qəti şəkildə deyə bilərəm ki, var. Bu gün Azərbaycan klaviatursuz-səslə yazan kompüter ideyasını gerçəkləşdirmək əzmindədir. Bakı Dövlət Universitetinin Fizika, Kimya, Biologiya kimi fakültələrində layihələşdirilən elmi-nəzəri ideyalar artıq bir çox sahələrdə tətbiq edilməkdədir. Azərbaycan Milli Elmlər Akademiyasının dəqiq elmlərə dair elmi-tədqiqat institutları bu sahədə real işlər görürlər. Bakı Dövlət Universitetindəki bir çox laboratoriyalar – xüsusilə nanotexnologiya laboratoriyası maraqlı texnoloji ideyaları gerçəkləşdirməkdədir.

 

 

“Lirika, yoxsa fizika?  “Fizikaya” biganəlik Şərqi Qərbin əlində oyuncağa çevirib”.

 

Bizim bir problemimiz var, bu problem bütövlükdə Şərqə aiddir: Avropa texniki elmlərə, texnologiyaya diqqət edir, biz isə poeziyaya vurğunluqdan qurtula bilmirik. İndi yaxşı bir sual qoyulur: lirika, yoxsa fizika? “Fizikaya” biganəlik Şərqi Qərbin əlində oyuncağa çevirib.  “Fizikaya” diqqətinə görədir ki, Şimali Koreya kimi kiçik bir ölkə ABŞ kimi özündəndeyən bir ölkəyə meydan oxuyur. Biz təhsilimizi daha çox dəqiq elmlərə yönləndirməliyik. Qarşıya qoyulmuş “Lirika, yoxsa fizika?” sualına birbaşa cavab verməliyik: mütləq fizika. Çünki bu gün dünya “fizikanın” – yəni dəqiq elmlərdən gələn texnologiyanın əlindədir…

 

Aytəkin NƏSİROVA

TED + bölməsindən digər xəbərlər

Daha çox