AZ

Səbirli, məsuliyyətli olmaq və pozitiv enerjiyə köklənmək karantin günlərinin vacib amili kimi 
 

d60475ff7efa900d0cbcb79069737703.jpg
23.04.2020 18:50
Hazırda qlobal və ən aktual problemə çevrilən koronavirus pandemiyası insanları evdə qalaraq infeksiyadan qorunmağa məcbur edir. 1 aydan artıqdır ki, ev mühitində qalan insanlarda psixoloji cəhətdən gərginlik yaşana bilir. 
 
 
Bildiyimiz kimi, karantin günlərində “Evdə qal” kampaniyası davam edir. Bu günlərdə hamılıqla həmrəy olmalı, bir nəfər hamı üçün prinsipi ilə hərəkət etməli və bütün bəşəriyyətin, insanlığın qəsdinə durmuş bu qeyri-adi bəlaya qarşı birlikdə mübarizə aparmalıyıq. Bunun üçün hər kəsdən məsuliyyətli olmaq, qoyulmuş qaydalar çərçivəsində bəzi məqamlara əməl etmək tələb olunur.
 
 
TED.az olaraq monotonluqdan sıxılan oxucularımızda pozitivlik yaratmaq, onlara mənəvi rahatlıq və dözümlülük bəxş etmək üçün mütəxəssis məsləhətləri təqdim edirik:
 
 
Rubrikamızın qonağı Bakı Dövlət Universitetinin psixologiya kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Kamilə Kazımova reallığı dərk edərək evdə qalmağa, qaydalara əməl etməyə, beləcə, sağlam olmağa çağırır: "Tək evdə qalmaqla kifayətlənməyək, daim pozitiv əhval-ruhiyyəyə köklənməyi bacaraq ki, mənfi enerjidən uzaq olaq. İnsan psixikasına mənfi təsir göstərən stressi azaldaq. Relaksasiya texnikasından və sairdən (bu texnikadan gərginliyi, stressi aradan qaldırmaq üçün istifadə edilir) yararlanaraq immun sistemimizi gücləndirək, həmrəy olaq və pandemiyaya qalib gələk. Evdə qalaraq hər birimiz millətimiz, dövlətçiliyimiz, xalqımız, elmimiz, təhsilimiz, insanların sağlamlığı naminə üzərimizə düşəni yerinə yetirək. Elmi məqalələr, dərsliklər, metodik vəsaitlər və proqramlar üzərində işləyək. “Kaş ki, vaxtım olaydı, bu kitabı oxuyaydım” və ya “Bu kitabı bir də oxuya bilsəydim” dediyimiz əsərləri mütaliə edək". 
 
 
 
 
Onun sözlərinə görə, ailəmizlə vaxt keçirməklə övladlarımıza mənəvi cəhətdən daha da yaxın ola, daxili aləmlərinə nüfuz edərək indiyə qədər bizə gizli qalan qabiliyyətlərini üzə çıxara bilərik: "Ailə üzvləri üçün də maraqlı olan kitab oxuyub müzakirə edək və ya maraqlı film izləyək. Bir-birimizlə xoş ünsiyyət quraq. Vaxt tapıb hal-əhval tuta bilmədiyimiz “yadlaşmış” qohumlarımızla əlaqə saxlayaq.  Bizim üçün xatirələrə çevrilən fotoşəkillərə baxaraq o anları yenidən yaşayaq. Bərabər oyunlar oynayaq. Adi iş günlərində vaxt edə bilmədiyimiz hansısa sevdiyimiz işlə məşğul olaq. Bu bizə daxilən rahatlıq gətirəcək. Yol gözləyən yaşlılarımıza, qocalarımıza, ehtiyacı olanlara sovqatlar apararaq onları sevindirək". 
 
 
K.Kazımova deyib ki, musiqi insan psixikasına müsbət təsir edərək gərginliyin, narahatlığın, stressin, depressiyanın aradan qaldırılmasına kömək edən vasitələrdəndir: "Bu səbəbdən həzin, könlümüzə xoş gələn musiqilər dinləyək. Bacardığımız bir musiqi alətində ifa edək". 
 
 
"Eyni zamanda, psixoloji müdafiə mexanizmlərimizi də işə salaq. Çünki müdafiə mexanizmləri Freydin təbirincə desək, psixikanın qorunması üsullarıdır. Təşvişi aradan götürür, insana rahatlıq gətirir. Lakin biz bu gün inkaretmədən qaçmalıyıq. Yəni bu zaman insan barışması mümkün olmayan xoşagəlməz faktlara əhəmiyyət vermir. Arzu olunmayan hisslərdən, düşüncələrdən uzaqlaşmaq üçün hadisənin varlığını qəbul etmir, bununla bağlı informasiyaları qəbul etməkdən qaçır. Başlanğıcda bu vəziyyət insanın gərginliyini azaltsa da, hadisə ilə bağlı lazımı tədbirləri görmədiyindən onun zərər çəkməsinə səbəb olur. Lakin bu “gözəgörünməz düşmən”dən qorxub, həyəcanlanıb psixoloji gərginliklər də yaratmamalıyıq", – deyə fəlsəfə doktoru qeyd edib. 
 
 
Psixoloq pozitiv düşünməyin önəmini də xüsusi vurğulayıb: "Pozitiv düşünərək ətrafdakılara da müsbət psixoloji iqlim yaratmağa kömək edə bilərik. Məlum olduğu kimi, motivasiyanın olmaması – heç nə etməmək istəksizliyidir. Düzgün motivasiya istiqamətini seçməklə hansısa məsələni uğurla və müvəffəqiyyətlə həll etmək olar. Yetər ki, hər birimiz vəziyyətin ciddiliyini qəbul edək, səbirli olaq, sabaha ümidlərlə baxaq və həyatda qarşılaşdığımız bu imtahandan da üzu ağ çıxaq".
 
 
Kamilə Kazımova sözlərini bu sloqanla bitirib:
 
"Sağlam yaşamaq üçün,  
Evdə qalıb qorunaq! 
Hamımız həmrəy olub, 
Virusdan azad olaq!"

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox