AZ

Rəqəmsal mühitin müəllif hüquqlarına təsiri – Bizə aid olanı yetərincə qoruya bilirikmi?

 

926bfb858a9836105a183f134e25b154.jpg
18.02.2020 13:21

Texnologiyanın inkişafı virtual mühitdə intellektual mülkiyyət və müəllif hüquqlarının qorunmasını olduqca aktuallaşdırıb. İntellektual mülkiyyət bazarındakı proseslərin tənzimlənməsi bu sahə ilə bağlı ayrı-ayrı dövlətlərdə qanunların sayını da çoxaldır. Eyni zamanda ölkələrin beynəlxalq müvaqilələrə qoşulması həmin qanunverici sənədlərin prinsiplərinə əməl olunmasını olduqca vacib edir.

 

Bəs bu hüquqlar Azərbaycan qanunlarında necə tənzimlənir?

 

Bununla bağlı TED.az-a danışan Vəkillər Kollegiyasının üzvü, vəkil Roman Qaraşov bildirib ki, intellektual yaradıcılıq məhsullarının cəmiyyətə internet resurslarından istifadə edilməklə yayılması zamanı məsuliyyətsizlik və səhlənkarlıqdan, eyni zamanda hüquqi biliklərin zəif olması səbəbindən kobud pozuntulara yol verilir: “Bədii əsər və ya bir incəsənət nümunəsi yaradan şəxs ona məxsus hüquqları bir çox hallarda qeydiyyatdan keçirmir, nəticədə də hüquqları pozulduğu zaman effektiv müdafiə mexanizmlərini işə sala bilmir. Tövsiyə edirəm ki, hər bir halda beyin məhsulunuzu yaratmaqla yanaşı, onun qorunması məqsədilə müəlliflik hüququnuzu müvafiq qurumda tanıtmalı, yaratdığınız yeni elmi kəşflərə patent almaqla birinci qeydiyyatdan keçməlisiniz. Daha sonra həmin məlumatları internet vasitəsilə ictimaiyyətə açıqlayıb, sərbəst şəkildə bəyan edə bilərsiniz. Belə olan halda hansısa şəxs tərəfindən hüququnuz pozularsa, həm mülki, həm inzibati, həm də cinayət hüquqi məsuliyyət tədbirləri ilə pozulmuş hüquqlarınızı bərpa etdirə biləcəksiniz”.

 

 

Roman Qaraşov qeyd edib ki, İnzibati xətalar məcəlləsinin 185-ci maddəsinə əsasən Müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması inzibati məsuliyyət yaradır: “Bu cür pozuntulara yol verən şəxslər cərimə oluna bilərlər. Cinayət məcəlləsinin 165-ci maddəsinə əsasən Müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması cinayət məsuliyyəti yaradır. Müəlliflik hüququ və ya əlaqəli hüquq obyektlərindən qanunsuz istifadə etmə, yəni özgənin elmi, ədəbi, bədii və ya başqa əsərini öz adı ilə nəşr etdirmə və ya özgənin müəllifliyini başqa cür mənimsəmə, bu cür əsəri qanunsuz olaraq yenidən dərc etmə və ya yayma, habelə şərikli müəllifliyə məcbur etmə, əgər bu əməllər nəticəsində xeyli miqdarda ziyan vurulubsa – min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır”.

 

“Eyni əməllər təkrar törədildikdə və ya qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə – iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”, –deyə vəkil R.Qaraşov əlavə edib.

 

 

Zeynəb ƏKBƏR

 

TED + bölməsindən digər xəbərlər

Daha çox