AZ

Yer tapmayan sürücü, “əli planşetli” və BNA müfəttişləri – Küçələrdəki mənzərə

815774ddadef2cac82a220ec315cc08b.jpg
13.02.2020 17:00

Paytaxt Bakının ən böyük problemlərindən biri də yol-nəqliyyat infrastrukturundakı çatışmazlıqlar, boşluqlardır. Xüsusən parklama məsələsində ciddi xaos hökm sürür. Bakı Nəqliyyat Agentliyi sürücüləri, sürücülər qurumu günahlandırır. Bəs yaxşı günahkar kimdir?

 

Sürücülər düşünürlər ki, nəqliyyat infrastrukturu düzgün qurulmayıb. Onlar azadlıqlarının qısıtlandığını düşünürlər. Avtomobil dayanacaqlarının azlığından şikayət edən vətəndaşlar BNA əməkdaşlarını qərəzli olmaqda günahlandırır, harada imkan düşdü cərimə yazdıqlarını deyirlər.

 

“Paytaxtın əksər yerlərində, xüsusən mərkəz hissədə parklanma nöqtələri çox azdır və tələbatı qarşılayacaq gücdə deyil”

 

Sözügedən problemlə bağlı sürücü, jurnalist Əzizə İsmayılova TED.az-a açıqlamasında qeyd edir ki, Bakının mərkəzində və bəzi əsas prospektlərdə sürücülərin ən böyük problemi parkinq məsələsidir: “Sükan arxasında oturanda beynimdə bir sual olur - “Görəsən, maşını harada saxlayacam?” “Hamı saxlayıb, mən də saxlayım” prinsipinə tabe olmadığım, şəhər mərkəzində dar küçələrdəki park “xidməti”ndən heç bir halda yararlanmadığım üçün bəzən avtomobili gedəcəyim yerdən ən azı 2-3 km aralıda saxlamalı oluram. Problemdirmi? Problemdir...”


 

Ə.İsmayılovanın sözlərinə görə, şəhərin ən qaynar nöqtələrində hazırda mövcud olan yeraltı və yerüstü parklanma yerləri tələbatı ödəmək gücündə deyil: “Bir çox ərazilərdə ümumiyyətlə, park yerləri yoxdur. Məsələn, şəhərin ən böyük prospektlərindən biri olan Babək prospektində. BNA artıq neçə ildir bu məsələni çözməkdə maraqlı görünsə də, bu sahədə bir çox addımlar atılsa da, istənilən nəticəni əldə etməyə hələ ki, müvəffəq ola bilməyib”.

 

O, avtomobil sahiblərinin maarifləndirilməsini vacib hesab edir: “Cərimə tətbiq etməzdən əvvəl sürücüləri müasir şəhər nəqliyyatının tələbləri ilə tanış etmək, onları narahat edən məsələlərin əsl səbəbini izah etmək lazımdır. Sürücülər artıq meqapolisdə yol hərəkətinin nizamlanması qaydalarından xəbərdar olmalıdırlar, bəzi qadağaların qaçılmaz olduğunu dərk etməlidirlər. Bir sözlə, şəhər, ictimai nəqliyyatın nizamlanması məsələsinə hazırlanmalıdırlar”.

 

“Cərimələr çıxış yoludurmu?” sualına isə xanım jurnalistin cavabı belədir: “Hesab edirəm ki, BNA-nın bütün bu lazımlı addımları atmadan, müvafiq hazırlıqlar (parkinqlərin rəsmiləşdirilməsi və istifadə qaydaları, ictimai nəqliyyatın hər kəs üçün tam yararlı səviyyəyə gətirilməsi və s.) başa çatmadan, birdən-birə ucdantutma hər yerdə “dayanma durma qadağandır” nişanı qoymaq, əliplanşetlilər azmış kimi, xüsusi nəqliyyat vasitələri ilə də maksimum cərimə yazma prinsipi ilə məsələyə yanaşması, problemin həlli yolu deyil. Bu, daha çox sürücülərlə qurum arasında uçurumdur, insanları incitməkdir. Çünki hazırda mövcud olan şərtlər daxilində sürücülərin bu cərimələrdən yayınmaları əksər hallarda qeyri-mümkündür. Bunu BNA özü də yaxşı bilir”.

 

Sürücü Fariz Bayramov deyir ki, xüsusən, şəhərin mərkəzində, gediş-gəlişin sıx olduğu yerlərdə avtomobillər üçün dayanacaqlar nəzərdə tutulmayıb: “Mərkəzi küçələrdə nəqliyyat axını intensiv olsa da, yollar çox dardır. Adicə bir dəqiqəlik aptekə girmək üçün maşını saxlamağa yer tapmaq olmur. Mən audit kimi fəaliyyət göstərirəm. Şəhərin mərkəzində onlarla mağazada yoxlama aparmalıyam. Hər mağazanın yanında dayanmağa məcburam. Eləcə də mağazalara mal gətirən firma maşınları. Hər böyük mağazaya azı 100 firma mal verir. Bütün bu nəqliyyat vasitələri harada dayanmalıdır? Mən hələ cəmi bir aspektdən baxıram məsələyə. Alış-veriş, istirahət və digər səbəblərdən dolayı şəhərə çıxan avtomobil sahibləri nə etməlidirlər? Məcburən haradasa saxlamalı oluruq. Parklanma yerləri olmadığından ən azı dayanma-durma nişanlarını tənzimləyə bilərlər. Məsələn, filan küçədə vaxt məhdudiyyətinin tətbiqi mümkündür. Madam ki, avtodayanacaq yaratmaq çox çətindir”.

 

 

“Sürət həddini aşmağa görə, 10 manat dayanacaqdan kənarda saxlamağa görə isə 20 manat cərimə olunursan. Halbuki...”

 

F.Bayramov qeyd edir ki, şəhərdə avtomobillə hərəkət etmək müşkül məsələyə çevrilib: “Bir dəqiqəlik saxlayıb köşkə gedirsən, cərimən hazırdır. Sanki pusqu qurublar. Ən çox da Bakı Nəqliyyat Agentliyinin işçiləri cərimələyirlər. Sıxlıq harada olursa, ən məntiqsiz qadağa nişanları da oradadır”.

 

Sürücünun sözlərinə görə, bəzi dayanacaqlarda nəzarətçi deyir ki, cərimə yazılmayacağına söz verə bilməz: “Məsələn, Xaqani bağının (Molokan bağı) yaxınlığındakı dayanacaqda belə ehtimal var. Ailəvi istirahət üçün bir restoranda oturursan, müəyyən məbləğ xərcləyirsən, çıxanda da görürsən ki, bir o qədər də cərimə gəlib”.

 

O hesab edir ki, sözügedən cərimənin məbləği də çoxdur: “Sürət həddini aşmağa görə, 10 manat cərimə yazılır. Amma dayanacaqdan kənarda saxlamağa görə cərimənin məbləği 20 manatdır. Halbuki sürət həddini aşmaq daha çox təhlükə yaradır, nəinki qadağan edilmiş yerdə saxlamaq”.

 

Narazı sürücü onu da qeyd edir ki, Bakının nəqliyyat infrastrukturu elə qurulub dayanmalı olduğun yeri keçdinsə, yenidən ora qayıtmaq üçün azı 20 dəqiqə vaxt itirməlisən: “Həm tıxaclara görə ilişib qalırsan, həm də müəyyən məsafə qət edib dairə vurmalısan. Həm vaxt, həm yanacaq itirirsən, həm də əsəblərin korlanır”.

 

Bakıda tikinti standartlarına əməl edilmədiyindən həm sürücülər, həm piyadalar əziyyət çəkirlər”

 

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov qeyd edir ki, bir sıra Avropa ölkələrində ticarət mərkəzləri, yaşayış binaları tikilərkən, ümumiyyətlə şəhər mərkəzlərində tikinti aparılarkən xüsusi standartlar tətbiq edilir: "Bu standartlardan ən vaciblərindən biri də parklanma yerinin olmasıdır. Yəni obyektin parklanma yeri yoxdursa, fəaliyyət göstərə bilməz. Yaxud həmin binada restoran, əyləncə mərkəzinin və sair açılmasına icazə verilmir. Belə olan halda, əlbəttə, küçədə tıxaclar olmur, vətəndaşlar da avtomobillərini rahat şəkildə park edirlər. Bakıda isə təəssüf ki, belə bir standart yoxdur. Bu özbaşınalığa görə, iaşə obyektlərinin, yaşayış yerlərinin parklanma yerləri olmur, vətəndaşlar da həmin obyektə gələrkən avtomobillərini yol kənarında saxlayırlar, beləcə, tıxac yaranmasına səbəb olurlar. Tıxaca səbəb olan sürücülərə də BNA cərimə tətbiq edir. Lakin sürücülərin bir haqlı məqamı var. Ticarət mərkəzinə hamı ictimai nəqliyyatla gəlməli deyil ki. Məsələn, Əhmədlidə yaşayan bir vətəndaş şəhərin mərkəzində yerləşən ticarət mərkəzinə, yaxud ASAN Xidmət mərkəzinə gəlir. Avtomobilini harada saxlamalıdır?"

 

 

Ekspert bildirir ki, Bakıda tikinti standartlarına əməl edilmədiyindən həm sürücülər, həm piyadalar əziyyət çəkirlər: "Tıxac məsələsi artıq milli faciəmizə çevrilib. Bakı Berlin, Moskva, İstanbuldan böyük deyil. İri şəhərlərdə tətbiq edilən tıxacların tənzimlənməsi təcrübəsi öyrənilməlidir. Bir məsələ də var ki, bizdə süni tıxacları Yol polisi yaradır. Pik saatlarda hərəkəti tənzimləmək üçün süni tıxaclar yaradılır və bu problemin həlli kimi qəbul edilir".

 

E.Cəfərov əlavə edir ki, qanunvericilikdə parklama qaydalarının pozulmasına görə, cərimə tətbiqi nəzərdə tutulub, amma müəyyən istisna halları var: "Təəssüf ki, müvafiq qurum nümayəndələri bu istisnaları sürücülər üçünü aydınlaşdırmır, maarifləndirmə aparmırlar. Sadəcə ucdantutma cərimə yazılır. Bu, doğru yanaşma deyil. Düşünürəm ki, Bakı Nəqliyyat Agentliyinin əməkdaşları bu yöndə addımalr atmalıdırlar".

 

( BNA-nın cəriməsindən yayınmağa çalışan sürücülər )

 

Cavid QƏDİR

TED + bölməsindən digər xəbərlər

Daha çox