AZ

Bu dövlət qurumlarının fəaliyyəti məhdudlaşdırılıb SORĞU

d6114612c0374f14db9c8244cef0df2a.jpg
19.03.2020 19:45

Koronavirusa görə minlərlə insan evdən işləməyə başlayıb. Dünyanın bir çox nəhəng şirkətləri də daxil olmaqla, iri və xırda müəssisə işçiləri fəaliyyətlərini distant şəkildə davam etdirir. Koronavirus səbəbindən Azərbaycanda da bir sıra qurum və təşkilatlar məsafədən işləmə üsulu ilə fəaliyyət göstərirlər. 


TED.az olaraq dövlət qurumu və təşkilatlar arasında sorğu keçirdik. 


Maliyyə Nazirliyi


Qurumun mətbuat katibi Mais Priyev bildirib ki, koronavirus pandemiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə aparılan təxirəsalınmaz tədbirlər çərçivəsində Maliyyə Nazirliyi sistemində işçilərin iş rejiminin dəyişdirilməsi, habelə digər preventiv tədbirlərin gücləndirilməsi məqsədilə əmr imzalanıb: "Əmrə əsasən, Nazirliyin Aparatı, struktur bölmələri və yerli maliyyə orqanlarında vəzifə funksiyalarını evdə yerinə yetirmələri mümkün olan işçilər iş yerinə gəlmədən saat 09:00-dan 18:00-dək evdən distant işləmə rejiminə keçirilib. Evdən işləmə rejiminə keçən işçilərlə iş vaxtı ərzində telefonlarla və internetlə onlayn rejimdə daim əlaqə saxlanılacaq". 

 

M.Piriyev qeyd edib ki, iclas və görüşlərin, əsasən, audio və videokonfrans formatında keçirilməsinə başlanılıb: "Vətəndaşların müraciətlərinin qəbulunun elektron (office@maliyye.gov.az) və telefon rabitəsi (012 4044699 daxili-195) vasitəsilə, habelə Nazirliyin ünvanına kağız daşıyıcıları göndərməklə həyata keçirilməsi, eyni zamanda Nazirliyin qaynar xəttinin (012 4044725) fəaliyyətinin gücləndirilməsi və vətəndaş müraciətlərinə xüsusi həssaslıqla yanaşılması ilə bağlı müvafiq struktur bölmələrə tapşırıqlar verilib".

 

Dövlət Gömrük Komitəsi

 

Komitənin mətbuat katibi Natiq Axundov bildirib ki, qurumda vətəndaşların qəbulu və şifahi müraciətlərə baxılması işində müəyyən məhdudiyyətlər nəzərdə tutulub: "Qəbul otağında vətəndaşların fərdi surətdə qəbulu təxirə salınıb. Fərdi qəbul üçün vətəndaşlardan Komitəyə gəlməmələri xahiş olunur. Müraciətlər yalnız elektron və telefon vasitəsilə qəbul ediləcək. Vətəndaşlar müraciətlərini yazılı şəkildə public@customs.gov.az elektron ünvanına göndərə və ya Komitənin rəsmi internet saytında fəaliyyət göstərən Komitə sədri ilə birbaşa əlaqə (virtual qəbul) bölməsinə ünvanlaya bilərlər".

 

N.Axundov qeyd edib ki, şifahi müraciətlərin, Dövlət Gömrük Komitəsinin fəaliyyətilə bağlı sualların cavablandırılması üçün Komitənin 195/6 nömrəli "Çağrı Mərkəzi" ilə əlaqə yaradılması xahiş olunur: "Gömrük prosedurları ilə bağlı Komitə səviyyəsində həll edilməsi zərurəti yaranmış məsələlərlə əlaqədar vətəndaşlar 012-404-22-38 nömrəli telefonla "Qaynar xətt" vasitəsilə müraciət edə bilərlər".

