AZ

İnkubasiya mərkəzlərində əsas problem nədən ibarətdir? – “eazi START”ın timsalında

623b008f871320124514bc89aeb30e28.jpg
18.03.2020 13:17

“Müraciət edəcək ideya müəllifləri öncə bazarı araşdırsınlar. Əsas problem budur. Tələbələr bazarı araşdırmadan elə düşünürlər ki, dünyada belə bir şey yoxdur və ilk onların ağıllarına gəlib. Xüsusilə də xarici bazarları tədqiq etməlidirlər”.

 

Bu sözləri TED.az-a açıqlamasında Azərbaycan Dövlət Neft və Sənaye Universitetində fəaliyyət göstərən “eazi START” Startap və İnnovasiya Mərkəzinin rəhbəri Elviz İsmayılov deyib.

 

“Müraciətçinin yalnız ADNSU tələbəsi olması şərt deyil”

 

O, mərkəz barədə məlumat verərkən bildirib ki, buraya hansı startap ideyaların qəbul olunması ilə bağlı konkret şərt yoxdur: “Startap ideya mərhələsində olsa belə, inkişafı üçün şərait yaradır, komanda işinin qurulmasında kömək edirik. Əsasən texniki və maddi dəstək göstəririk. Bəzən tələbənin ideyası olsa da, komandası hələ formalaşmır. ADNSU tələbələrindən həmin startapa marağı olanları seçir, komanda təşkil edirik. Müraciətçinin yalnız ADNSU tələbəsi olması şərt deyil. Mərkəzə digər ali təhsil müəssisələrində təhsil alanlar da müraciət edə bilərlər. Mərkəzimizə müraciət edən tibb tələbəsinin IT bilikləri olmaya bilər, amma onu İT barədə məlumatlı tələbə ilə eyni komandaya daxil edirik ki, bir sinerji formalaşsın. Startapı qəbul edərkən ideyanın nə dərəcədə real olmasına diqqət edirik. Reallıq dərəcəsini yüksək dəyərləndirdiyimiz startaplara üstünlük veririk. Hansı sahəyə aid olması isə əhəmiyyət daşımır”.

 

 “Akselerasiya mərkəzimiz də startaplarımıza təkan verəcək”

 

 

 

 

Mərkəzin rəhbəri bildirib ki, “eazi START”ın dəstək göstərdiyi, sonradan bazarda özünə yer tutan startaplar da olub: “Məsələn, bir layihəmiz hazırda mobil tətbiq kimi fəaliyyət göstərir. Kollecdə məlumat-informasiya fəaliyyəti ilə məşğul olur. Hazırda kolleclərin birində tətbiq olunur. Tələbələrin elektron sistemini onun vasitəsilə tətbiq ediblər. Mərkəzə sosial şəbəkə hesabı, həm də şəxsi kontaktlarım vasitəsilə müraciət edə bilərlər.

 

Ötən il startap zəncirində əhəmiyyətli bölmə olan Akselerasiya Mərkəzimiz də rəsmi olaraq açılmışdır. Bu məkanda, eyni zamanda 12 komandanın işləməsi üçün şərait var. Startap ideyaları kommersiya layihələrinə çevrildikcə müvafiq komandaları Akselerasiya Mərkəzinə köçürəcəyik: bu, həmin komanda-şirkətlərin ofisi olacaq. Akselerasiya mərkəzimiz də startaplarımıza təkan verəcək.

 

Amma təəssüflə qeyd etmək lazımdır ki, geniş yayılmış tendensiyaya görə hər tələbə və ya komanda öz startapı ilə sona qədər gedə bilmir. Startapçılıq uzun və çətin prosesdir. Tələbələrin bir çoxu isə tez zamanda uğur və pul qazanmaq istəyirlər. Bəziləri tez ruhdan düşdükləri, digərlər isə daimi məvacibli iş təklifləri aldıqlar üçün yolu yarısında dayanaraq öz layihələrini yarımçıq buraxırlar”.

 

“Bazarı araşdırmadan elə bilirlər, dünyada belə bir şey yoxdur və ilk onların ağıllarına gəlib”

 

Elviz bəy ideya müəlliflərinə müraciət etməzdən öncə bazarı araşdırmağı məsləhət görüb: “Müraciət edəcək ideya müəllifləri öncə bazarı araşdırsınlar. Əsas problem budur. Tələbələr bazarı araşdırmadan elə düşünürlər ki, dünyada belə bir şey yoxdur və ilk onların ağıllarına gəlib. Xüsusilə də xarici bazarları tədqiq etməlidirlər. Çünki ideyaları Azərbaycan üçün yenilik olsa da, dünyada artıq tətbiq edilmiş ola bilər. Bir sözlə, rəqabət mühitini araşdırmalı, ideyalarına oxşar startaplar barədə məlumatlı olmalıdırlar. Digər ölkələrdə analoq olmayan, innovativ ideyaları inkişaf etdirərək daha çox uğur qazanmaq olar”.

 

 

Lamiyə SÜLEYMANLI

Startaplar bölməsindən digər xəbərlər

Daha çox