AZ

Əşyalar insanları bu cür idarə edəcək – Fantaziyanın gücü, yoxsa real həllər?

325d975034cf48d05761de0e554acfe6.jpg
24.06.2020 13:27

Evdən çıxarkən nəyi unutduğunuzu xatırlamağa çalışırsız. Vaxt itirmədən virtual olaraq mətbəxə, iş otağına bağlanıb, əşyaları gözdən keçirə, onlara məsafədən nəzarət edə bilirsiz… Bu, kiçik, amma mürəkkəb mexanizm sayəsində mümkündür. O mexanizm ki, tətbiqi insan həyatını dəyişdirmək gücündədir. Söhbət İoT-dan (Əşyaların İnterneti- İnternet of Things)  gedir.

 

Əşyaların interneti nədir?

 

Sanki qayğınıza qalan bir neçə şəxs var, amma bütün bunlar adi əşyada, daha dəqiq desək, çipdə cəmlənib. Ayna göz ətrafınızdakı qırışları kontrol edərək cildinizə uyğun krem tövsiyə edir, soyuducu sevdiyiniz şokoladın bitdiyini görəndə onu onlayn sifariş edir, işıqlar siz işdən gələn kimi yanır. Hələ daimi müştərisi olduğunuz kafeni demirəm. Artıq gedərkən ofisiantın sizə yaxınlaşmasına ehtiyac yoxdur, daimi sifariş verdiyiniz təamlar seçim üçün sizi gözləyir…

 

Bir qədər nəzəri dildə ifadə etsək…

 

Əşyaların İnterneti - fiziki cihaz, maşın, məişət əşlarının üzərilərinə quraşdırılmış elektronika, proqram təminatı, senor və qəbuledicilərlə biri-birinə bağlanması, nəticədə verilənlərin ötürülməsidir. Bu termindən ilk dəfə 1991-ci ildə Kevin Aston istifadə etsə də, 1999-cu ildən İoT-ların istehsalına başlanıb.

 

Əşyaların kompüter sistemlərinə çıxışı effektivliyin artması, yeni iqtisadi üstünlüklərin yaranması və insan əməyinə qənaətlə nəticələnir. O, standart internetə çıxışı olan cihazlarla yanaşı, ənənəvi, “ağıllı olmayan” əşyaları da əhatə edir. Belə əşyalar daxillərinə yerləşdirilmiş yeni texnologiyalar vasitəsilə internet üzərindən bir-birilərinə qarşılıqlı təsir edə, məsafədən idarə oluna bilirlər. İoT daha çox kənd təsərrüfatı, tibb, hərbi və məişətdə tətbiq edilir.

 

Azərbaycanda əşyalar nə dərəcədə “ağıllı”dır?

 

Azərbaycanda İoT ilə bağlı yerli mütəxəssislər az olsa da, bu, prioritet sahələrdəndir. Buna görə də İoT-un inkişafı mütəxəssis hazırlığına fokuslanmaqdan başlayır. Bu işlə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzindəki “Əşyaların İnterneti” laboratoriyası aktiv məşğul olur. Microsoft şirkəti 2019-cu ildə buraya 50 min dollarlıq avadanlıq, müxtəlif sensorlar təqdim edib. Ölkəmizdə Əşyaların İnterneti texnologiyasının tətbiq sferaları əsasən, neft və qaz hasilatı, kənd təsərrüfatı, nəqliyyatın intellektual idarəetmə sistemi, Azərkosmos, pərakəndə və topdan ticarət, biznes mərkəzləri, zavod və fabriklər, məişət texnikası, ağıllı ev, ağıllı şəhər və s.-dir. İoT bu sahələrdə düzgün planlama imkanına yol açıb.

 

Ölkəmizdə İoT həllərin real tətbiq nümunələri

 

Bu kimi həllərin beşiklərindən biri İnnovasiyalar Agentliyidir. Agentliyin tarixi İoT baxımından xeyli məhsuldardır:

 

ElSmart ev, bina sistemlərinin avtomatlaşdırılması üçün qurğu və rəqəmsal sistemlər üzrə həllər verir. Yerli istehsala əsaslanan şirkət IoT sistemlərini ev-məişət əşyalarının idarə olunması, avtomatlaşdırılması və eneji istehlakının tənzimləməsi kimi məqamlarda istifadə edir.

 

WASCO İoT texnologiyasına əsaslanaraq tullantıların ağıllı yolla idarə olunması sistemidir. Onun nəticəsində bu işlə məşğul olan şirkətlər logistik xərclərinə 50%-ə qədər qənaət edə, eyni zamanda tullantıları toplayan maşınlardan emissiya olunan CO2 miqdarını 45%-ədək azalda bilərlər.

