AZ

PEŞƏKAR: “Əgər hansısa silahı yaratsam, qəhrəmanlarımızdan birinin adı ilə adlandıraram.”

1bf204bc5b2f113f6a8b0cd5cb013d45.jpg
21.05.2019 15:25

TED.az-ın PEŞƏKAR rubrikasının bu dəfəki qonağı  Azərbaycan Texniki Universitetinin “Xüsusi texnika və texnologiyalar” fakültəsinin “Silah və silah sistemlərinin istehsal texnologiyası” ixtisasının baş müəllimi Asif Ağayevdir.

 

Asif müəllim, silahla ilk tanışlığınız necə baş verdi ki, bu sahəyə marağınız yarandı?

 

O zamanlar ulu öndər Heydər Əliyev tərəfindən Bakı şəhərində  yaradılmış C.Naxçıvanski adına hərbiləşdirilmiş məktəb vardı. 1982-ci ildə mən öz arzum olaraq ora qəbul oldum. Silahla ilk tanışlığım orada baş  verdi. 3 il müddətində orda oxuduqdan sonra təhsilimi davam etdirmək üçün uzaq Şərqdə yerləşən ümumqoşun məktəbinə sənədlərimi verdim və ora qəbul oldum. Bundan sonra həyatım tamamilə dəyişdi, silaha qarşı məhəbbətim başladı.

 

Silahla bağlı hansısa bir dəyişiklik etmisinizmi? Yəni təklifiniz istehsalata tətbiq olunubmu?

 

Bu günkü gündə silahda dəyişiklik olunması sadəcə olaraq zavod şəraitində konstruktorlar, mühəndislər tərəfindən aparılır. Bizim məqsədimiz tələbə heyətinə silahlarda aparılan dəyişiklikləri öyrətməkdir. Bunlar da tələbələrdən, gələcəyin mütəxəssislərindən asılıdır. Biri var istehsalçı-mütəxəssis, biri də var istismarçı-mütəxəssis. Mən istismarçı-mütəxəssisəm. İcad olunan silahların istifadəsində bizim güc strukturlarında çalışanların çox əməyi olur.  

 

 

Siz ölkəmizdə milli kadrların yetişdirilməsi prosesində iştirak edirsiniz. Yəqin potensial tələbələriniz üçün maraqlıdır, silah mühəndisi ixtisasını bitirən məzunlar harada işləyə bilərlər?

 

Hazırda Azərbaycan Texniki Universitetində (AzTu) bu istiqamətdə oxuyan tələbələr silah üzrə mühəndislik, pirotexnika üzrə mühəndislik, elektron optik cihazlar üzrə mühəndislik ixtisasları üzrə təhsil alırlar. Bu ixtisasları bitirən məzunlarımız Azərbaycan Respublikasının Müdafiə Sənayəsi Nazirliyi tabeliyində olan zavodlarda çalışırlar. Bundan əlavə oxuduqları müddətdə zavodlarda diplom, kurs işləri müdafiə olunması da həyata keçirilir.

 

Ölkəmiz müharibə şəraitində olan bir ölkə olduğundan bizim silah mütəxəssislərinə çox ehtiyacımız var. Necə düşünürsüz bu ixtisasa gənclərimizdə maraq oyatmaq üçün nə etmək lazımdır ?

 

Gözəl bir məqama toxundunuz, bu günkü gündə gənclərimizin bu sahədə istiqaməti, səmt alması əfsuslar olsun ki, çox zəifdir. Onun üçün də hər bir azərbaycanlı kimliyindən asılı olmayaraq çalışmalıdır ki, bizim məqsədimiz olan torpaqlarımızın azad olunması üçün canından keçməyə hazır olsun. Prezidentimiz İlham Əliyevin dediyi kimi müharibə və ya sülh yolu ilə biz torpaqlarımızı azad etməliyik. Gənclərin də buna hazır olması məcburiyyətdir. Baxmayaraq ki, tələbədir oxuyur, istehsalçıdır zavodda çalışır, dövlət strukturunda çalışır hamımız buna hazır olmalıyıq. Hər kəs bu sahəyə maraq yaratmaq üçün bacardığını etməlidir. Məsələn jurnalistlər sizin kimi bu sahənin insanlarını ictimaiyyətə çatdırmalıdır, müəllimlər tədrisi yaxşı təşkil etməlidir, valideynlər övladlarını bu yönə istiqamətləndirməlidir.

 

Bizim milli silahlarımız var. Mübariz, Yalquzaq, Zəfər... Maraqlıdır, Asif Ağayev silah hazırlasa ona nə ad verərdi?

Mən istərdim ki, Azərbaycanda həddindən çox sayda silah istehsalı olsun. Gələcəkdə hansısa bir silah mənim tərəfdən icad olunsa, adını ancaq vətən uğrunda canlarını fəda etmiş qəhrəmanlarımızdan birinin adını qoyardım.

 

 

Silah ümumiyyətlə maraqlı əşyadır. Kimi üçün həyatı qədər önəmli, kimi üçün isə nifrət obyektidir. Buna görə də oxucularımızı başqa suallar da maraqlandırır. Azərbaycanda silahla gəzmək hansı qaydalarla tənzimlənir?

 

 Azərbaycanda  dövlət tərəfindən qəbul olunmuş qanunlara müvafiq olaraq, mülki şəxslərin silah gəzdirilməsi qəti qadağandır. Ancaq ov silahlarından istifadə mümkündür, o da dövlət tərəfindən müəyyən olnmuş qaydalarla, müəyyən aylarda həyata keçirilir.

 

İstifadə üçün silah alarkən nələrə diqqət etmək lazımdır?

 

Ovçular tərəfindən silahın alınmasında onun atəş açılan zaman hədəfə qarşı düz istiqamətdə nişan alınmasına fikir verilir. Bu günkü gündə ovçular tərəfindən çox təəssüf ki, silahın alımnmasında quruluşuna, gözəlliyinə fikir verilir. Ancaq hərbidə belə bir vurğulama var: “silahın taktiki - texniki xüsusiyyəti”. Hər bir şəxs silahın taktiki - texniki xüsusiyyətini bildikdən sonra çalışacaq ki, onun gözəlliyinə yox, texniki göstəricilərinə fikir versin.  

 

Aida Şirəliyeva

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox