AZ

Təhsil Nazirliyi: Azərbaycanda teledərslərə 60-cı illərin texnologiyası deyənlər də oldu

7c102bbf603b766f8fb34ae34ccf2347.jpg
07.04.2020 11:21

Azərbaycanda 11 mart tarixində (məktəblərin bağlanmasından 7 gün sonra) bütün ölkə ərazisində yayımına başlanmış teledərslərə “60-cı illərin texnologiyası” deyənlər də oldu. Azərbaycandan başqa bütün ölkələrin “bir düyməni sıxmaqla” distant təhsilə keçdiyi də iddia edildi. Bu fikir, yumşaq desək, kiminsə təxəyyülündən başqa bir şey deyildi

 

TED.az xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov deyib.

 

Onun sözlərinə görə, Böyük Britaniya 20 aprel tarixindən BBC kanalında bütün ölkəyə yayımlanacaq teledərslərə start verir:

 

"Bu təşəbbüsə ölkədə hər bir şagirdin məktəb proqramından geri qalmaması məqsədilə başlanılır. “BBC Bitesize Daily” adlanacaq dərslər 14 həftəni, əsas fənləri və bütün sinifləri (5-14 yaş) əhatə edəcək. Dərslər hər gün yayımlanacaq və sonradan təkrar baxılmaq üçün onlayn resurslara yerləşdiriləcək. Bu BBC kanalının tarixində ən böyük təhsil layihəsi olacaq".

 

E.Məmmədov Böyük Britaniyada məktəblərin mart ayının 20-dən bağlanıldığını, teledərslərə isə məktəblərin bağlanmasından düz 1 ay sonra başlanıldığını söyləyib:

 

G-7 nəhəng iqtisadiyyatlar klubunun üzvü olan, fiber optik şəbəkəyə milyardlarla funt sterlinq sərmayə yatırmış, 5G mobil texnologiyasını tətbiq edən Böyük Britaniyada bu günədək təxminən 7-10% ailənin (households) internetə çıxışı yoxdur. Böyük Britaniya “bir düyməni sıxmaqla” məktəbləri distant təhsilə keçirə bilmədi. Çünki deyilən o “bir düymə” nə Böyük Britaniyada, nə ABŞ-da, nə Almaniyada, nə Yaponiyada, nə də ki Çində var. İnternetin əhatəliyi və keyfiyyəti, ailələrin (xüsusilə də aztəminatlı ailələrin) həcmli trafiki çəkə biləcək son model planşetlərə və smartfonlara çıxış imkanları hələ də problem olaraq bir çox inkişaf etmiş ölkələrdə qalır. Təhsil isə yalnız zənginlər üçün deyil. Onlayn dərslər interaktivlik təmin etdiyi halda, hələ də əhatəlik təmin edə bilmir. Google Hangouts, Zoom, Teams və bunun üçün geniş istifadə edilən bütün digər proqram təminatları bu günlər inanılmaz yük altında çalışır, əksər hallarda texniki çətinliklərlə üzləşir və keyfiyyət standartlarını aşağı salır. Çünki bu proqramlar bu gün dünyanın 188 ölkəsində eyni vaxtda evdə oturmuş 1,5 milyard şagird və tələbələrə tələb olunan əhatəliyi və keyfiyyəti təmin edə bilmir. Nə bu gün, nə sabah. Koronavirus pandemiyası gətirdiyi bəlalarla yanaşı, ölkələrin kommunikasiya infrastrukturlarına daha çox sərmayənin yönəldilməsinin nə qədər əhəmiyyətli olduğunu əyani şəkildə nümayiş etdirdi. Distant təhsili təşkil etməkdən başlayaraq evdən çıxmaq üçün SMS-icazəsi almaq yüksəkkeyfiyyətli və stress vəziyyətə dözümlü şəbəkə tələb edir. Ümid edək ki, bəşəriyyətin üzləşdiyi bu fövqəladə vəziyyətdən ölkələr düzgün nəticələr çıxaracaq və investisiya istiqamətlərinin prioritetliyi növbəti dəfə müəyyən edilən zaman bu günlər yada salınacaq. Bu günə isə “Mədəniyyət” kanalı Böyük Britaniyanın BBC kanalı ilə teledərslərin qısa müddətdə təşkil edilməsi və yayımı sahəsində öz zəngin təcrübəsini bölüşə bilər”.

 

Elm bölməsindən digər xəbərlər

Daha çox