AZ

İlahiyyat İnstitutunda imtahanlar ilə bağlı onlayn iclas 

 

25aebe5e5e5adb3864a3bfaad557b229.jpg
05.06.2020 17:45

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, rəhbər heyəti, müəllim və tələbələrinin iştirakı ilə yaz semestrinin yay imtahan sessiyası ilə bağlı onlayn iclas keçirilib.


Aİİ-dən TED.az-a verilən məlumata görə, iyunun 8-dən başlayaraq 5 həftə davam edəcək sessiya təsdiq edilmiş imtahan cədvəlinə uyğun olaraq onlayn formatda şifahi formada keçiriləcək.


İclasda mövcud şəraitdə cari semestr üzrə tələbələrin biliyinin qiymətləndirilməsi, yay imtahan sessiyasının təşkili və digər məsələlər müzakirə olunub.


Onlayn iclasda çıxış edən Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov bildirib ki, Azərbaycan ərazisində koronavirus (COVID-19) xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin təxirə salındığını nəzərə alaraq Aİİ-də cari tədris prosesi ilkin olaraq videodərslər formasında, daha sonra isə Təhsil Nazirliyinin tövsiyəsinə uyğun olaraq onlayn şəkildə “Microsoft Teams” platforması üzərindən keçirilib. 


Rektor “Microsoft Teams” platformasının üstünlüklərindən danışaraq qeyd edib ki, məsafədən dərslərə qoşula bilməyən tələbələrin daha sonra proqramdan istifadə etmək imkanları olub.


Elmi Şuranın çıxardığı yekun qərara əsasən, imtahanların keçirilməsi ilə bağlı qəbul edilmiş güzəştlərdən ətraflı danışan A.Şirinov tələbələrin onlayn imtahanlarda fəal iştirak etmələrini tövsiyə edib. Daha sonra imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, sualların tərtibi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin tam təmin olunacağını vurğulayaraq tələbələrə imtahanlarda uğurlar arzulayıb.


İclas tələbələri maraqlandıran suallar ətrafında müzakirə formasında davam edib.

 

Qeyd edək ki, COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi 3 mart 2020-ci il tarixdə dayandırılıb. 2019-2020-ci tədris ilinin yaz semestrinin yay imtahan sessiyasının təşkili və keçirilməsi Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, ali təhsil müəssisələrinə tapşırılıb.

 

TED + bölməsindən digər xəbərlər

Daha çox