AZ

Azərbaycanda elektron məhkəmə sistemi: innovativ həll ön planda

6cf3b6b1b5cf0acf431e0275627bd98e.jpg
15.07.2020 14:59

Azərbaycanda dövlətin ali hakimiyyət orqanlarından olan məhkəmələrdə xidmətin həyata keçirilməsində informasiya-kommunikasiya texnologiyalarından istifadə, innovasiya tətbiqi prioritet sahələrdən biridir. Bununla əlaqədar yaradılmış Elektron Hökumət Portalında daim yeniliklər edilir, rəqəmsal hökumətə keçid ilə bağlı mühüm addımlar atılır. 

 

Bir neçə ay əvvəl 100 illik yubileyini qeyd edən milli ədliyyə sistemimizin davamlı inkişafı çərçivəsində məhkəmə fəaliyyətinin elektronlaşdırılması, mühakimə prosesinin rəqəmsallaşması üçün məqsədyönlü tədbirlər həyata keçirilir, ciddi islahatlar, köklü dəyişikliklər aparılır, xeyli yeniliklər edilir, vətəndaşa yönəlik addımlar atılır. Bütün dünyada, o cümlədən ölkəmizdə koronavirus pandemiyasının geniş vüsət alması isə bu yeniliklərin necə yerində qərar olduğunu bir daha sübut edir. Bunun üçün fiziki, eləcə də hüquqi şəxslərin, sahibkarların, vətəndaşların  məhkəmələrə əlçatanlığını asanlaşdırmaq, şəffaflığın yüksəldilməsinin təmini, məhkəmə proseslərini sürətləndirmək, hakimlərin iş yükünü azaltmaq üçün işlər görülür. Bu addımların arxasında isə bir məqsəd dayanır: vətəndaş-dövlət əlaqələrinin yüksək səviyyədə, ədalətli şəkildə təmin edilməsi.

 

Koronavirus infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə tətbiq olunan karantin rejimi sosial münasibətlərin, o cümlədən xidmətlərin göstərilməsi və əməyin təşkilini yeni virtual mühitə keçirilməsini zəruri edib, ədliyyə və məhkəmə orqanların fəaliyyətində innovativ həllərin tətbiqinə güclü təkan verib. Ədliyyə Nazirliyi çox qısa müddətdə bu sahədə böyük işlər görüb. İlkin baxışdan elə bir təəssürat yarana bilər ki, karantin rejimi tətbiq olunduğu bir dövrdə məhkəmə qərarlarının icrası bir o qədər də aktual məsələ deyil. Lakın dərindən baxsaq görmək olar ki, burada bir çox sosial ödənişlər, xüsusilə, həssas aliment ödənişləri var.  

 

Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar borcların, o cümlədən, aliment, kredit, cərimə və digər ödənişlərin “ASAN ödəniş” və "Elektron hökumət" portalları, eləcə də müxtəlif mobil tətbiqlər vasitəsilə qeyri-nağd şəklində həyata keçirilməsi imkanı təşkil olunub. 

 

Eyni zamanda, hansısa səbəbdən nağdsız ödəniş etmək imkanı olmayan vətəndaşlar üçün Respublikanın bütün bölgələrini əhatə edən 5 minə yaxın “e Manat”, “Milli Ön” və “ASAN ödəniş” terminalları vasitəsilə yaşayış yerindən uzaqlaşmadan borc və icra ödənişlərinin nağd şəkildə həyata keçirilməsi üçün şərait yaradılıb. 

 

Karantin rejiminin tətbiqinə baxmayaraq, dövlətimizin humanizm siyasətinin təzahürü olaraq məhkumları cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə və daha yüngül rejimli müəssisəyə keçirmə institutunun tətbiqi diqqətdə saxlanılıb. Bu məqsədlə yaradılmış nazirliyin xüsusi Komissiyası sosial izolyasiya tələblərinə riayət edərək videokonfrans vasitəsilə virtual qaydada iclaslar keçirib və qanunvericiliyin tələblərinə cavab verən şəxslər barədə materiallar dərhal məhkəməyə təqdim olunub.

 

Məhkəmələr isə öz növbəsində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış imkanlardan istifadə edərək təqdim olunmuş materiallara bütün tərəflərin iştirakı ilə təxirəsalınmadan video konfrans üsulu ilə baxıb 400-ə yaxın şəxs barədə vaxtından əvvəl azad olunması ilə bağlı qərarlar qəbul edib.

 

Eyni zamanda, Azərbaycan yoluxma təhlükəsinin qarşısının alınması üzrə görülən tədbirlər çərçivəsində Ali Məhkəmə Plenumunun müvafiq qərarları ilə bütün məhkəmələrə icraatlarında olan işlərə (təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər istisna olunmaqla) baxılması müvəqqəti təxirə salınıb.

 

Bununla əlaqədar və Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınaraq, əhalinin məhkəməyə əlçatanlığının təmin edilməsi məqsədilə mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının videokonfrans vasitəsilə həyata keçirilməsi təşkil olunub. 

 

Azərbaycan Prezidenti İlham Əliyevin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, bu sahədə islahatların dərinləşdirilməsi, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsi sisteminin formalaşdırılması ilə bağlı tapşırıq və tövsiyələrinə uyğun olaraq ardıcıl tədbirlər görülür.

 

Dövlət başçısının rəhbərliyi ilə korrupsiyaya qarşı ciddi mübarizə aparılaraq şəffaflıq, dürüstlük, qanunun aliliyi, ədalət və xalqa xidmət ilə bağlı hər bir dövlət məmuruna, xüsusilə hüquq tətbiqi orqanlarına qəti tapşırıqlar verilib və qarşıda mühüm vəzifələr qoyulub.

 

Ölkə Prezidentinin siyasi iradəsinə uyğun olaraq məhkəmə fəaliyyətinin müasirləşdirilməsi, insanların müraciətlərinə hər zaman həssaslıqla yanaşılması, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi daim diqqətdə saxlanılır.

 

Qeyd edək ki, xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə məhkəmələrdə nizam-intizamın gücləndirilməsi üçün yoxlama və monitorinqlər intensivləşdirilib, son bir ildə 50-dən çox məhkəmədə monitorinqlər aparılıb, aşkar edilən pozuntular 150-dən artıq hakimin, o cümlədən, məhkəmə sədrinin diqqətinə çatdırılıb.

 

Yol verilmiş süründürməçilik, sui-istifadə, vətəndaşların haqlı narazılığını doğuran digər pozuntulara, eləcə də korrupsiya əməllərinə şərait yaradan hallara görə ötən il 48 hakim intizam məsuliyyətinə cəlb edilib, 2 nəfərin səlahiyyətlərinə xitam verilib, 7 nəfər tutduğu vəzifədən azad olunub. Son aylarda isə Ali Məhkəmənin 5 hakimi aşağı işə keçirilib, 7-nin isə səlahiyyətləri uzadılmayaraq xitam verilib.

 

Verilən qərarların daha çevik olması üçün ötən ilin 24 dekabrında “Mobil məhkəmə” tətbiqi ictimaiyyətə təqdim edilib.

 

Məhkəmə-Hüquq Şurasının sədri, Ədliyyə naziri Fikrət Məmmədovun sözlərinə görə, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikanın sosial-iqtisadi inkişafında mühüm irəliləyiş əldə olunub: “Bütün sahələrdə aparılan islahatlar müsbət nəticələr verməkdədir. Dünyada tüğyan edən COVID-19 infeksiyasının qarşısının alınması ilə bağlı qəti tədbirlər görülməkdədir.

 

Nazir bildirib ki, Azərbaycanın Birinci-vitse prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən mühüm sosial və digər layihələr əhalinin rifahının yaxşılaşmasında mühüm rol oynayır.

 

F.Məmmədov “Elektron məhkəmə” informasiya sisteminin funksionallığının artırılması, “Mobil məhkəmə” və mülki xarakterli işlərin elektron qaydada aparılmasına dair xüsusi proqramların istifadəyə verilməsinin ədalət mühakiməsinə əsaslı təsir göstərdiyini də nəzərə çatdırıb.

 

Ədliyyə nazirinin müavini Azər Cəfərov bildirib ki, “Elektron məhkəmə” sistemi əhatəli olmaqla özündə 130 milyona yaxın məlumatı əks etdirir, mürəkkəb mexanizmləri ehtiva edir və çoxsaylı komponentlərdən ibarətdir: “Onun fəaliyyətinin təmin edilməsi üçün ciddi hazırlıq işlərinin aparılması, elmi tutumu olan texnikanın mövcudluğu tələb olunur. Bu iş eyni zamanda, uzun sürən prosesdir. Digər ölkələrin, xüsusilə ədalət mühakiməsinin rəqəmsallaşması sahəsində nailiyyətləri olan dövlətlərin təcrübəsi göstərir ki, bu sistemin tam tətbiqinə 25-30 il vaxt sərf olunur”.

 

“Elektron məhkəmə” informasiya sisteminin ayrı-ayrı komponentləri barədə məlumat verən nazir müavini daim ictimailəşməkdə olan bu sistemə edilən müraciətlərin sayının bir milyon yarıma yaxınlaşdığını, ona həmçinin, Rusiya, Ukrayna, Türkiyə, ABŞ, Braziliya, Kanada, Almaniya, Böyük Britaniya, Fransa, İndoneziya, Hindistan kimi və s. çoxsaylı ölkələrdən də müraciətlər olunduğunu diqqətə çatdırıb”.

 

A.Cəfərov vurğulayıb ki, "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" dövlət başçısının 2019-cu il 3 aprel tarixli Fərmanı ədliyyə və məhkəmə sisteminin inkişafında yeni mərhələ olmaqla bu sahədə islahatların müasir çağırışlara uyğun davam etdirilməsinə rəvac verib, o cümlədən elektron məhkəmənin tətbiqi ilə bağlı təşkilati işlərin yekunlaşdırılmasını, onun funksionallığının artırılmasını, fiziki və hüquqi şəxslərin bu sistemdən istifadəsinin təşviqini şərtləndirib.

 

Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova nəzərə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət inkişafı kursunu uğurla həyata keçirən Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamız demokratik inkişaf yolu ilə inamla irəliləyir, bütün sahələrdə nailiyyətlər qazanılır, məhkəmə-hüquq sistemində ciddi islahatlar, yeniliklər aparılır: “Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü ilə artıq bir sıra yeni, o cümlədən bu ərəfədə vahid məhkəmə təcrübəsinin formalaşdırılması, habelə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar fəaliyyətin təkmilləşdirilməsi, özəl məhkəmə ekspertizası institutunun yaradılması ilə bağlı mühüm qanunlar qəbul olunub”. Bundan başqa, “Elektron məhkəmə” informasiya sisteminin funksionallığının artırılması üzrə əməli tədbirlər görülüb, o cümlədən, məhkəməyə əlçatanlığın asanlaşdırılması məqsədilə kompüterə qoşulmadan məlumatları dərhal əldə etməyə, prosesdə mobil qaydada iştiraka və sair imkan verən “Mobil məhkəmə” proqram təminatı işlənib hazırlanıb. Ölkəmizdə rəqəmsal transformasiyanın daha bir nümunəsi olaraq yaradılan "Mobil məhkəmə"nin dünyada tətbiqinə çox az rast gəlinir və demək olar ki, Azərbaycan bu sahədə birincilər sırasındadır”.

 

Nazirliyin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə bildirib ki, yerli mütəxəssislər tərəfindən ictimai işlərə nəzarət qurğusu layihələndirilib və 2018-ci il dekabrın 21-də Binəqədi Rayon Məhkəməsinin yeni inzibati binasının açılışı zamanı Prezident İlham Əliyevə əyani nümayiş olunub. Bu il həmin qurğu istehsal edilərək sınaqlar keçirilib və bilavasitə məhkumlar üzərində pilot rejimdə istifadəsinə başlanılıb.

 

A.Səmədzadə, həmçinin mobil məhkəmə barədə deyib ki, məhkəmə xidmətlərinə əlçatanlığın artırılması məqsədilə “Elektron məhkəmə” informasiya sisteminin mobil versiyası hazırlanıb. “Mobil məhkəmə” proqram təminatı üzərindən istifadəçi “Şəxsi kabineti” vasitəsilə sistemin açdığı bütün imkanlardan yerləşdiyi yerdən asılı olmayaraq öz mobil cihazı vasitəsilə istifadə edə bilər.

 

Diqqətə çatdırılıb ki, Ədliyyə Nazirliyi tərəfindən aparılan normativ hüquqi aktların internet elektron bazasının (e-qanun) və Hüquqi Aktların Dövlət Reyestrinin birləşdirilməsi əsasında müasir tələblərə cavab verən yeni vahid elektron qanunvericilik bazası formalaşdırılıb. Yeni sistemdə rahat istifadə şəraiti, müasir dizayn, geniş və sürətli axtarış imkanı, eləcə də normativ sənədlərin bir mənbədən əldə edilməsi təmin edilib, normativ hüquqi aktların struktur elementləri üzrə qəbul olunmuş qərarlarla tanış olmaq funksionallığı yaradılıb. Növbəti ildən sistemin mobil tətbiqi də istifadəyə veriləcək.

 

Cavid Şükürov (Cavid Qədir), TED.az İnformasiya Agentliyinin müxbiri 

 

Yazı Ədliyyə Nazirliyi tərəfindən Azərbaycan Mətbuat Şurası ilə birgə elan olunmuş jurnalist araşdırmaları müsabiqəsinə təqdim olunur

TED + bölməsindən digər xəbərlər

Daha çox