 

Kənd Təsərrüfatı Nazirliyi

 

Nazirliyin mətbuat katibi Vüqar Hüseynov bildirib ki, normal iş qaydasında əməkdaşlar fəaliyyətlərini davam etdirirlər: "Vətəndaşların müraciətləri elektron, onlayn qaydada və telefon rabitəsi vasitəsilə fasiləsiz cavablandırılır. Müraciətlər nazirliyin (012) 498-89-14, (012) 498-08-44 (daxili: 1296) telefon nömrəsi və “1652” Çağrı Mərkəzi vasitəsilə qəbul edilir və cavablandırılır".

 

V.Hüseynov vətəndaşların həmçinin, nazirliyin agro.gov.az internet səhifəsi və web@agro.gov.az elektron poçt ünvanı vasitəsilə də müraciət edə biləcəklərini vurğulayıb: "Vətəndaşların müraciətlərində operativliyi təmin etmək məqsədilə nazirlik və ona tabe qurumların “Skype” ünvanları istifadəçilərin ixtiyarına verilib. Vətəndaşlar “Skype” ünvanlarına müraciət edə bilərlər. Müraciət edənlərin sualları operativ şəkildə cavablandırılacaq".

 

Azərsu ASC

 

Səhmdar cəmiyyətin mətbuat xidmətindən verilən məlumata görə, koronavirus infeksiyasının yayılmaması ilə bağlı profilaktik tədbirlər haqqında “Azərsu” ASC sədrinin əmrinə əsasən, cəmiyyətdaxili kütləvi tədbirlər ləğv edilib, təlim-tədris mərkəzinin fəaliyyəti dayandırılıb, vətəndaşların qəbuluna müvəqqəti məhdudiyyətlər tətbiq olunub, işçilərin ölkədaxili və xarici ezamiyyələri məhdudlaşdırılıb: "Bu müddətdə iş yerlərinə kənar şəxslərin, o cümlədən, işlə əlaqədar qonaqların girişi məhdudlaşdırılıb və belə görüşlərin məsafədən təşkili təmin edilib. Vətəndaşların müraciətləri telefon rabitəsi (431-47-67, daxili 12-20, 11-92) və elektron qaydada (www.azersu.az rəsmi internet səhifəsinin onlayn çat və elektron xidmətlər bölməsi) həyata keçirilir".

 

Qeyd edilib ki, tabeli təşkilatlarda iş ahənginin pozulmaması şərtilə işçilərin işə çıxmasına məhdudiyyətlər qoyulacaq: "60 yaşdan yuxarı şəxslər və öhdəsində azyaşlı uşağı olan qadınlar, soyuqdəymə, halsızlıq və digər bu kimi hallar müşahidə edilən işçilər işə cəlb edilməyəcək. 955 Zəng mərkəzi bayram günlərində vətəndaşların müraciətlərini fasiləsiz qəbul edəcək".

 

Energetika Nazirliyi

 

Nazirliyin mətbuat katibi Zəminə Əliyeva bildirib ki, hələ işlər normal qaydada davam edir: "Bayram günlərində isə distant şəkildə fəaliyyət göstərəcəyik".

 

Mətbuat Şurası

 

Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov bildirib ki, bu günədək koronavirusla bağlı üç dəfə KİV-ə müraciət olunub: "Müraciətlərdə jurnalistlərə peşəkar davranmağı, infeksiya ilə bağlı yalnız yoxlanılmış, rəsmi təsdiqini tapmış materialları yaymağı tövsiyə etmişik. Bu istiqamətdə fəaliyyətimiz davamlı olacaq. Mütəmadi olaraq KİV-in baş redaktorları ilə də əlaqə saxlayırıq. Hansısa tədbirə yollanan, xüsusən infeksiya riski olan yerlərə gedən əməkdaşlarının təhlükəsizliklərini necə qoruduqları ilə maraqlanmışıq, tövsiyələrimizi vermişik".

 

"Bilirsiniz ki, sabahdan Novruz bayramı ilə əlaqədar qeyri-iş günləri başlayır. Bu müddətdə biz də işimizi müəyyən qədər məhdudlaşdıracağıq. Əlbəttə, media elə sahədir ki, gərək hər zaman prosesləri diqqətdə saxlayasan. Təbii ki, əsas əməkdaşlarımız bunu edəcəklər" - deyə, Ə.Amaşov əlavə edib.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

 

Agentliyin mətbuat katibi Anar Nəcəfli bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi iş üzrə təlimatı bütün dövlət strukturlarına göndərilib: "Bizim agentlikdə də idarə heyətinin sədrinin imzası ilə xüsusi əmr imzalanıb və işçilərin, xüsusilə də 60 yaşdan yuxarı, öhdəsində az yaşlı uşağı olan şəxslərin evdən işləməsi təmin olunur". 

 

A.Nəcəfli qeyd edib ki, işçilərin işə gəlmək istəkləri varsa, onlar üçün qısaldılmış iş rejmi tətbiq olunur: "Yəni işçilər saat 10:00-da gəlib 17:00-da gedə bilərlər. Həmçinin xüsusi nəzarət həyata keçirilir, bütün iclas və konfranslar təxirə salınıb. Ancaq telefon, internet rabitəsi vasitəsilə əlaqə yaratmağa üstünlük verilir. Giriş-çıxışda xüsusi maarifləndirici videoroliklər təqdim olunur".

 

Mədəniyyət Nazirliyi

 

Qurumun İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov bildirib ki, Mədəniyyət Nazirliyində də Operativ qərargahın təlimatları əsasında tədbirlər davam etdirilir: "Təhsil ocaqlarında tədris dayanıb, teatr, konsert müəssisələrində, muzey və kitabxanalarda məhdudiyyətlər qoyulub. Son təlimata uyğun olaraq nazirlikdə növbəti əmr imzalanıb. Baş nazir Əli Əsədovun mərkəzi və yerli İcra Hakimiyyəti Orqanlarına və dövlət qurumları rəhbərlərinə ünvanlanmış xüsusi iş rejmi ilə bağlı regional mədəniyyət idarələrinə və mədəniyyət müəssisələrinə tapşırıqlar verilib". 

 

İ.Hümbətov qeyd edib ki, tapşırıqlara əsasən, iclas, konfrans və toplantıların yalnız telefon və internet rabitəsi vasitəsilə keçirilməsinə üstünlük verilir, mümkün olduğu qədər əməkdaşların məsafədən işləməsinə baxılır: "Bununla yanaşı, 60 yaşdan yuxarı, öhdəsində az yaşlı uşağı olan şəxslərin evdən işləməsi də qeyd olunub. Bu məsələlərə bütün müəssisələrdə ciddi şəkildə riayət edilir. Tədris müəssisələrində onlayn dərslərin keçirilməsi məsələsi ilə bağlı da işlər görülür. Musiqi dərslərinin tədrisinin televiziya vasitəsilə aparılması üzrə də işlər gedir. Xoreoqrafiya və musiqi məktəblərində keçirilən dərsləri onlayn şəkildə öyrənmək üçün müəssisələrin sosial şəbəkə səhifələrində onlayn dərslər yerləşdirilir. Bununla yanaşı, muzeylərdə onlayn ekskursiya təşkil olunacaq. Kitabxana şəbəkələrində isə həmçinin onlayn şəkildə əlaqə saxlamaqla kitabları əldə etmək mümkündür".

 

Dövlət Miqrasiya Xidməti

 

Mətbuat katibi Elnur Kələntərov bildirib ki, hər şey qaydasındadır: "Növbətçilik prinsipi ilə işə gələn və distand şəkildə fəaliyyət göstərən əməkdaşlarımız da var. Əsas odur ki, xidmət göstəririk".

 

Nuranə DAXİLQIZI 

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox