AZ

Nazirlik xüsusi karantin rejimində fəaliyyət göstərəcək obyektlərin adını açıqladı

 

6bcb95aa8490fb24e386ce7cbf731136.jpg
30.03.2020 11:52

Daxili İşlər Nazirliyi (DİN) xüsusi karantin rejimi dövründə hansı obyektlərin işləyəcəyini açıqlayıb.

 

TED.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovun verdiyi məlumata görə, xüsusi karantin rejimi dövründə əhalinin sağlamlığını qorumaq məqsədi ilə respublika ərazisində bəzi obyektlərin fəaliyyəti dayandırılır, bəziləri isə fəaliyyətlərini davam etdirirlər.

 

E.Zahidov bildirib ki, vətəndaşları ən çox maraqlandıran - bərbərxana və gözəllik salonlarının fəaliyyəti dayandırılır:

 

“Avtoyuma məntəqələri, avtomobil təmiri sexləri, avtomobil ehtiyat hissələrinin satışı mağazaları, tikinti materiallarının satışı mağazaları, kimyəvi və quru təmizləmə məntəqələri, mal-qara yemi satılan mağazalar, Zoomağazaların fəaliyyətində isə heç bir məhdudiyyət yoxdur”.

 

DİN rəsmisi vətəndaşların şəxsi nəqliyyat vasitələrindən istifadəsinə qadağa qoyulması barədə yayılan məlumatlara da münasibət bildirib. Qeyd edib ki, şəxsi nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması ilə bağlı yayılan məlumatlar yalandır: “Şəxsi avtomobillərin hərəkətinə heç bir məhdudiyyət qoyulmayıb. Bununla belə tövsiyə olunur ki, ciddi zərurət olmadan lüzumsuz yerə nəqliyyatdan istifadə olunmasın. Avtomobil sahibləri və sürücülər yol hərəkəti və rejim qaydalarına ciddi riayət eləsinlər”.

 

Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminə riayət edilməsinə nəzarətin polis əməkdaşları tərəfindən gücləndirilməsi məqsədi ilə tədbirlər davam etdirilir.

 

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə martın 29-da saat 00:00-dan etibarən ölkə ərazisində xüsusi karantin rejimi gücləndirilib.

 

Xüsusi karantin rejimi dövründə supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün ticarət obyektlərində müştərilərə yerində xidmət dayandırılır, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilir.

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox