e-Hamlet İsaxanlı: “Növbəti maşınım mütləq elektromobil olacaq”
TED.az-ın “e-PERSON” rubrikasının budəfəki qonağı Xəzər Universitetinin təsisçisi, fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlıdır. Müsahibimiz İKT-nin təhsilə inteqrasiyası, distant tədris və sosial şəbəkə fəaliyyəti haqqında maraqlı fikirlərini bölüşüb.
Beləliklə, buyurun… “E-Hamlet İsaxanlı…”
“Elektron xidmətlər texnologiya ilə yanaşı, həm də mədəniyyət və təcrübədir”.
Hamlet müəllim, “Elektron hökumət”in yaranması dövlətin vətəndaşlar üçün müəyyənləşdirdiyi vasitədir, yoxsa qlobal zərurət?
-Hazırda dünyanın əsas xüsusiyyəti qloballaşmadır. Bundan kənarda qalmaq mümkün deyil. Bu təsir forması həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə özünü göstərir. Ona görə, “Elektron hökümət” beynəlxalq zərurətdən yaranıb. Bəzi ölkələr bu qlobal zərurətə tez, bəziləri isə gec cavab verirlər. Ümumiyyətlə, ölkəmiz adambaşı internet istifadəsinə görə, Baltik ölkələrindən sonra gəlir. Elektron xidmətlər texnologiya ilə yanaşı, həm də mədəniyyət və təcrübədir. Məsələn, hökumət və qeyri-hökumət təşkilatları bu sistemi nə dərəcədə öyrənir, ondan necə istifadə edir və hansı formada xidmət göstərirlər? Adətən, vətəndaş hökumətlə onun arasında bir divar olduğunu düşünür. Bu səddi keçmək, hökumət nümayəndələri ilə görüşmək, məktublaşmaq çox çətindir. “Elektron hökumət” vətəndaşla dövlət arasındakı sədləri xeyli zəiflətsə də, tam aradan qaldırmır. Vətəndaşlar rahatlıqla müraciət edərək xidmətlərdən yararlana bilirlər. Məncə, bu kifayət qədər pozitiv hadisədir.
“Təəssüf, bəzən siniflərə elektron lövhələri reklam üçün yerləşdirirlər”.
İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) təhsilə inteqrasiyası bu sahənin sürətli inkişafına zəmanət verə bilər?
-İKT-nin ilk tətbiq edildiyi sahələrdən biri təhsil olub. Xüsusilə də, ali təhsil. Ali təhsil verən müəssisə dünya ilə əlaqədə deyilsə, əyalət universitetidir. Ali məktəblərə dünyanın hər yerindən tələbə, elm adamları müraciət edir, beynəlxalq görüşlər aparılır. Əvvəl valideyn tələbə övladı barədə universitetdən məlumat almaq üçün xeyli məsafə qət etməli, bir sıra şəxslərlərlə görüşməli idi. Amma indi “Tələbə məlumatı” adlı sistemdən tələbənin universitetə qəbul olduğu gündən bugünədək olan fəaliyyətini 30 saniyə ərazində izləmək mümkündür. Burada imtahan sessiyasında qiymətləndirilmə, mükafat alması, cəzalandırılması və s. qeyd olunur. Bu gün demək olar, İKT-siz həyat yoxdur. Ancaq hər şeyi İKT-nin həll etdiyini düşünmək olmaz. Mühit, müəssisə və müəllimdən çox şey asılıdır. Məsələn, Finlandiya orta təhsil sisteminə görə, qabaqcıl ölkələrdəndir. Kanadada işlədiyim vaxtlar Finlandiya iki ölkənin təhsil sistemləri arasındakı fərqləri müəyyənləşdirmək üçün buraya bir nümayəndə göndərmişdi. Kanadaya gəldikdə bildirdilər ki, hansısa kənd yerində riyaziyyat dərsində iştirak etmək istəyirlər. Dərsə gəldikdə isə gördülər ki, nə elektron lövhə, nə də proyektor var. Savadlı müəllim adi lövhədə təbaşirlə dərs keçir. Kanada müəllimləri diqqətlə seçir, magistratura təhsili olmayanı işə götürmür. Onların maaşı ölkənin orta əməkhaqqısından yüksəkdir. Yəni, savadlı və yaxşı maaşı olan müəllim istedadlı şagird yetişdirəndə texnologiya köməkçi vasitə rolunu oynayır. Məktəbə ağıllı yazı taxtası almaqla təhsil problemlərini həll etmək mümkün deyil. Əsas lövhədə işləyən müəllimdir. Təəssü, bəzən siniflərə elektron lövhəni reklam xətrinə yerləşdirirlər.
“Distant tədris ənənəvi təhsili əvəz edə bilmədi”
Bu gün əksər ölkələrdə təhsil forması onlayn rejimə keçir. Xəzər Universiteti gələcəkdə onlayn təhsili tətbiq etmək üçün hansı işlər aparır?
-Bizdə bütün imtahanlar yazılıdır. Yazılı olanların xeyli hissəsi isə elektron şəkildədir. Kağız variantlarda olanlar da var, çünki imtahan prosesinin təhlükəsizliyi də önəmlidir. Belə bir hadisə ilə qarşılaşmışdıq - Tələbələr elektron testləri internet üzərindən götürmüşdülər. Burada I kursdan şirkətlər üçün proqram yazan tələbələr var. Onlar sistemə daxil ola bilmişdilər. Onları bir smestrlik universitetdən kənarlaşdırdıq. Bu yaxınlarda inglis dili departamentinin müdiri (xarici vətəndaşdır) mənə dedi ki, müəllimlər internet üzərindən nəsə göndərməsin, ancaq fləşkarta yazıb versinlər. Əks halda tələbələr xakerlik edib cavabları götürürlər. Amma universitetin modul sistemi çox inkişaf edib. “Distant learning” dərsləri keçirilir. Müəllimin onlayn keçdiyi dərsi digərləri dinləyib suallar verir. 3 video konfrans zalımız var. Xarici universitet heyəti ilə müzakirə apardıqda bu zaldan canlı bağlantı edirik. İmtahanların bir hissəsi distant aparılır. Dərslərin bir qismi də onlayn keçirilir. Universitetin daxildə qurduğu elektron xidmət göstərən sistemlər var. Məsələn, mən müəllimlərə xəbər göndərdikdə “bütün müəllimlər” deyilən ünvandan istifadə edirəm. Artıq “bütün tələbələr” ünvanını da açmışıq. Müasir təhsil sistemində nə qədər elektron xidmət varsa, bizdə fəaliyyət göstərir. Onlar arasında ən mühümü isə “Tələbə informasiya sistemi”dir. Ölkədə ilk elektronlaşmış xidmət sektorunu kitabxanamız yaradıb. Onu amerikalıların köməyi ilə qurmuşuq. Milyonlarla kitabları elektron şəkildə oxuya bilirik. Hazırda Xəzər Universitetində beynəlxalq konfrans keçirilir. Dünyanın ən məşhur 80 riyaziyyatçısı buradadır. Həmin riyaziyyatçıların konfransa gəlməsi də elektron yolla baş tutub. Əlbəttə, distant təhsil ideyası dünyada belə bir eyforiya yaratmışdı. Amerika bunu çox təbliğ edirdi. Deyirdi, bu, yeni inqlabdır və onlayn təhsil ənənəvi tədrisin axırına çıxacaq. Çünki, ənənəvi üsul bahalı təhsil formasıdır. Hansısa xarici ölkədə təhsil almaq istəsən, məsafə qət etməli, orada yaşamalı və təhsil haqqı ödəməlisən. Məsələn, ABŞ və ya İngiltərədə yaxşı müəssisədə təhsil almağın xərci 50 min dollardır. Bu qiymətlər fakültəyə görə dəyişir. Məsafədən təhsil vasitəsilə bu proseslər aradan qaldırılacaqdı, amma bunun əvəzinə həmin eyforiya aradan götürüldü. Çünki distant təhsil üz-üzə tədrisi əvəz edə bilmədi. Ənənəvi təhsil daha keyfiyyətlidir. Məsafədən təhsil, əslində daha güclü insanlar üçündür.
“Tələbəmiz evdə qaz sızmasına, yanğına elektron şəkildə nəzarət edəcək bir proqram yaradıb. Bu, inqlabi hadisədir”.
Tələbələrinizin hansı startap layihələri var?
-Startap layihələr çoxdur. Bu sahədə bir sıra müsabiqələr keçirilir. “Earling” deyilən layihə neft geologiyası sahəsində olan tədqiqatlardan başlayıb. azırda isə nəhəng şirkətlərlə BP və Azərbaycan Dövlət Neft Şirkətindən böyük sifarişlər alır. Bu yaxınlarda bir tələbəmiz müsabiqədə ilk yeri tutdu. O, bir layihə hazılayıb - evdə qaz sızmasına, yanğına elektron nəzarət edəcək proqram təminatı yaradıb.“Azəriqaz” və neft şirkətləri ilə razılığa gəlsələr, bu, inqlabi hadisədir. Robotexnika üzrə bir sıra dərnəklər təşkil edir, müsabiqələrə qatılırıq.
Sizcə, İKT-nin sürətlə inkişafı etdiyi bir dövrdə Universitetə tələbə cəlb etməyin hansı üstünlükləri var?
-İnternetə qədərki dövrdə universitet qurarkən zamana uyğun təsis edib qəzet və televiziyalara müraciət edirdik. Hazırda isə əcnəbi tələbələri bura cəlb etmək üçün internet resurslarından yararlanırıq. Saytımızda ölkə və universitetimiz barədə ətraflı məlumatlar yerləşdirilib. Onlar bizə müraciət edir, “Skype” ilə müsahibə alırlar. Qısa desək, işlərin çoxu elektron şəkildə görülür. İndi düşündüklərini ətrafa çatdırmaq daha asandır. Məsələn, Feysbukda elan verməklə fikirləri geniş ictimaiyyətə çatdırmaq mümkündür.
“İnternetə böyük bilik xəzinəsi, texnologiya kimi baxıram. Feysbuk isə bir dedi-qodu məskəninə çevrilib”.
Hansı sosial şəbəkələrdən istifadə edirsiniz?
-Feysbukdan əvvəllər daha fəal istifadə edirdim. 5 ildir, bu sosial şəbəkən birbaşa istifadə etmirəm. Çünki çox vaxtımı alır. Mən internetə böyük bilik xəzinəsi, texnologiya kimi baxıram. Bu gün NASA-nın aya ilk dəfə göndərdiyi Appalon gəmisinin şəkil və xəbərini mənə İngiltərədən göndərdilər. Feysbuk səhifəmi köməkçilərim idarə edir, mənə sosial şəbəkə ilə verilən sualları çatdırırlar. Mən isə onlara necə cavab vermək lazım olduğunu deyirəm. Məncə, Feysbuk bir dedi-qodu məskəninə çevrilib. Pozitiv xəbərləri nisbətən azdır. Yutudan çox istifadə edirəm. Orada elmi, pedaqoji, siyasi və s. proqramları izləyirəm. Məsələn, dünən Alim Qasımovun qızı Fərqanə Qasımova mənə link göndərdi. Mənim “Bakı” şeirim əsasında Alim Qasımov mahnı oxuyub. Həmin videonu öz səhifəmə əlavə etdim. Bu məlumatı almaq, linki səhifəmə yerləşdirmək sosial şəbəkə üzərindən oldu.
Azərbaycanlı sosial şəbəkə istifadəçilərinin fəaliyyətini necə qiymətləndirirsiniz?
Həyat yoldaşım Feysbukda baş verən bütün hadisələr haqqında mənə məlumat verir. Sosial şəbəkədən aktiv istifadə edir. Bir tədbir keçirdikdə biz saytda, onlar isə Feysbukda elan verirlər. Feysbuk saytlardan bir addım irəlidədir. Bu yaxınlarda bir elmi iş bitirdik. Elmi iş “Dedi-qodu folklor nümunəsi kimi” adlanır. Artıq Feysbukun özü və orda baş verən dedi-qodular folklor nümunəsi olub. Onun ciddi tədqiqata ehtiyacı var. Dünya ölkələrinin bir çoxu bu təcrübədən istifadə edərək tədqiqat aparırlar. Bunun sosioloji və psixoloji aspektləri, cəmiyyətə ciddi təsiri araşdırılır. Feysbukda insanları tərifləmək onların ciddi məhvinə səbəb olur, yaxud ictimai fəaliyyət və ailəsinə hücumlara gətirib çıxarır. Artıq dünya ölkələri Feysbukda necə rəftar etmək, hansı qadağalar qoymaq kimi fikirlər yürüdürlər.
““Vikipediya”ya istinad edən elmi əsər etibarlı sayılmır”.
Araşdırmalarınıza texnologiyanın nə kimi dəstəyi olur?
-Moldovada Sovet vaxtı çap olunmuş kitabı axtarırdım. O ölkədəki dostlarıma həmin kitabla bağlı müraciət etdim və demək olar, 10 dəqiqə sonra kitabın elektron versiyasını mənə göndərdilər. İnternetdən istifadə etdiyim zamanın 95%-ni araşdırmaya həsr edirəm. Əlbəttə, həmin məlumatlara etibar etmək məsələsi də var.“Vikipediya”ya istinad edilən elmi əsər etibarlı sayılmır. Çünki “Vikipediya” yazılarını istənilən şəxs yaza bilir. Dəfələrlə şahidi olmuşam, vikiməqalələrin əksəriyyətində səhv var. Azərbaycan “Vikipediya”sının, 90%-i propoqandadan ibarətdir. Bu ensiklopedik sayt bizə sadəcə istiqamət verir.
Bəs Siz “Vikipediya” məqalələri yazıb, onlara düzəliş etmisiniz?
-Əlbəttə. Əvvəl o məqalələrin üzərində daha çox işləyirdim. Bəzi qapalı saytlar var ki, onlara girib məqaləyə müdaxilə edə bilmirsən. Redaksiya heyəti ilə danışmadan yazılara düzəlişlər mümkün deyil. Məsələn, Nizami Gəncəvi haqqında inglis dilində qapalı məqalə var. Həmin məqalədə Nizami Gəncəvi fars yazıçısı kimi göstərilib. Mən o məqaləyə düzəliş etmək istədim. N. Gəncəvinin yaradıcılığında Azərbaycan coğrafiyası, folkloru, mədəniyyətinin ciddi şəkildə əks olunduğunu qeyd etdim. Bu yazıda mənbə rus və ya Azərbaycan olduqda qəbul etmirlər, yalnız Qərb mənbəsi istəyirlər. Məqalədə Tadeus Svachovskinin, Odri Ostatın Nizami Gəncəvinin azərbaycanlı olmasını əks etdirən mənbələri verdim. Həmin əlavələr edildikdə dərhal cavab gəldi ki, onlar millətçi, azərbaycanlılara rəğbəti olan şəxslərdir. Hazırda elə yazılar üzərində işləmirəm. Poetik tərcüməvə poeziya sənəti dərsləri keçirəm. Tələbələrə tapşırıram ki, “Vikipediya”da səhifə yaradıb azhecalı şeirlər haqqında məqalə yazsınlar. Azərbaycan “Vikipediya”sının 10 illik yubileyində vikipediyaçılar mənə müraciət etdilər ki, vikiməqalə yazım. Bu saytın mahiyyətindən, məqsədi barədə bir məqalə də yazdım.
Hansı elektron xidmətlərdən istifadə edirsiniz və hansı xidmətlərin elektronlaşmasını istərdiniz?
-Elektron xidmətlərdən yalnız araşdırmalarımda istifadə edirəm. Məişət məsələlərini, kommunal ödənişləri mən etmirəm. Universitetdə də elektron xidmətlər üzərində çalışan işçi qrupu var. Çox istərdim, gömrük xidmətləri elektronlaşsın. Çünki gömrük məntəqəsinə məhsul gədikdə onu almaq bəlaya çevrilir. Hüquqi şəxslərin qeydiyyatında tam elektron xidmətlər göstərilsin. Bütün xidmətlərin“ASAN xidmət”ə verilməsinin tərəfdarıyam. Təcrübə göstərdi ki, ən yaxşı çalışan hökümət təşkilatı da “ASAN xidmət”dən pis işləyir. Tikintilərə icazənin tam elektron olmasını istərdim. Ümumiyyətlə, insanların iş fəaliyyətinə mane olan cəhətlər elektronlaşsa, yaxşı olacaq.
“Bir nömrəli kəşf elektrik enerjisinin əldə olunmasıdır”
Sizə görə, ən böyük texnoloji kəşf nədir?
-Bir deyil, bir neçə mühüm texnoloji kəşf var. Bir neçə texnoloji kəşflər birləşərək sintez olub, bügünkü dünyamızı meydana gətirib. Məsələn, sürətli nəqliyyat. Əvvəllər 100 adamın bir maşını olardı, indi isə bir nəfərin 2 avtomobili var. Buxar mühərriki, sonra elektrik mühərrikləri kəşf edildi, sonunda sürətli nəqliyyat vasitələrini yarandı. Atomun kəşfi kvant atom fizikasının yaranması, atom gəmilərini, atom elektrik stansiyalarını yaratdı. Elektronikanın kəşfi müasir kommunikasiya sistemini yaratdı. İnternet 60-cı illərdə təcrübə şəklində quruldu və 90-cı illərdə əhaliyə verildi. Bugünkü sivilizasiyanın arxasında elektrikin kəşfi dayanır. Bütün bunlar elektrik üzərində qurulub. Məncə, bir nömrəli kəşf elektrik enerjisinin əldə olunmasıdır.
