AZ

Distant təhsil əlçatandırmı? - "Bu müəllimlər prosesdən kənar qalacaqlar"

989ded00cc88869f1ac5860c314be607.jpg
03.04.2020 17:35

Koronavirus pandemiyasından sonra Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və  “ARB Günəş” kanallarında şagirdlər üçün teledərslərin yayımına başlanılıb. Bununla yanaşı, universitetlərdə tədrisin distant yolla keçirilməsi üçün müxtəlif platformalar tətbiq edilir. Bəs distant təhsil nə dərəcədə əlçatandır?

 

Öncə görülən işlər barədə:

 

Teledərslər bütün sinif və əksər fənləri əhatə etməklə Azərbaycan və Rus bölmələri üçün öncədən elan edilmiş cədvələ uyğun keçirilir. Onların bütün ölkəyə yayımlanan televiziya kanalları vasitəsilə nümayiş etdirilməsində məqsəd hər şagird üçün əlçatanlığı təmin etməkdir. Bununla yanaşı, teledərs və hər fənn üzrə video materialları Təhsil Nazirliyinin elektron portalında ( www.video.edu.az ) da izləmək mümkündür.
 

Təhsil Nazirliyi artıq "Virtual məktəb" layihəsinə də start verib

 

Portalın mobil tətbiqi mövcuddur. Bunun üçün “AppStore” və “Google Play” marketlərindən “Microsoft Teams” adlı tətbiqi yükləyib istifadəçi adı və fərdi şifrələrlə portalda qeydiyyatdan keçmək lazımdır.

 

Mövzu ilə bağlı TED.az-a danışan ekspert Elçin Əfəndi təhsil sisteminin artıq konkret olaraq onlaynlaşdığını vurğulayıb. Bildirib ki, istənilən halda onlayn dərslərin effektivliyi real dərs qədər olmayacaq: "Amma ən azından 90% effektiv nəticənin əldə olunması üçün çalışmaq lazımdır.

 

Hazırda demək olar, sistem qurulmayıb, pərakəndəlik var. Mövcud şəraitdə səmərdən söhbət gedə bilməz. Düşünürəm ki, qarşıdakı 15-20 gün ərzində müəyyən qədər irəliləyiş əldə olunacaq. Artıq cəmiyyət qəbul etməlidir ki, qarşıda onu yalnız virtual, digitallaşmış sistem gözləyir. Bu sistemdən daha da faydalı yararlanmaq üçün öncə ölkədə internetin əlçatanlığını və sürətini tənzimləməliyik. Hazırda başlıca çatışmazlıq budur.

 

Digər çatışmazlıq isə informasiya texnologiyalarından uzaq müəllimlərdir. Onlar da artıq yerlərini gənc kadrlara verəcəklər. Çünki istənilən halda bu sistemlə ayaqlaşa bilməyəcəklər. İndi sistem sadə görünə bilər, qarşıda çox mürəkkəbləşəcək və qeyd etdiyim kateqoriyaya aid müəllimlər prosesdən kənarda qalacaqlar". 

 

Ekspertin sözlərinə görə, daha bir boşluq ümumi arealın tam əhatə olunmaması və ya fərdlərin hər birinin sistemdən eyni dərəcədə yararlana bilməməsidir:

 

 

"Bunun isə iki başlıca səbəbi var: Ölkə ərazisində internetin tam əhatəliliyin təmin olunmaması; Maddi çətinlikdən əziyyət çəkən fərdlər. Fikrimcə, xüsusi nəzarət sistemi qurmalı və problemin aradan qaldırılmasına çalışmalıyıq.

 

Təhsil Nazirliyi isə tətbiqin tam həllinə qədər humanist davranış sərgiləməlidir. Şəhər, rayon, qəsəbə və kəndlərimiz internetlə təmin olunmalıdır. Hər ailənin internetə çıxışı, rahat qoşulmaq imkanları vacibdir.

 

Bundan əlavə, bütün şagirdlərin informasiya texnologiyaları üzrə bilgisi vacibdir. Onları kompüter, notbuk, planşetlə təmin etmək lazımdır. Valideynlər bu məsələdə maraqlı olmalıdırlar. Sırf informasiya texnologiyalarından məlumatlı müəllimlər işə cəlb olunmalıdır". 

 

Bakı Dövlət Universitetinin I kurs tələbəsi Elmar Hüseynov da hazırda distant təhsil alır. WiFi vasitəsilə dərslərə asanlıqla qoşula bilir. Amma hər kəsdə internet imkanı olmadığını vurğulayır: "Kənddə 6-7 nəfərdə WiFi var. Digərləri zəif internet paketlərindən istifadə edirlər. Bu isə distant təhsil üçün əlverişli deyil. Bununla yanaşı, heç də hər kəsin WhatsApp vasitəsilə görüntülü dərs keçmək üçün smartfonu yoxdur. Bəzi ailələr isə müəllimlə əlaqə saxlamaq üçün nömrələrini vermək istəmirlər. Qonşuluqdakı xanımlar internetlə təmin olunmadıqlarına görə, dərs üçün bizə gəlirlər. Distant təhsil üçün Microsoft Teams proqramında qeydiyyatdan keçdim. Prosedur çox asandır. Amma telefon və interneti olanlar üçün... Qeyd edim ki, distant təhsili əlverişli hesab etmirəm. Çünki real dərsə belə barmaqarası baxan tələbələr var, qaldı ki virtual...".

 

 

 

 

Lamiyə SÜLEYMANLI

Elm bölməsindən digər xəbərlər

Daha çox