AZ

Bu qərarın qüvvəyə minmə vaxtı uzadıldı

f47db07eab7ff55228714d283417c7e9.jpeg
02.04.2020 12:19

“Azərbaycan Respublikasının ərazisinə enəcək və Azərbaycan Respublikasının ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri və ekipajı barədə məlumatların daşıyıcılar tərəfindən verilməsi, habelə həmin məlumatların qəbul edilməsi, saxlanması və digər dövlət orqanları (qurumları) ilə mübadilə edilməsi Qaydası”nda dəyişiklik edilib.

 

TED.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. 

 

Qərara əsasən, Nazirlər Kabinetinin 2019-cu il 29 iyul tarixli 330 nömrəli qərarı dəyişdirilib. Həmin qərarı sabiq Baş nazir Novruz Məmmədov imzalamışdı. Novruz Məmmədovun imzaladığı sənəddə yazılırdı ki, bu qərar 2020-ci ilin aprelin 1-dən qüvvəyə minir. Əli Əsədovun qərarında isə bu müddət uzadılıb. Belə ki, müvafiq qaydalar 2021-ci ilin aprelin 1-dən qüvvəyə minəcək. 

 

Sənəddə müvafiq məlumatların daşıyıcılar tərəfindən verilməsi, həmin məlumatların Dövlət Sərhəd Xidməti tərəfindən qəbul edilməsi, saxlanması və dövlət orqanları ilə mübadiləsi barədə məsələlər öz əksini tapıb. Bunlar Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrin və Azərbaycan qanunvericiliyinin tələbləri rəhbər tutulmaqla həyata keçirilir. Azərbaycan ərazisinə enəcək və ölkə ərazisini tərk edəcək hava gəmisinin sərnişinləri barədə daşıyıcılardan daxil olan məlumatlar təhlil olunmalıdır. Həmin məlumatlar təhlil olunmaq üçün elektron formada real vaxt rejimində informasiya sisteminin müvafiq proqram təminatı vasitəsilə Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinə ötürülür.

TED + bölməsindən digər xəbərlər

Daha çox