 

Drone - Aerial Mapping mülki mühəndis və ya fermerlərə sahələrini qlobal koordinat sistemində ölçməyə, bütövlükdə fotoqrammetriya üsulu ilə şəkillər yaratmağa kömək edir. Kənd təsərrüfatı sahəsində tətbiq edilir.

 

IoT in Urban Agriculture ilə bitkilər xüsusi qurulmuş plastik borularda böyüyür. Bu borular torpaq, gübrə ilə doldurulur. Qurğu damcı texnologiyası ilə sensorlar (torpaq nəm və temperaturunun ölçülməsi üçün) və avtonom suvarma (sensorlardakı məlumatlara əsasən) ilə təmin edilir. Bütün gündəlik, həftəlik, aylıq məlumatlar buludda toplanır.

 

Remote ECG insan bədənindən elektrokardioqram məlumatlarını qeyd etmək və real vaxt rejimində bulud anbarına daxil etmək üçün hazırlanıb. Cihazın ölçüsü çox kiçikdir və birbaşa elektrodla insan bədəninə yapışdırılır. Əlavə tellər yoxdur, bu, səs-küyün pozulmamasına imkan verir.

 

İnnoland İnkubasiya və Akselerasiya Mərkəzinin nəznindəki Sumaks Technologies də  ölkəmizdə Əşyaların İnterneti dedikdə ilk ağla gələnlərdəndir. O, son günlər koronavirusa yoluxma hallarının qarşısını almaq məqsədilə təqdim etdiyi İoT həllərlə məşhurlaşıb. Məhsulları isə tamamilə yerli istehsaldır .

 

Layihələrindən biri Sosial İzolyasiya İşıqforudur. Cihaz ictimai məkanlarda -  alış-veriş mərkəzləri, kafe, restoran, plaza girişləri, dəmiryolu stansiyaları, metro və s. yerlərdə quraşdırıla bilər. Kamera vasitəsilə vətəndaşın üzündəki maskanı və bədən hərarətini yoxlayır. Tibbi maska yoxdur və ya hərarət yüksəkdirsə, qırmızı işıq yanır, keçidə icazə verilmir. Digər giriş məhdudiyyəti isə məkandakı insan sayı ilə bağlıdır. Sosial izolyasiya qaydalarına uyğun olaraq məkanda eyni anda yalnız müəyyən sayda insan olmasına icazə verir. Vətəndaş yaxınlaşarkən həmin say limiti dolursa, sarı işıq yanır. Hər şey qaydalara uyğun olduqda işıqfor yaşıla boyanır və keçidə icazə verilir. Cihaza heç kim yaxınlaşmadıqda, müxtəlif sosial izolyasiya qaydaları barədə tövsiyələr səsləndirir.

 

Növbəti məhsul eskalator tutacaqlarının (sürahilərin) dezinfeksiyası üçün hazırlanıb. Qurğu eskalatorların aşağı hissəsində sabit yerdə quraşdırılır. Sürahilər davamlı olaraq onun içərisindən keçdikcə dezifeksiya edilir.

 

SUMAKS-ın “Bənövşəyi” adlı cihazı gündəlik istifadə olunan əşyaların (pul, saat, telefon və s.) dezinfeksiyası üçün nəzərdə tutulub. Onun ekranı vasitəsilə tənzimləmələr aparmaq, hər əşya üçün lazımi dezinfeksiya müddətini təyin etmək mümkündür.

 

İoT həlləri daha geniş necə tətbiq etməli?

 

Ölkəmizdə İoT insan əməyinin stimullaşdırılması və digər cəhətlərdən uğurlu olsa da, onun hər şeyi əhatə etmək imkanı geniş tətbiqinin nəticələri ilə bağlı narahatlıqlara əsas verir. Bu sistemin insan fəaliyyətinin bütün sahələrinə tətbiqi böyük risklərlə bağlıdır. Ona görə də tətbiqinə tam hazır olmaq, bütün nüansları qiymətləndirmək lazımdır. Pandemiya dövrünü nəzərə alsaq, Azərbaycanda ilk internetləşən əşyaların tibb və nəqliyyat sektoru ilə bağlı olacağını deyə bilərik. Çünki hazırda tibb işçilərinin əməyi yüngülləşdirəcək, xəstələr üzərində insan nəzarətini və təması minimuma endirəcək həllərə ehtiyacları var. Postpandemiya dövründə real ünsiyyət və təması mimuma azaldacaq İoT həllərdən kafe, restoran və digər xidmət sahələrində də istifadə olunacaq. Yaxın vaxtlarda 5G şəbəkəsinin yayılması ilə Əşyaların İnterneti daha böyük sahəyə çevriləcək. Ümumiyyətlə, Çin, Amerika kimi İoT sahəsində çox irəliləmiş ölkələrdə istənilən məhsulun ekvivalentini tapmaq mümkündür. Buna görə də, daha çox yerli bazara uyğunlaşdırılmış həllər düzəldilməlidir.

 

Beynəlxalq təcrübənin İoT hədəfləri - Əhalinin 70%-i şəhərdə yaşayacaq

 

Dünyanın aparıcı şirkətləri də Əşyaların İnternetinə öz töhfələrini verirlər. Məsələn, IBM dünyanı daha intellektual bir şəbəkədə birləşdirmək üçün “Ağıllı Planet”, Cisco şəhər təsərrüfatını daha effektli idarə etmək üçün “Ağıllı Urbanizasiya”, General Electric isə şəhərlərdə ekoloji problemləri həll etmək üçün “Ecomagination”, NASA isə Yer kürəsi haqqında qlobal informasiya toplanması üçün “Planet örtüyü” layihəsi üzərində işləyir. Proqnozlara görə, 2050-ci ildə artıq dünya əhalisinin 70%-i şəhərdə yaşayacaq. Bu baxımdan, “ağıllı şəhər”in əhəmiyyəti olduqca böyükdür.

 

Cənubi Koreyanın Yeni Sonqdo şəhəri dünyada ən uğurlu “ağıllı şəhər” şəbəkə layihəsinin tətbiq edildiyi yaşayış məntəqəsidir. Səudiyyə Ərəbistanının King Abdullah Economic City, Birləşmiş Ərəb Əmirliklərinin MASDAR, Hindistanın Gujarat International Finance Tec-City, Sinqapurun the InfocommDevelopment Authority, Hollandiyanın Amsterdam CITYNET, İsveçin Borlänge City, ABŞ-ın San-Francisco TechConnect, Çinin Yangzhou, İspaniyanın Santander şəhər İntranet Şəbəkələri də uğurlu layihələr sırasındadır.

 

Fantaziyanın gücü, yoxsa real həllər?

 

Mütəxəssislərin fikrincə, yaxın gələcəkdə İoT texnologiyalar hər mənzilə daxil olacaq. Məsələn, pəncərənin şüşəsi evin qarşısından keçənin kimliyi barədə məlumat verəcək. Yaxud, süd paketi özü bildirəcək ki, artıq onun istifadə müddəti bitib. Qızıl qolbaqlar müştərinin pul kisəsindəki məlumatları oxuyaraq, xəbərdarlıq edəcək ki, “mən sizin cibinizə görə deyiləm”. Masanın üstündə qalmış konfet qutusu hiss edəcək ki, havanın rütubətliliyi yüksəlib, kondisioner onun bu “şikayətinə” reaksiya verəcək. Ev sahibi iş yerində məlumat alacaq ki, mənzilində qaz sızması var.

 

Bunlarla yanaşı, İoT cəmiyyəti xeyli təhlükəsizlik məsələləri ilə də qarşı-qarşıya qoyur. Məsələn, terrorçular siqnallarla nəqliyyat vasitələrinin qrafikini pozaraq, bir-biri ilə toqquşmasına səbəb ola bilərlər. İoT bəşəriyyət üçün yeni imkanlar açsa da, fərdi məlumatların mühafizəsi məsələsini də xeyli aktuallaşdırıb. Gələcəkdə insanların əşyalara nə dərəcədə etibar edəcəyi sual altındadır.

 

Bəlkə də, gün gələcək, insanların əşyaları məsafədən idarə etməsi dövrü tarix olacaq. Artıq əşyalar insanları idarə etməyə başlayacaqlar. Bu vaxt insanlıq öz acizliyini dərk edərək təbii intellektə sığınacaq. Əşyalarla  mübarizə üçün real vasitələr axtarışına çıxacaq…

 

 

Lamiyə Süleymanlı

24.06.20

 

References

 

İnformasiya cəmiyyəti problemləri (İoT) 2019

 

İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 29-40

 

www.journals.az

 

markzone.az

 

www.facebook.com.sumaksAzerbaijan

 

innoland.az

 

iktlab.az

 

mincom.gov.az

 

www.elsmart.az

 

www.wascolabs.com

 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox