AZ

Distant təhsil verən müəllim: "Canlı ünsiyyəti  heç bir texnika əvəz edə bilməz. Sadəcə məsafələr uzaqdırsa, bu təhsili alqışlayıram"

e2836dd583c6554a8c4c17a91686c1c1.jpg
03.04.2020 16:44

Deyirlər, istənilən texnologiya insan hisslərini təsvir etməkdə acizdir

 

Şagirdlərin məcburiyyət qarşısında tətilə göndərilmələri tədrislə bağlı çətinliklər yaratdı. Fədakar müəllimlər isə şagirdlərinin tədrisdən geri qalmamaları üçün müxtəlif yollara əl atdılar, texniki imkanları araşdırdılar. Kimi votsap, kimi skayp, mesencer, instaqram kimi çat proqramlarından istifadə ilə şagirdlərinə tapşırıqlar verərək boşluğu doldurmağa çalışdı. Bir qrup müəllim daha geniş imkanlar təqdim edən proqramlar vasitəsilə şagirdlərinə onlayn dərslər keçməyə başladı. Bakı şəhəri Ərəstun Mahmudov adına 220 saylı məktəb-liseyin ibtidai sinif müəllimi Firdanə Məmmədova da TED.az saytı ilə bu barədə təcrübəsini bölüşüb.

 

 

"5 yaşlı şagirdlərimlə ilk onlayn görüşümdə biri dedi ki, müəllimə, sizi qucaqlayıb çoxlu öpmək istəyirəm. Amma kompüterdə bunu edə bilmirəm. Bu sözlər mənə yaman təsir etdi".

 

Firdanə xanım koronavirusla mübarizədə ölkəsinə bacardığı qədər dəstək olmağa çalışır. Məktəblərin müvəqqəti bağlanmasına baxmayaraq, dərslərini distant yolla keçir. Az deyil, 27 illik iş təcrübəsi var. Bu illər ərzində ilk dəfədir ki, şagirdlərini kompüter arxasından salamlamalı olur: "Doğrusu, orta səviyyəli şagirdlərlə gözlədiyin nəticəni almaq çətindir. Xüsusilə də riyaziyyat fənnindən... Əlaçı şagirdlərlə isə hər şey qaydasındadır. Söylədiyim hər məlumatı, virtual və ya real olmasından asılı olmayaraq, başa düşürlər. Təməl möhkəm qurulduğuna görə dərs rahat keçir. Şagirdlərim ilk günlər dərsə çox rahat qoşulsalar da, üç gündür problemlər yaşayırıq: ya sistemdən çıxırıq, ya görüntü tutulur, ya da ki, səs qırılır... Bu gün maraqlandım, müəllimlərin çoxu proqramdan istifadə etdiyinə görə yüklənmə baş verib. Proqram gündən-günə pisləşir, bu gün çox çətin açılırdı. Artıq yeni yollar axtarmağa başlamışam. Bütün bu çətinliklərə baxmayaraq, şagirdlər çox həvəs göstərirlər. Proqramın funksiyaları dərsi sistemləşdirməyə imkan verir".

 

 

"Yeni proqramlar düşünmək olar"

 

Firdanə müəllimənin fikrincə, distant təhsil günü-gündən təkmilləşir: "Fikrimcə, distant təhsillə bağlı istifadəsi rahat və maraqlı funksiyaları çox olan yeni proqramlar düşünmək olar. Müxtəlif alətlər uşaqlarda dərsə maraq yaradır. Məsələn, Zoom proqramında hissləri ifadə edən əl işarələri var. Şagirdlər cavab vermək üçün onlardan istifadə edirlər. Bu onlara o qədər maraqlı gəlib ki, dayanmadan əl qaldırırlar. Bunu, bir həvəsləndirmə hesab etmək olar. Cavab verməyə həvəs göstərməyən şagirdlər belə, dərsdə fəallaşırlar. Amma canlı ünsiyyəti heç bir texnika əvəz edə bilməz. Sadəcə məsafələr uzaqdırsa, bu təhsili alqışlayıram. Üstəlik, bizim uşaqlar belə proqramların adlarını da, funksiyalarını da yaxşı bilirlər".

 

 

Gənc müəllimin sözlərinə görə, proqramdan pulsuz istifadə etdikləri üçün müəyyən vaxt məhdudiyyəti olur: "Zoom cəmi 45 dəqiqə dərs keçməyə icazə verir. Uşaqlar qoşulana qədər 10 dəqiqə vaxt keçir. Qalan vaxt isə bəzən heç riyaziyyat mövzusunun izahına çatmır və yenidən proqrama qoşulmalı oluruq. Proqram imkanlarından istifadə edərək başa saldığım mövzunu tam mənimsəməyənlər olur. İstənilən halda, məsafələrə görə distant təhsili məqbul hesab edirəm. Kim bilir, bəlkə, vaxt gələcək, azyaşlı məktəblilər də xaricdə təhsil almaq hüququ qazanacaqlar".

 

"Dərs izah edirəm, onlar isə öz aralarında söhbətləşirlər"

 

Uşaqların dərsə onlayn qoşulması bəzi maraqlı hadisələri də qaçınılmaz edir. Firdanə müəllimə onlardan ağız dolusu danışır: "Dərs izah etdiyim vaxt gördüm, çat işarəsində rəqəm yazılıb. İşarəyə daxil olanda məlum oldu ki, uşaqlar orada xeyli söhbətləşiblər. Təsəvvür edirsiz? Dərs izah edirəm, onlar isə öz aralarında söhbətləşirlər. Bir dəfə isə üzərində izah etmək üçün kitabın vərəqini kompüterə saldım. Bir də gördüm, kitabın üzərində yazılar gedir. Kim yazıbsa, silməyini xahiş etdim. Dərs zamanı şagirdlər mikrofonu söndürürlər. Yalnız əl qaldıranda onlara söz haqqı verirəm. Bir-bir mikrofonu açıb dedilər ki, "kim yazıb, silsin". Getdikcə səslər yüksəlib bir-birinə qarışdı. Dərsdən xeyli keçəndən sonra o yazıları silməyə nail oldum".

 

Firdanə müəllimə ETwinning layihəsi üçün də  "Evdə qal, evdən öyrən" adlı layihə başladıb. Onu yaratmaqda məqsədi isə şagirdlərin evdə qalaraq dərsdən başqa da fəal işlərlə məşğul olmalarıdır. Proqramın fərqi isə orada türkiyəli müəllimlərin də fəaliyyət göstərməsidir.

 

"Hazırlıq təklif edən valideynlər olsa da, dərsi bütün sinfə keçmək qərarına gəldim"

 

"Bəzi müəllimlər bütün sinfə deyil, yalnız yanlarına hazırlığa gələn şagirdlərə distant təhsil verirlər. Onlara nə demək istərdiz?" sualına isə gənc müəllimə belə cavab verib: "Müəllim olmağımı bir kənara qoyub, adi insan kimi düşünürəm. Çünki bu sual məni düşündürməyə bilmir. Dövlət işində çalışan hər kəs evdə qaldığı halda belə, məvacibini alacaq. Amma gündəlik çörəkpulu qazanan insanlar var. İşə çıxmasalar, övladlarına qidanı necə alacaqlar? Lakin bir azərbaycanlı olaraq ölkə başçımız cənab İlham Əliyevin rəhbərliyi, qayğısı nəticəsində belə çətin günlərdən xalqımızın mətinliklə çıxacağına əminəm. Fərdi hazırlıq keçmək hər müəllimin şəxsi düşüncəsidir. Müəllimlərin arasında da ailəsinin yükü üzərində olanlar var. Ona görə də, heç bir müəllimi qınamıram. Elə çətin dönəmə çıxmışıq ki, ancaq bir-birimizə dəstək olmalıyıq. Başqa cür çağırış edə bilmərəm. Yalnız yaşamaq və Azərbaycan xalqını yaşatmaq üçün çırpınırıq..."

 

Gənc müəllimə distant yolun fiziki məhdudiyyətli şagirdlərin təhsilində önəmli rol oynadığını vurğulayıb: "Adətən, fiziki məhdudiyyətli uşaqlar təhsildən yayınırlar. Bəziləri xarici görünüşlərinə görə utanır, təhsilə davam etmək istəmirlər. Beləcə cəmiyyətdən uzaq düşürlər. Distant təhsil onları cəmiyyətə bağlayır"

 

Lamiyə SÜLEYMANLI

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox