AZ

Vətəndaşların müraciətlərinin elektron platforması və həllinə dair təşəbbüslər – Gənc alimdən seçkiqabağı TƏKLİF

64f74493996b077d92d85ca6959f4375.jpg
07.02.2020 14:40

Seçkilər yaxınlaşır, namizədlər müxtəlif seçki platformaları ilə xalqa daha yaxın olmağa çalışırlar. Budəfəki qonağımız gələcəyi texnologiyanın inkişafında görən, “innovativ və mobil deputat” platformasına sahib namizəd Şamo Salayevdir.

 

İnnovativ və mobil deputat kimdir?

 

“Mobil” sözü hansısa prosesin daha çevik idarə edilməsini nəzərdə tutur. Mən platformamda dəyişiklik edərək mobil deputat və innovativ deputat anlayışını Azərbaycana gətirmək istədim. Məqsədim odur ki, vətəndaşlar problemini, təklifini, təşəbbüsünü insan faktoru olmadan birbaşa qacetlər vasitəsilə millət vəkilinə çatdıra bilsin. Vətəndaş millət vəkilinin yanına gələrkən öncə onun qəbuluna yazılmalı və yaxud koməkçisini tapmalıdır. Biz isə sadə funksiyalı bir sistem yaratdıq. Konfedensial olaraq hansısa problemlə rastlaşdıqda, vətəndaş birbaşa mobil telefonuna yüklənmiş və qanunvericilik tərəfindən təsdiqlənmiş tətbiq vasitəsilə sistemə informasiyanı daxil edir, həmin an deputata sorğu gəlir və o, komandası ilə bərabər problemi müzakirə etməyə başlayır. Problemin növündən asılı olaraq həmin prosesdə hüquqşünas və psixoloq da iştirak edir. Hər vətəndaşın dövlət bazasında özünəməxsus “keysi” olacaq. Mənim platformam vətəndaşın millət vəkilinin yanına gəlməsini deyil, millət vəkilinin vətəndaşın yanına gəlməsini nəzərdə tutur. Bu sistem vasitəsilə deputatla vətəndaş birbaşa əlaqəyə girəcək. Məhz bu səbəblərə görə platformanın adını mobil deputat olaraq qeyd etmişəm. Ümüd edirəm ki, sözügedən sistemlə bir sıra böyük layihələri həyata keçirəcəyik.

 

İnnovasiyanı nədə görürsünüz?

 

İnnovasiya hansısa bir problemə, məsələyə kreativ düşüncə və yüksək təfəkkürlə  baxılmasıdır. İnnovasiya hər bir sahəyə aiddir: dövlət qulluqçusu, mühəndis, fəhlə, dövlət başçısı, məmurlar - fərqi yoxdur, vəzifədən asılı olmayaraq hər bir insanın özünə uyğun innovasiyası olmalıdır. İnnovasiyanın formalaşma metodikası var, bu proses əsasən araşdırma ilə həyata keçirilir və ortaya çıxan nəticə innovasiyanın əsasını təşkil edir. Məsələn, Azərbaycanda elmin səviyyəsi aşağıdır, çünki insanların elmi tədqiqata marağı yoxdur. Ona görə də bu istiqamətdə işlər görülmür, vətəndaşlar araşdırma işi ilə məşğul olmaq istəmir. “Balloniya” və “Kurrikulum” sistemləri bu istiqamətində iş görür, amma ortada nəticə yoxdur, çünki bu sitemlər Azərbaycana uyğun deyil. Bunun üçün ayrı bir özümüzəməxsus sistem yaradılmalıdır, yalnız o zaman millətin innovasiyaya meyili yarana bilər. Hazırda fəaliyyət göstərən idaretmə sistemində boşluqlar var, təhsil, səhiyyə sistemlərinin keyfiyyəti, ümumiyyətlə sosial münasibətlər özü belə aşağı səviyyədədir. Bunun bir səbəbi var, o da innovativ düşüncənin aşağı olmasıdır.

 

Seçki platformanızın bir hissəsi olan “Vətəndaşların müraciətlərinin elektron platforması və həllinə dair təşəbbüslər” dedikdə nəyi nəzərdə tutursunuz?

 

Milli Məclis tərkibində böyük bir platforma təklif etmişəm. Hazırda onun üzərində iş gedir. Bu sistem qanun layihəsinin müzakirə mərhələsinin innovativ tərəfini göstərir. İstənilən məsələnin müzakirəsindən öncə vətəndaşlara sorğu göndərilir, beləliklə vətəndaş sorğuya “bəli”, “xeyr” cavabını və yaxud alternativ rəyini bildirir. Sistemdə həmin müzakirə haqqında vətəndaşların fikirləri olur, avtomatik olaraq qanun vətəndaşların istəyinə uyğun olaraq formalaşır. Qanun layihəsi bir gün müzakirə olunur və həmin gün, yaxud növbəti gün də qəbul olunur. Bu proses davamlı olaraq baş verdikdə, bəzi məsələr vətəndaşın xeyrinə qəbul olunmur. Məsələn, təqaüd yaşının artırılması ilə bağlı heç bir vətəndaşla sorğu aparılmayıb. Halbuki Milli Məclisin müvafiq şöbəsinin əməkdaşları vətəndaşların arasında sorğu aparmalıdır. Biz bu sistemi möhkəmləndirmək istəyirik.

 

 

Ailə institutunu inkişaf etdirmək üçün elektron resurs formalaşdırmaq niyyətindəsiniz. Bu barədə daha ətraflı danışa bilərsinizmi?

 

Ailə institutun formalaşmasını sistem halına salmışıq, çünki hər bir vətəndaş ailə üzvü olaraq smartfondan istifadə edir. Dövlət dəstəyi ilə təmənnasız hüquqi-psixoloji yardım təşkil edən mobil tətbiq nəzərdə tuturuq. Bu tətbiq ailə həkiminin formalaşdırmasını ehtiva edir. Həmin tətbiqlə aillənin istənilən üzvü birbaşa dövlətə “SOS” siqnalı göndərə bilər. Siqnal gəldikdə problem növündən asılı olaraq ailəyə köməkçi qrupu göndərilir və insanın şəxsi işi adiyyəti qurumlara yönləndirilir. Bu qədər asan və rahat! Bundan əlavə qeyd edim ki, hərəkət məhdudiyyəti olan insanlar üçün xüsusi layihə hazırlamışıq, onun alqoritmik hissəsi hazırdır. Həmin insanlar boyun və baş hərəkətləri ilə smartfonu idarə edə biləcəklər. Bundan əlavə, ayrı bir sosial şəbəkə hazırlamağı düşünürük. Hərəkət məhdudiyyəti olan insanlar orada piktoqramlar vasitəsilə danışa biləcəklər.

 

İnternet təhlükəsizliyi ilə bağlı fəaliyyət deyərkən nəyi nəzərdə tutursunuz?

 

Azərbaycanda bir ilk sistem yaratmışam. “Kidsave.az” layihəsi həm valideynlərin, həm də uşaqların istifadə edə biləcəyi platformadır. Valideynlər uşaqlarını tam internet təhlükəsizliyi ilə təmin edirlər. Uzaqdan yazışmalarına nəzarət edə bilirlər, 24 saatlıq GPS sistemi, kompüter, yaxud smartfonun istifadə vaxtının tənzimlənməsi də həmin platformaya daxildir. Tətbiq hazırda sınaq mərhələsindədir, buna baxmayaraq, 20-30 minə yaxın istifadəçi sayına malikdir.

 

Tullantılarla bağlı müasir texnologiyaların tətbiqini necə planlaşdırırsınız?

 

Bu məsələ ilə bağlı düşündüyüm əlavə bir sistem var. Fikrimcə, xüsusi mini-zavodlar və mini-parklar yaradılmalıdır. Dediyim mini-zavod və mini-parklar vasitəsilə tullantılar emal üçün göndəriləcək. Emal prosesini daha da effektiv etmək üçün tullantıların əvəzinə xüsusi elektron sənəd veriləcək, bu sənəd alış-veriş etmək imkanını yaradacaq. Bu prosesdə belə insanların ticari maraqlarını güdməsək, heç bir nəticəni görə bilmərik. Beləliklə, həm tullantıların utilizasiyası məsələsi həll olunacaq, həm də ekologiyaya xeyir vermiş olacağıq.

 

 

Bir reportajınızda süni intellekt layihələrinin yalnız sahibkarlar tərəfindən dəstəkləndiyini qeyd etmişdiniz. Sizcə, süni intellekt layihələri dövlət tərəfindən dəstəklənə bilərmi? Azərbaycan üçün bu, nə dərəcədə realdır?

 

Hər bir dövlət yeni innovativ fikirlərlə inkişaf edir. Hansısa innovativ ideyası olan insan dəstək üçün qapı-qapı gəzməməlidir, investor özü bu işi üzərinə götürməlidir. İnkişaf etmiş ölkələr startapların dəstəyi üçün böyük qrantlar ayırır. Daha öncə barəsində danışdığım sistem dövlət dəstəyi ilə yaradılsa, artıq Azərbaycanda elmi innovativ düşüncəsinin formalaşmasına böyük təkan verəcək. Startaplardan və yeni fikirlərdən qorxmaq lazım deyil. Yeni düşüncələrin yalnız dövlət səviyyəsinə çatdıqda artıq o qorxu hissi yox olacaq.

 

Sizcə, gələcəyin Azərbaycanı necə olacaq?

 

Azərbaycanın gələcəyi gənclərin əlindədir. Təhsil sahəsində bəzi boşluqlar olsa belə, inanıram ki, Azərbaycan gəncliyi çox inkişaf edəcək. Vətəndaşlarımızın bacarığı göz önündədir: güclü analitik düşüncə, ticarət meyilləri var. Adi maşın bazarına daxil olsanız, əzilmiş avtomobili sizə elə təriflə satarlar ki, heç bir qüsuru gözünüzə görünməyəcək. Demək ki, bu insan vaxtında keyfiyyətli təhsil alsaydı, bacarığı başqa sahəyə yönələrdi və hazırda daha da innovativ ölkəyə sahib olacağdıq. İnsan kapitalı ölkəmizdə yetəri qədər yüksəkdir. Mən Azərbaycan gələciyini çox parlaq görürəm, əsas odur ki, seçimimiz doğru olsun”.

 

Fatimə ZÜLFİQAR

 

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox