AZ

Nazirlik universitet və iş dünyası arasında əlaqə yaradacaq tənzimləyici mexanizm qurmalıdır – TƏKLİF

1612027d3fe9501ac38e302a368b620a.png
19.02.2020 12:37

Azərbaycanda ilk dəfə olaraq magistratura pilləsində “Dövlət informasiya sistemlərinin təhlükəsizliyi”, “Rəqəmsal hökumət”, Süni intellekt”, “Məsafədən müşahidə” və s. adlı ixtisaslar tədris olunacaq. Yerli mütəxəssislər adından da bəlli olan müasir ixtisasları İKT sahəsinin inkişafı istiqamətində mühüm amil kimi qiymətləndirirlər. Bu gün əmək bazarında hər bir ixtisasa tələbat olduqca böyükdür.

 

 

Bəs sözügedən ixtisasların keyfiyyətli tədrisinə universitetlərin daxili idarəetmə sistemində hansı problemlər mane ola bilər?

 

Bununla bağlı TED.az-a danışan “Data Science Academy”nin təsisçisi  Etibar Hüseynli bildirib ki, fakültə və kafedraların rəhbər şəxslərinin müasir idarəetmə bacarıqlarına və biznes düşüncəsinə sahib olmaması bu problemlər sırasında gəlir: “Universitet kafedrası və ya fakültəsi biznes kimi idarə edilərsə uğurlu olar. Amerikada yanaşma belədir. Kafedra müdiri keyfiyyətli tədqiqat və təhsil vermək hədəfləyir ki, daha çox tələbə cəlb etməyə nail ola bilsin. Universitetlər yalançı mütəxəssislərlə yox, əsl mütəxəssislərlə dolmalıdır. Bunun üçün isə universitetlərdə belə mütəxəssisləri cəlb edən şərait və qaydalar olmalıdır”.

 

 

 

E.Hüseynli universitet müəllimlərinin praktiki bilik və bacarıqlardan uzaq olduğunu da vurğulayıb: “Universitetlərimiz həyatında bir dəfə maliyyə hesabatı görməyən maliyyə müəllimləri, statistika sözünün mənasını bilməyən statistika müəllimləri, kompüteri təbaşirlə öyrədən, bu gün heç kimə lazım olmayan 1970-ci illərin kompüter texnologiyasını tədris edən texnologiya müəllimləri ilə doludur. Əsl mütəxəssisi cəlb edə bilməyən universitet idarəçilərinin dadına bu müəllimlər çatır. Başa düşürəm onlar da pul qazanmalıdır. Lakin xərcini cəmiyyət və gələcəyimiz milyardlarla dəfə daha çox çəkir. Müəllim beynəlxalq indeksli jurnalda banklar haqqında elmi məqalə yazıb. Bu məqaləni banka versək bank cırıb atar ki, mənə lazım deyil. Çünki məqalənin tədqiq etdiyi problem real deyil. Müəllimlər real problemləri tədqiq etsin. İş dünyası bundan fayda əldə etsin”.

 

Etibar Hüseynli qeyd edib ki, universitet və iş dünyası arasında əlaqə qurulmalıdır: “Bu əlaqəni qurmaqda nəinki universitetlər, iş dünyası daha çox maraqlı olmalıdır. Hətta Təhsil Nazirliyi bunu tənzimləyən mexanizm qurmalıdır. Azərbaycan Beynəlxalq Bankı IBA Tech Academy-ni niyə hansısa Azərbaycan Universiteti ilə əməkdaşlıq əsasında icra etmir? Azercell, Bakcell, Azerfon, Paşa Bank, Kapital Bank və s. kimi müasir və böyük qurumlar son bir ildə universitetlərlə birlikdə hansı layihələri icra edib? Bu qurumlarla işləməyə ən çox hansı universitetlər maraqlıdır? Bu statistikanı aparan qurum varmı? Başqa nümunələr də çəkmək olar. Mən Beynəlxalq Bankı və ya digərlərini qınamıram. Onlar çox müasir işlər həyata keçirirlər. Sadəcə onlarla eyni dili danışa bilən universitet idarəçiləri azdır”.

 

 

Zeynəb ƏKBƏR

 

Elm bölməsindən digər xəbərlər

Daha çox