İnternetdən mobil, yoxsa kompüter vasitəsilə daha çox istifadə edirsiniz?
-Mənim üçün müasir telefon almağa çalışırlar. Bəzən deyirlər, telefonun yaman gündədi, dəyişmək lazımdır. Mənim üçün telefon əsasən zəng vasitəsidir. Gmail ünvanına demək olar, mobil vasitəsi ilə baxmıram. Telefona da aludə deyiləm. İclasa gedəndə telefonu otağımda qoyub çıxıram. İnternetə daha çox kompüter vasitəsilə daxil oluram.
“Hazırda “Land Rover” sürürəm. Növbəti maşınımı isə mütləq elektromobil alacam”.
İlk avtomobiliniz hansı marka olub? Hazırda hansı avtomobildən istifadə edirsiniz?
-İlk avtomobilim çox yaşlı vaxtımda olub. Atamın maşını var idi, onu evdə demək olar ki, hamı sürürdü. Amma mənim avtomobillərə marağım olmayıb. Sovet dövründə “VAZ 2107” aldım və uzun müddət ondan istifadə etdim. Sonra Almaniyadan aldığım ikinci əl “Mercedes” markalı avtomobili istifadə etdim. Hazırda “Land Rover”dir. Seçim zamanı rahatlığa önəm verirəm. Avtomobil hündür olsun ki, ətrafı yaxşı görüm. Həftə sonları maşını özüm sürürəm. Maşın seçimimi ətrafımdakılar edir. Deyirəm, siz seçin, sonda mənə göstərin. Sovet vaxtı bir ifadə var idi “машина не роскошь”. Yəni maşın sadəcə zaman qət edən vasitədir. Amma növbəti maşınımı mütləq elektromobil alacam. Bir neçə Avropa ölkəsi 2020-ci ilə qədər benzinlə işləyən maşınlara qadağa qoyacaq. Havanın korlanması nəqliyyat vasitələrinə görədir. Londonda şəhərin mərkəzinə getmək üçün xeyli pul verməlisən. Amma elektromobil, Tesla maşınlarına pul verilmir. Qiyməti baha olsa da batareyanı doldurmaq pulsuzdur. Mən sizə konkret faktlar deyəcəm. Bakıda havanın təmizliyini ölçmək üçün laborotoriya qurduq. Bütün məntəqələrdə havanın təmizliyini yoxladıq. Dünyada havanın təmizliyini ölçən 1 - ən təmiz, 5 - ən çirkli şkala var. Bakıda ən dəhşətli vəziyyət Koroğlu metrosunun çıxışındadır. Səbəb isə maşınlardan çıxan qaz və s. maddələrdir. Buzovnada ölçdükdə isə havanın təmizliyi 1 idi. Ona görə ki, dəniz qırağında maşınlar olmur. Elektromobil üçün də gərək ölkədə xidmət olsun, batareyaları doldurma məntəqələri çoxalsın.
“e-PERSON” rubrikasının ənənəvi sualını Sizə də ünvanlayıram. Elə bir işiniz var ki, onu heç sevmirsiniz və məmnuniyyətlə robotlara həvalə edərdiniz?
-Sualınız mənə 20-ci əsrin ən böyük fiziklərindən olan Riçard Feynmanın “Bunu Con eləsin!” məqaləsini xatırlatdı. Məqalənin məğzi belədir - Mən yaxşı fizikəm və bunun üzərində işləyirəm. Mənə get imtahanlara nəzarət et deyəndə cavabım belə olur: “Bunu Con eləsin”. Mən də bəzi tədbirlərə robotumu göndərərdim. Gün ərzində bir neçə tədbirə dəvət alsam da, mənim üçün maraqlı olanına gedirəm. Deyirlər, siz gələ bilməsəniz bir nəfər göndərin. Bəzən adam göndərmək də çətin olur , çünki onların da müəyyən işləri var. Bütün tədbirlərə getsək, həyatımız onlardan ibarət olar. Amma robot vurğunu da deyiləm. İnsanlar və təbiət içində olmağı sevirəm.
Zeynəb ƏKBƏR