AZ

Dünyanı ədalət xilas edəcək – AYTƏKİN NƏSİROVA

aa90f899425679ea584e90990f8d5986.png
06.04.2020 15:48

Uzun müddətdir ki, dünyada belə bir fikir dolaşır: ”Dünyanı gözəllik xilas edəcək”. Dünya bu fikrə çox inanır. Dünya kəndləri, şəhərləri gözəlləşdirdi, primitiv avtomobilləri, propellersayağı təyyarələri gözəlləşdirdi. Bəsit avtomobillər "Limuzin"lərə, "Kadillak"lara, propeller təyyarələr laynerlərə, əl ilə fırlanıb kimisə calaşdıran “Alo! Alo!” telefon aparatları möcüzəli smartfonlara, yaranışında kibrit qutusu ölçüsündə olan televizorlar digital aparatlara çevrildi. 


İnsanın özünü gözəlləşdirmək üçün meqapolislərdə min bir gözəllik salonu açdı. Hətta kəndə təşrif buyurub, əvvəlki almaların, heyvaların, qarpızın, yemişin genini dəyişib, onları təbiətin ilkin formatından xilas edib bir-birinə oxşatdı və “gözəlləşdirdi”. Yollar, binalar gözəlləşdi. Gözəlliklər üçün əlaclar, ilaclar çoxaldıldı. Daha saymağa nə ehtiyac: göz qabağında olan hər şey – geyimdən tutmuş qidaya qədər hər şey gözəlləşdirildi. Bircə ən vacibi – insanın içinin gözəlliyi təmin edilmədi. Qədim yunan ədiblərindən tutmuş Lev Tolstoy, Dostoyevski, Cek London, Mirzə Cəlil, Sabir, Üzeyr bəy, Anar, Elçin kimi ustad yazarlaradək nə illah elədilər, insanı bütöv ədalətə cəlb edə bilmədilər. Nyutondan, Arximeddən, Lomonosovdan tutmuş Korolyova, Yusif Məmmədəliyevə, Lütfi Zadəyə, Rafiq Əliyevə... qədər, yalnız gözəlliyə xidmət edəcək elmi tətbiqlər üzərində işləyən alimlərimizədək fiziklərimiz də insan qəlbinə ədalət simptomu səpə bilmədilər. Əksinə, güc dövlətləri az-çox yaranmış gözəlliyi pozdu, Tanrını da danıb nüvə silahına sarıldılar. Əlində nüvə başlıqları olan bu dövlətlər Allahla “allahlıq” etməyə başladı, insanlığı və ədaləti öz güclərində gördülər.


Amma bilmədilər ki, Allah hər şeyə dözər, hər şeyi bağışlayar, bircə ədalətsizlikdən başqa. Bu ədalətsiz qoca Avropa lirikadan tutmuş fizikayadək bütün elmlərin beşiyi olan Şərqi məhv etmək üçün ABŞ-la yarışa girdi. Özünün qədim elmini, indiki yeraltı, yerüstü sərvətini səxavətlə Avropaya, ABŞ-a təqdim edən Şərq dünyası bu qədirbilməzliyin qarşısında diz çökdü. Amma çoxmu çəkdi bu ədalətsizlik? Yox, ya Tanrının, ya elə güc dövlətlərinin göndərdiyi koronavirus bütün təhlükəsi ilə bərabər, deyəsən, bir Ədalətə də yol açmaqdadır. Şərqi tamam məhv etməyə şığıyan okeanın o tayı bu regiona 700 milyardlıq silah satmasının indi narahatlığını yaşayır. Kifayət qədər nüvə silahına və trilyonlarla dollara sahib ABŞ indi bu trilyonları koronavirusla mübarizəyə yönəldir. Rusiya kimi bu gün savaşa iddiasız bir ölkəni hər an savaşa çağıran Tramp indi koronavirusla bağlı mübarizəyə Rusiyadan gələn köməyə görə V.Putinə “sonsuz təşəkkür”ünü bildirir. Sarı jiletlilərin maaş artımını qulaqardına vuran Fransa indi o tələbdən yüz dəfələrlə artıq vəsaiti koronavirusa qurban verir. Avropa birliyi özünün ən sədaqətli üzvü – İtaliyanı, İspaniyanı meydanda tək qoydu və nəhayət, sonda bu ədalətsizliyi anlamalı oldu...


İnkişafa üz tutan, dünyanı ucuz malla təmin edən Çinə qarşı ədalətsizlik oldu. Amma Tanrı da bu inkişafa dözməyən bəzi dövlətlərin ədalətsizliklərini gördü. 
  

Bizim Azərbaycanımızın bu çətin anda hər bir dövlətə dəstək tədbiri, bu tədbirlərdən dolayı, məsələn, Çinin bizə dəstək təklifi bir ədalət simvoludur. Koronavirus ötüb keçəcək. Tanrı da, elm də buna şərait yaradacaq. Amma bütün bəşəriyyətin bu anda ədalətə çağırışları nəticə verəcəkmi? Verməyəcəksə, dünya məhv olacaq. Çünki dünyanı xilas etməyə gözəlliyin gücü çatmadı. Dünyanı ancaq ədalət xilas edəcək. Ona görə də bütün texnika və texnologiya yalnız ədalətə xidmət etməlidir.      
                                                                                                                                                                                                             

Aytəkin NƏSİROVA

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox