AZ

Turistlərə bir mesaj kimi “Qarabağ” adında metrostansiya olsa… – staniyaların adları dəyişdirilirmi?

60be07a9fa308f9e53477eeab2eab203.jpg
13.02.2020 15:09

Bildiyimiz kimi, mediada və sosial şəbəkələrdə paytaxtdakı metro stansiyalarının adlarının dəyişdirilməsi, eləcə də tikilməkdə olan stansiyalara yeni adların verilməsi ilə bağlı bir sıra təkliflər irəli sürülür. Maraqlıdır, metrostansiya adları dəyişdirilsə, yerinə nələr qoyula bilər?

 

HƏMÇİNİN OXU: Bakıda daha bir metrostansiyanın tikintisinə başlanıldı

 

"Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov TED.az-a bildirib ki, məsələ ilə bağlı yeni informasiya yoxdur: “Məsələ Nazirlər Kabinetinin səlahiyyətində olduğu üçün, bizim nə isə soruşmağımız da təbii ki, düzgün çıxmır. Nazirlər Kabineti lazım bildikdə bizə müraciət edir. Qərarı verən onlar olduğu üçün bizim məsələyə hansısa müdaxilə etmək kimi səlahiyyətimiz yoxdur. Metro stansiyalarının adları ilə bağlı məsələ Nazirlər Kabinetində müzakirə edilərsə, bizim birbaşa təklif irəli sürməyimiz düz olmaz. Amma təbii ki, onlar bizim rəyimizi öyrənmək istəsələr müraciət edə bilərlər. Yəni bu mənada məsələ bizim səlahiyyətimizdə deyil”.

 

 

 

Bakı Dövlət Universitetinin filologiya üzrə fəlsəfə doktoru, yazar Ələmdar Cabbarlı bildirib ki, həqiqətən də müasir dövrdə heç bir məzmun, məna kəsb etməyən stansiya adları var ki, onları dəyişmək yaxşı olar: “Fikrimcə, təxminən 5-6 stansiyanın adı yeni adlarla əvəz olunmalıdır. Ümumiyyətlə, nəyəsə ad verəndə onu bir incələmək lazımdır, xüsusilə də bu, məkan adıdırsa, məsələyə daha həssas yanaşılmalıdır. Bunun üçün ən yaxşı variant qardaş Türkiyənin təcrübəsindən yararlanmaqdır. Türkiyədə metro, eləcə də tramvay stansiyalarına əsasən tarixi yerlərin və şəxsiyyətlərin adları verilib. Bu mənada bizdə stansiya adları dəyişdiriləndə, eyni zamanda Bakı metrosunda yeni xətlərin açılması planlaşdırılır ki, onlara ad veriləndə müxtəlif dövrlərdə yaşayan tarixi şəxsiyyətlərimizin – bunun örnəkləri də var, məsələn, Xətai, Nəsimi, Memar Əcəmi, Nərimanov – adlarını verməliyik. Cümhuriyyət qurucularının, görkəmli elm və mədəniyyət xadimlərinin adları burada yer alsa, çox yaxşı olar. Məsələn, Yusif Məmmədəliyev və Üzeyir bəyin adları verilsə, yaxşı olar. Milli qəhrəmanların – Mübariz İbrahimov, Çingiz Qurbanovun adları verilsə, hamının ürəyindən olar. Səhər dərsə, işə gedən insanlar, xüsusilə gənclər belə qürurverici adları dəfələrlə eşidəndə onlar haqqında fikirləşər, bir az da milli ruhda özünü hiss edər. Tarixi yer adları, coğrafi adlar da verilə bilər”.

 

 

 

Ələmddar Cabbarlı qeyd edib ki, xüsusilə turistlərə bir mesaj kimi “Qarabağ” adında stansiya, ya da Qarabağı simvolizə edən digər bir ad olsa daha yaxşı olar: “Məsələn, “Xarı bülbül”. Bəlkə, kiməsə qəribə gələr, İstanbul metrosunda mən belə bir maraqlı adla qarşılaşmışam: “Ayrılıq çeşməsi” stansiyası. Yeri gəlmişkən, bir məsələni də deyim, yalnız sovetdən qalma deyil, son illər verilən müəyyən adlar da dəyişsə yaxşı olar. Məsələn, “Avtovağzal” stansiyası. Bu nə deməkdir? Nə olsun ki, Bakı Beynəlxalq Avtovağzalı həmin ərazidə yerləşir. Əvvəla, bu milli ad deyil. İkincisi, onu vağzalla əlaqələndimək lazımdırsa tarixi bir ad vermək yaxşı olar. Məsələn: Karvansara.  Həm də onu da istəyərəm ki, stansiyalar kimin ya hansısa tarixi yerin adına olacaqsa, orada bir barelyef, lövhə, şəkil, mətn olsun ki, həmin şəxs, yer, tarixi ərazi haqqında müxtəlif dillərdə insanlara informasiya verilsin. Tutaq ki, Qarabağ, Xarı bülbül haqqında belə lövhələr olsa, zənnimcə, çox yaxşı olar. Məsələn, stansiyalardan birinə Aşıq Ələsgərin adını versək, orada da əcnəbi dillərdə bu şəxsiyyətin böyüklüyündən və belə bir sənətkarın məzarının indi hansı vəziyyətdə olduğundan bəhs etsək, bu, böyük bir təbliğat olar”.

 

 

Nuranə DAXİLQIZI

 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox