AZ

Kibertənbəlliklə necə mübarizə aparmaq olar? – MÜSAHİBƏ

5bfb9733d09d2877bcbf5cae4ce668a9.jpg
12.07.2019 16:26

“İş prosesində gərginlik və stressi nəzərə alaraq, müəssisələrdə “Anti-stress” otaqlarının olması daha yaxşı olardı”

 

İş müddətində gizlincə sosial şəbəkələri izləyirsiniz? “Facebook”da məzuniyyət zamanında çəkdirdiyiniz şəkillərə baxırsınız? Onlayn dükanlardan geyim sifariş edirsiniz? Ehtiyatlı olun: Sizi Kibertənbəllikdə günahlandıra bilərlər.

 

Mütəxəssislərin fikrincə, rəqəmsal texnologiyalar iş prosesini sürətləndirsə də kibertənbəllər İnternet vasitəsilə şirkətlərin zamanını oğurlayır.

 

TED.az-ın məsələ ilə bağlı suallarını psixoloq Aida Səlimova cavablandırıb. Onun fikrincə, iş prosesində ən önəmli faktorlardan biri motivasiyadır: “Adətən, işə münasibət, bəzi hallarda ondan yayınma halları həm işçinin psixoloji halından, həm də işdə olan psixoloji mühitdən, işçilər və müdiriyyət arasında olan münasibətdən asılıdır. Yəni digər sözlə desək, əgər işçi çalışdığı müəssisədə hər şeydən əvvəl özünü güvənli hiss etmirsə, yaxud o mühit işçiyə güvən və təhlükəsizlik hissini verməyibsə, bu zaman da işdən yayınma, işə həvəssizlik müşahidə oluna bilər. Humanist   psixologiyanın nümayəndəsi A.Maslonun “Tələbatlar piramidası”na nəzər salsaq, piramida pillələri arasında ikinci yerdə “Təhlükəsizlik ehtiyacları”nı görmüş olarıq. Bu o deməkdir ki, əgər işçinin güvən tələbatı ödənilmirsə, özünü zamanla bu işə və kollektivə aid hiss etməyəcək və nəticə etibarilə işdən uzaqlaşma baş verəcəkdir. İş prosesindən yayınmağın digər bir səbəbi isə işçiyə həddindən artıq yüklənmə və gərginlik ola bilər ki, getdikcə bu da iş prosesində "Tükənmişlik sindromu"na (“Burn out”) gətirib çıxara bilər. Belə olduqda insanın işə getmə istəyi azalır, özünü demotive olunmuş hiss edir və ən əsası, işindən əvvəlki zövqü ala bilmir. Bu sindrom təkcə fizioloji deyil, həm də zehni və duyğusal da özünü büruzə verə bilər. Məsələn, fizioloji olaraq enerjinin aşağı səviyyədə olması, gün ərzində özündə yorğunluq və s. hiss edilirsə, zehni olaraq işlərin növbəti günlərə təxirə salınması, diqqətin cəmlənməsində və ya tez-tez yayınmasında problem, unutqanlıq kimi hallar müşahidə olunur. Emosional sferada isə insanın bəzi məqamlarda özünü çarəsiz hiss etməsi, əhval-ruhiyyənin aşağı və özünüqiymətləndirmə dərəcəsinin qeyri-adekvat dərəcədə olmasını qeyd edə bilərik. Bütün bunlar insanların işdən yayınmasına gətirib çıxaran amillərdəndir”.

 

 

A.Səlimova qeyd etdi ki, bəzi hallarda insanların iş prosesində əvvəlki kimi ola bilməməsi sosial şəbəkələrlə də əlaqələndirilir: “Digər sözlə desək, "Kibertənbəllik" halı baş verir. Yəni işçi çalışdığı zaman ərzində vaxtının çoxunu sosial şəbəkələrdə keçirir, müxtəlif paylaşımları izləyir və s. Ancaq bunu daimi olaraq etmək, onun özündən asılı olmur. Zamanla vərdişə və kibertənbəlliyə gətirib çıxaran bu vəziyyət də onun işdən uzaqlaşması ilə öhdəliyində olan işləri tam zamanında təhvil verə bilməməsilə nəticələnir.

 

Əlbəttə ki, düzgün idarə olunmuş zamanla bu problemi həll etmək olar. Kiber tənbəlliyin qarşısını almaq mümkündür. Hər şeyin beyində başladığını nəzərə alaraq, insanlar ilk olaraq bu asılılıqdan qurtulmağa çalışmalıdır. Yaxud səhər işə gələndə kompüterdə etdikləri ilk iş sosial şəbəkələrə daxil olmaq deyil, digər lazımi işləri görmək ola bilər. Və ya sosial şəbəkəyə daxil olmaq üçün özünə zaman müəyyən edə bilər. Düzgün şəkildə istifadə olunmayan sosial şəbəkələr təbii ki, insanlarda asılılığa gətirib çıxarır. Yəni insan tez-tez öz hesabına daxil olur, mesajları və bildirişləri yoxlayır, dostluğunda olanların paylaşımlarına mütləq hər dəfəsində rəy bildirir və s. Sosial şəbəkələrdən istifadəni nəzarət altında saxlamağa çalışmaq lazımdır. Gün ərzində ümumilikdə 1-2 saatdan çox istifadə etməmək daha məqsədəuyğun olar. Əlavə olaraq, işlə məşğul olduğunuz zaman telefonunuzda və ya kompüterinizdə sosial şəbəkələrdə hesablarınızın açıq olmamasına diqqət yetirməkdə fayda var. Əgər insan özündə aşırı yorğunluq və emosional tükənmə hiss edirsə, sosial şəbəkələrdən başqa məşğuliyyətlə bunun öhdəsindən gələ bilər. Örnək olaraq, işində fasilə edib ya təmiz havaya çıxmaq, ya onu motivasiya edən hər hansı bir video izləmək, iş masasının üzərində demotivasiya olan zaman ona güc verən hər hansı fikir, şəkil və s. qoymaq”.

 

 

Psixoloq onu da əlavə etdi ki, bütün bunlar təkcə işçinin problemi hesab olunmamalıdır: “Belə ki, iş prosesində gərginlik və stressi nəzərə alaraq, müəssisələrdə “Anti-stress” otaqlarının olması yaxşı olardı. Bu cür otaqlar iş zamanı gərginliyin aradan qaldırılmasına müsbət təsir göstərir. Yaxud rəhbərlik işçilər üçün ən azı ayda iki dəfə stressin idarə olunması, işə motivasiya mövzusunda treninqlər təşkil edə bilər ki, bu da effektiv nəticə verir. Əgər bu deyilənlər işçiyə kifayət qədər təsir etmirsə, o zaman mütəxəssisə müraciət etməkdə fayda var”.

 

Zeynəb ƏKBƏR

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox