Mütəxəssis: Mavi balina, Alov pərisi kimi internet oyunları əsrin ən böyük bəlalarındandır
Son zamanlar dünyada geniş yayılan və azyaşlı uşaqlara təhdid olan bir sıra internet oyunlarına rast gəlirik. Sözügedən oyunlar uşaqları özündən asılı vəziyyətə salaraq ya intihara, ya da özünə xəsarət yetirməsinə səbəb olur. Bir çox ölkələr onlayn oyunlarla bağlı həyacan siqnalı verir, mütəmadi təbliğat işləri aparırlar.
TED.az məsələ ilə bağlı informasiya təhlükəsizliyi üzrə mütəxəssislərə müraicət etdi.
Suallarımızı cavablandıran informasiya təhlükəsizliyi üzrə ekspert Yusif Süleymanlı bildirdi ki, onlayn oyunların, həm müsbət, həm də mənfi tərəfləri var: “Uşaqların psixologiyasına ciddi şəkildə zərər verən bir sıra oyunları misal gətirə bilərəm. Bu oyunlar onları intihara və yaxud da özünə, ətrafına zərər verməyə təlqin edir. Bir sıra ölkələrdə yeniyetmələrin intihar etməsi, təhsil aldığı məktəblərə silahla daxil olub müəllim, şagird öldürməsinin qiyabi şahidi oluruq. Bu kimi amillərdə, əlbəttə ki, zərərli internet oyunlarının payı böyükdür. “Mavi balina”, “ Alov pərisi” və s. kimi stress yaradan internet oyunlarını əsrin bəlalarından adlandırmaq olar. Hətta bu yaxınlarda bir informasiya da oxudum. Bir azyaşlı fasiləsiz 6-8 saat arası onlayn oyun oynayıb. Uşağın ürək-damar sistemində yaranmış problem onun vəfat etməsinə səbəb olub. Yəni demək istəyirəm ki, valideyn nəzarəti də mütləqdir. Amma bəzi internet oyunlarının sudoku, şahmat, damino və s. müsbət tərəfləri də var. Onlar uşaqların çevik fikirləşməsinə, zəkalarının inkişafına böyük təkan verir. Məncə, internet oyunlarına qoyulan qadağalar yaş həddi ilə başlamalıdır. İnternetin nəzarətsiz bir sistem olması heç kəsə sirr deyil. Ona nəzarət emtək çox çətin bir prosesdir. Bu gün dövlətlər çalışır ki, internetdən istifadə qaydaları və qanunları hazırlasınlar. Azərbaycan da bu layihə üzərində işləyir. Ümumiyyətlə, sayt açmaq, ora oyun proqramları yerləşdrimək o qədər də çətin bir iş deyil. Həmin oyunlar arasında şiddət qan, müharibə görüntüləri çox yer alır. Təəssüf ki, yeniyetmələr bu oyunları oynayır və virtual aləmdəki oyun qaydalarını real həyatlarına da tətbiq edirlər. Bəzi uşaqlar çalışırlar ki, tez böyüsünlər. Onlara həyatda icazə verilməyən işləri virtual aləmdə edərək özlərini qəhraman kimi görür və sonda da kiməsə, harasa hücum edirlər”.
Y.Süleymanlı onu da qeyd edir ki, uşaqları təhlükəli internet oyunlarından qoruyan bir sıra məqamlar var: ““Parental controls” (valideyn nəzarəti) adlanan proqramlar vasitəsilə uşaqların internetdən istifadəsinə nəzarət etmək mümkündür. Dövlətlə birgə çalışan proqramçılar, əsasən, bu proqramlar üzərində çalışırlar. Bu kimi proqramlar valideynlərin uşaqlarına nəzarət edə bilməsi üçündür. Məsələn, “YouTube for kids” proqramı fəaliyyət göstərir. Bu proqramda ancaq uşaqlara aid olan, onların psixologiyasına zərər verməyən videomateriallar yer alır. Onu da qeyd edim ki, bu proqram bu “YouTube”nin şəxsi təşəbbüsüdür. Həmçinin, bəzi xidməti provayderlər də valideynlərə filterlənmiş internet təqdim edir. Bu daha çox məktəblərə verilən internet provayderlərində olur. Filterlənmiş internet vasitəsilə valideynlər söz və cümlə başlıqları belə seçib, uşaqları təhlükədən qoruya bilərlər. Seçilmiş söz və cümlələr filterlənmiş internetdə olmur”.
Mütəxəssisin fikrincə müasir texnologiyaya dair ilkin baza bilikləri olmayan yetkin insanlar da internetdə bir sıra mənfi cəhətlərlə qarşılaşırlar: “İnsanlar gərək İKT, internet barəsində ən azından baza biliklərinə malik olsun ki, azyaşlıları qoruya bilsin .Amma onlar özləri də bəzən tələyə düşür. Çox insanlar pulsuz endirimlər etməyə çalışır. Düzdür, bəzi sınanmış saytlar reklam və məhsullarının satışı üçün pulsuz proqramlar təklif edir. Amma bəzi tətbiqləri yükləmək istədikdə, anti-virus proqramı xəbərdarlıq siqnalı verir. Buna məhəl qoymadan növbəti keçidi qəbul etdikdə telefon və ya kompüterimiz təhlükə altına düşür. Proqram təminatı elə proqram təminatı ilə qorunur. Ümumiyyətlə, uşaqları intihara sövq edən bəzi internet oyunları böyüklərdə də aludəçilik yaradır”.
Ekspert Samir Həsənov isə bildirdi ki, internet oyunları nəinki psixoloji, fiziki sağlamlığa da cidi təsir göstərir: “Mütəmadi oynanılan internet oyunları şiddətli baş-göz ağrılarına səbəb olur. Təəssüf ki, bu gün yaradılan saytların bəziləri mənfi amillərə yönəlib. Hansısa sayt oyun proqramı hazırlayır onu pul və ya pulsuz şəkildə satır. “Story” proqramları da pul müqavilində həmin oyunları alır və səhifələrində yerləşdirir. Lakin, “story”lərin özü belə o proqramların viruslu olub-olmadığını yoxlamır. Yoxlasa da bunu vaxtaşırı edir. Bəzən anti-virus proqramlarının özü belə viruslu olur. Sadə vətəndaş hansısa bir proqramı bəyənir və telefon, kompüter vasitəsilə yükləyir, amma həmin proqram özündə virus daşıyır. Yəni, bir çox hallarda ödənişsiz tender tələ rolunu oynayır. Bugün internet oyunları valideynlərin qorxulu yuxularına çevrilib deyə bilərik. “Mavi balina” kimi intihara aparan internet oyunları özünü daha çox Amerikada, bir sıra Avropa ölkələrində, eləcə də Türkiyədə göstərir. Azərbaycanda bu kimi hallar çox da aşkarlanmır. Amma bir məsələ var ki, bugün Azərbaycanda uşaqların intihar hallarına rast gəlinir. Biz bunu ailə daxili problemlərlə əlaqələndiririk. Bəlkə də, bu intihar halları daha dərindən araşdırılsa, səbəb internet oyunları da ola bilər”.
S.Həsənovun fikrincə, valideynlər daha məsuliyyətli və diqqətli olmalıdırlar: “Son dövrlərdə uşaqları pis vərdişlərə öyrədirlər. Onlar yemək yeyərkən ya telefonda cizgifilmlərinə baxırlar ya da smartfonda oyunlar oynayırlar. Bu kimi hallara uşaqlarda smartfona aludəçilik yaradır. Məgər telefon olmasa onlar yemək yeməyəcəklər? Valideynlər bunlara diqqət etməlidirlər. Məncə, Azərbaycanda xidmət göstərən provayderlər internet istifadəçiləri üçün siyahı tərtib etməlidirlər. Burada yaş həddi, şiddət, təhlükələr mütləq nəzərə alınmalıdır. Bununla yanaşı, internet oyunlarının təhlükəliliyinə dair maarifləndirmə işləri aparılmalıdır. Valideyn kimi bir məsləhət də verərdim ki, “Google”da azyaşlılara hesab yaradarkən təvəllüdlərini mütləq qeyd etsinlər. Əgər azyaşlı uşağa smartfon veriləcəksə, ona nəzarət də olunmalıdır. Mən övladlarım üçün “Google”da hesab yaradanda onların doğum tarixlərini də qeyd etmişəm. Onların internet üzərindən etdikləri bütün yükləmələr avtomatik mənim “Gmail” ünvanıma da gəlir. Açığı bugün internetə qadağa qoymaq effekt vermir və daha çox uğursuzluğa gətirib çıxarır. Ona gör də, ən yaxşısı internet üzərindən valideyn nəzarətidir”.
Zeynəb Əkbər