AZ

Sosial şəbəkələrə senzura tətbiq etmək olmaz – Hüquqşünas Feysbukun qurucusunun fikirlərini belə şərh etdi

d80dbc9015384d42669c97236d7e99fa.png
20.02.2020 16:25

Münhendə keçirilən təhlükəsizlik konfransına dair müzakirədə Feysbukun yaradıcısı Mark Zükerberq sosial şəbəkələrlə medianı müqayisə etməyin düzgün olmadığını bildirib.

 

O, qeyd edib ki, Feysbuk mətbuat deyil: “Əgər jurnalist qəzet üçün material yazırsa, həm müəllif həm də media məsuliyyət daşıyır. Sosial şəbəkədə belə deyil. Şəbəkə istifadəçilərini məsuliyyətə cəlb etmək çətindir”.

 

Hüquqşünas Ələsgər Məmmədli TED.az-a Mark Zükerberqin bu məsələdə haqlı olduğunu bildirib: “Çünki media orqanı məqsədli olaraq açılan və birbaşa KİV kimi bəlli peşə standartı olan, peşəkar informasiya axınını kontrol edən strukturdur. Feysbuk isə bir platformadır. Platforma üzərinə media qurumları da öz bölmələrini daşıya bilirlər. Media ölkədə fəaliyyət göstərir, amma sosial şəbəkə özü sanki bir ölkədir. Orda televiziya, radio, korperativ qurumlar da ola bilər. Amma qeyd etmək istəyirəm ki, jurnalist belə yaydığı hansısa yanlış məlumata görə məsuliyyətə cəlb olunanda fiziki şəkildə təcrid olunmur, sadəcə olaraq, ondan konpensasiya alınır. Azərbaycan Konstitusiyasının 50-ci, Avropa İnsan hüquqları Konvensiyasının 10-cu madəsində deyilir ki, hər kəsin ifadə azadlığı var. Bu, sosial şəbəkələrə, həmçinin ənənəvi mediaya da aiddir”.

 

 

Ələsgər Məmmədli qeyd edib ki, sosial şəbəkələrə məhdudiyyət, senzura qoymaq qadağandır: “Müasir demokratik ölkələrdə senzura qadağandır. Yəni yanlış varsa, bunu məhkəmədə düzəltmək lazımdır. Senzura antidemokratik və totarial yanaşmadır. Buna görə də sosial mediada çıxışa blok qoymaq olmaz. Feysbukun yaradıldığı ölkə ABŞ-dır və orda da informasiya azadlığı var. İnformasiya azadlığı olan yerdə isə bu vəziyyət kütləviləşsə belə, Feysbukun məsuliyyət daşıması mümkün deyil”.

 

 

Nuranə DAXİLQIZI

 

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox