AZ

Sosioloq: Əhalinin imkanlı görünmək istəyi texnologiyanın başında çatlayıb

751d1cb79124a047919bc0614bece482.jpg
26.02.2020 19:03

Bir sıra texnoloji üstünlüklər nəhəng şirkətlərin dünya bazarında irəliləməsinə səbəb olur. Bəs insanların həmin şirkətlərə xeyli gəlir gətirən bu yenilikləri belə həvəslə qarşılamasının səbəbi nədir? Yeniliklərdən yararlanmaq, yoxsa imkanlı görünmək istəyi?

 

“Ucuz modeli kənara qoyub bahalını nümayiş etdirmək azarı…”

 

Mövzu ilə bağlı TED.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu məsələni mənəvi dəyərlərlə əlaqələndirib. Bildirib ki, insanın davranışında 4 amil mühüm rol oynayır – daxili aləm, mühit, aldığı informasiya və üstünlük verdiyi dəyərlər: "Təssüf, son onilliklərdə mənəvi dəyərlərə o qədər də önəm vermirik, onlar arxa plana keçiblər. Yerlərini isə maddi dəyərlər, özününümayiş istəyi tutub. Qorxunc vəziyyətdir. Baş verən xoşagəlməz halların kökündə də elə mənəvi dəyərlərin arxa plana keçməsi durur. Digər tərəfdən, yeniyetmə və gənclər mühitə qarşı xüsusilə həssasdırlar. Mühitdə ucuz modeli kənara qoyub bahalını nümayiş etdirmək azarı yayılıbsa, bu, yeniyetməyə də sirayət edəcək. Doğrudur, bahalı model rahatlıq və digər üstünlükləri ilə də fərqlənə bilər. Amma belə üstünlüklər heç də hamıya lazım deyil. Bundan yalnız bir qrup şəxs yararlanır".

 

 

“Eyni xalqın nümayəndələri özlərini fərqli mühitlərdə müxtəlif cür aparırlar”

 

Sosioloq bahalı modellərin şirkətlərə gəlir gətirməsini insanların orijinallıqdan qaçıb təqlidə sığınmaları ilə də əlaqəlidirib: "Cəmiyyətin 80%-i yamsılamağı xoşlayır. Bu adət yalnız Azərbaycanda deyil, bütün dünyada var. Əhalinin yalnız 20%-nin təhlil etməyə, düşünməyə tələbatı var. Mühitdə belə ucuz, maddiyyata meyilli davranış yayılıbsa, insanlar onu izləməyə, təqlid etməyə başlayırlar. Bu adət xaricdən gələnlərin də gözündən qaçmır. Belə bir tendensiya əhali haqqında heç də müsbət fikir formalaşdırmır. Tanıdığım xaricdə yaşayan azərbaycanlılar vətənə qayıdanda insanların böyük avtomobillər sürməyə, gözəçarpan geyimlər geyinməyə, bahalı telefon işlətməyə meyilli olmalarını təəccüblə qarşılayırlar. Çünki xaricdə mühit, dəyərlər və informasiyalar başqadır. Buna görə də oradakı azərbaycanlı belə formalaşıb. Bu mədəniyyət şokunu özüm də yaşamışam. Uzun müddət Rusiyada qaldıqdan sonra vətənə qayıtdım. Gördüm ki, Bakıda avtobusda heç kim bilet almır. Sürücüyə 5 qəpik pul atıb gedən adamlara bilet almaq bir təhər gəlirdi. Amma Rusiyada hamı dərhal yaxınlaşıb kassadan bilet götürürdü. Baxın, eyni xalqın nümayəndələri özlərini fərqli mühitlərdə müxtəlif cür aparırdılar".

 

“İmkanlı görünməyə maraq artıb və bu, texnologiyanın başında çatlayıb”.

 

Əhməd Qəşəmoğlu vurğulayıb ki, belə vəziyyətin yaranmasında əhalinin günahı yoxdur. Sadəcə prosesləri elə tənzimləmək lazımdır ki, bu hallar baş verməsin: "Azərbaycanda bu kimi məsələlərə diqqət yoxdur. Ona görə də imkanlı görünməyə maraq artıb və bu, texnologiyanın başında çatlayıb. Amma mənəvi dəyərlərin arxa plana keçməsi də çox təhlükəlidir. Onun fəsadları artıq göz önündədir. Min illərdir, müdriklər bizə mənəvi dəyərlərin önəmini boşuna söyləmirlər. Belə olsa, cəmiyyət özünü ahəngdar tənzimləyəcək. Dəyərlər sıxışdırıldıqda isə xoşagəlməz vəziyyət yaranır. Bunun qarşısını almaq üçün ciddi elmi əsasları olan fəaliyyət proqramı hazırlanmalıdır. Bu proqram hansı humanitar siyasətə üstünlük verməli, hansı qanunları qəbul etməli olduğumuzu müəyyənləşdirəcək. O, hansı işləri görməli olduğumuzun vacibliyini əsaslandıracaq. Hazırda isə bu sahədə ciddi boşluqlar var".

 

Lamiyə SÜLEYMANLI

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox