AZ

Azərbaycanda Beynəlxalq “Lightest” Forumu keçirilir

97a28783926007445702cc380ddee426.jpg
28.05.2019 17:00

Forumun ikinci günü Şamaxı şəhərində davam edir.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) təşkilatçılığı ilə 27-30 may tarixində Azərbaycanda Beynəlxalq “Lightest” Forumu keçirilir. Forumda xarici mütəxəssislər, nazirliyin Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri, digər dövlət qurumların nümayəndələri, eləcə də Çin Xalq Respublikasından qonaqlar iştirak edir.

 

Forumun ikinci günü Şamaxı şəhərində davam edir. Tədbiri giriş sözü ilə açan Şamaxı rayon İcra hakimi Tahir Məmmədov qonaqları salamladı və Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təşəkkürünü bildirdi. O, həmçinin qeyd etdi ki, forumda bugün müzakirə olunan həllərin tətbiqini Şamaxı şəhərində də görmək istərdi.

 

Daha sonra NRYTN-nin şöbə müdiri Rəşad Əzizov forumun ölkəmiz üçün əhəmiyyətindən bəhs etdi. Bundan başqa Respublika günü münasibətilə hər kəsi təbrik etdi və xarici qonaqları bu barədə məlumatlandırdı.

 

Məlumat Hesablama Mərkəzinin rəhbəri Elnar Əsədov “Lightest” layihəsi ilə əməkdaşlıqdan söz açdı. Qeyd etdi ki, bu layihə gələcəkdə Avropa ölkələri ilə apardığımız tranzaksiyalar üçün ən yaxşı texnoloji həllərdən biri ola bilər.

 

Təqdimatla çıxış edən Almaniyanın Fraunhofer Sənaye Mühəndisliyi üzrə Tədqiqat İnstitutunun doktoru, “Lightest” layihəsinin koordinatoru Hayko Rossnaqel “Lightest” - “qlobal etibarlılıq” layihəsi haqqında forum iştirakçılarını məlumatlandırdı. O bildirdi ki, bu layihə Avropa İttifaqı ilə Azərbaycan arasında transsərhəd elektron xidmətlərdə etibarlı tranzaksiyaların aparılması və identifikasiya məlumatının təsdiqinə, tərəfdaş ölkələrə məxsus elektron imzaların beynəlxalq səviyyədə qarşılıqlı tanınmasına xidmət edir: “Qlobal elektron münasibətlərin qurulmasında qarşı tərəfin dəqiq müəyyən olunması əsas məsələlərdən biridir. “Lightest” də bu prosesdə kimliyi müəyyənləşdirən vasitə – elektron imzanın etibarlılığını, dolayısıyla da elektron imza təminatçısının (Sertifikat Xidmətləri Mərkəzlərinin) etibarlılığını təsdiqləyəcək etimad zəncirini yaradan infrastrukturdur. Biz elektron imzanı əvəz etmirik, biz onların domenlərarası daha etibarlı olması üçün infrastrukturla təmin edirik. Bu da elektron imzanın fəaliyyətini daha da faydalı edir. ”

 

Forum Avropanın aparıcı elm-texniki mərkəzlərinin “Lightest layihəsinin biznes perspektivləri və tətbiq sahələri”, “Etimad Siyasətinin Təsdiqetmə Alətlərinin İşləkliyi - Konsepsiya, Dizayn və Qiymətləndirmə”, “Lightest-da Avtomatik Etimadın Təsdiqi”, “Etimad Sxeminin Yayınlanma Mərkəzi üzrə Konsepsiya və Nümunə Tətbiqlər”, “Etimad Sxeminin Dərcetmə Səlahiyyətlisi – Konsepsiya və Tədbiqlərin nümunələri” mövzuları üzrə təqdimatlarla davam etdi. Ümumilikdə çıxışlar etibarlı hesab edilən sistemlərin necə işlədiyi və daha çox bu sistemlərin texniki siyasəti barədə məlumatları əhatə etdi.

 

Qeyd edək ki, “Lightest” layihəsi Avropa İttifaqı ilə Azərbaycan arasında transsərhəd elektron xidmətlərdə etibarlı tranzaksiyaların aparılması və identifikasiya məlumatının təsdiqinə xidmət edir. Həmçinin, tərəfdaş ölkələrə məxsus elektron imzaların beynəlxalq səviyyədə qarşılıqlı tanınmasına imkanlar yaradır.

 

Məlumat üçün bildirək ki, bu layihənin icrasında Avstriya, Belçika, Danimarka, Finlandiya, Almaniya, İspaniya, Niderland, Böyük Britaniya, Türkiyədən 14 tərəfdaş iştirak edir. Layihənin məqsədi sərhəd üzərindən elektron xidmətlərin aparılması üçün mövcud qlobal domenlərarası etimad infrastrukturunu (“DNS”) istifadə etməkdir. Bu infrastruktur xidmət təminatçılarına şəffaf və rahat elektron əməliyyatlar təqdim etməyə şərait yaradır.

 

Avropa Birliyinə üzv dövlətlərlə təhlükəsiz elektron münasibətlərin qurulması, qlobal səviyyədə elektron xidmətlərin yaradılması, dövlətlərarası qarşılıqlı məlumat mübadiləsi "Lightest”in əhəmiyyətini daha da artırır.

 

"Lightest" layihəsi Avropa Birliyi ilə əlaqəsi olan bütün dövlət və özəl müəssisələr tərəfindən təqdim olunan xidmətlər üçün mühüm əhəmiyyətli həllərin yaradılması və elektron tranzaksiyalar zamanı saxta kimliklərin müəyyən edilməsi məsələlərini də əhatə edir.

 

Forum mütəxəssislərin daha geniş təqdimatları ilə sabah Bakı şəhərində davam edəcək.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox