AZ

Vüsal Qasımlı: İnvestisiyaların cəlbinə görə ilk pillədə sığorta sahəsinin fintekləri yer alır

3995f487aa44558e2d0b9c6a10b39582.jpg
27.02.2020 14:12

“Ümumən maliyyə texnologiyaları sürətli şəkildə və geniş spektrdə tətbiq olunur. Əsas sahələrə ödəniş sistemləri, pul köçürmələri, şəxsi maliyyə idarəetməsi, audit və risk menecmenti, maliyyə bazarları və investisiya, eyni zamanda, daşınmaz əmlak və sığorta sahəsini göstərmək olar. Ötən ildə investisiyaların cəlbinə görə ilk pillədə sığorta sahəsinin fintekləri (insurtech) yer alır. Belə ki, sadəcə son rübdə bu sahəyə 1.8, bütün il ərzində isə 6.8 milyard dollar vəsait cəlb olunub. Əmlakın sığortası, tibbi sığorta, biznes sığortası sahəsində ixtisaslaşan 1 milyard dollardan çox dəyəri olan finteklər, eyni zamanda, həyat sığortası və kiçik bizneslərin sığortasını həyata keçirən digər şirkətlər müvafiq istiqamətlərdə riskləri qiymətləndirir, anderraytinq əməliyyatlarını həyata keçirir və maraqlı tərəflərin vahid platforma üzərində əlaqələndirilməsini təmin etməklə sığorta prosedurlarını daha səmərəli edir. Bu sahənin investisiya həcminə görə liderlik etməsinə gəldikdə isə, risk faktorunun olduğu müddətcə sığortaya ehtiyacın olmağa davam etməsi məhz bu sahənin trend olaraq qalması və digər sahələrlə müqayisədə daha çox investisiya cəlb etməsi halını izah edə bilər”.

 

TED.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

 

Vüsal Qasımlı bildirib ki, digər fintek tətbiqi sahəsi olan ödəniş sistemləri və pul köçürmələri blokçeyn texnologiyalarının tətbiqi ilə daha sürətli və şəffaf şəkildə həyata keçirilir: “Xüsusən “Etherium” platformasından istifadə edən böyük şirkətlər bu texnologiyanın tətbiqi ilə prosedurları sürətləndirir, əmək resurslarından istifadəni və xərcləri azaldır, eyni zamanda, yeni bazarlara girişi təmin edirlər. Belə ki, yeni texnoloji həllərin tətbiqi çox xərc tələb edən proseduralardan hesab olunan klirens (rəsmiləşdirmə) əməliyyatlarını daha səmərəli formada həyata keçirməyə imkan yaradır. Eyni zamanda, əmək resurlarının böyük və nüfuzlu şirkətlərdə baha olduğunu nəzərə alaraq, kiçik və az gəlirli bazarlardakı əməliyyatlara onların cəlb olunması məqsədəmüvafiq hesab olunmurdu. Lakin Fintekin tətbiqi artıq bu bazarlarda əməliyyatların avtomatlaşdırılmış şəkildə həyata keçirilməsini mümkün edir. Bu da şirkətin fəaliyyət spektrini və gəlirlərini artırır”.

 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox