AZ

İnstaqramda bəyənmə sayının görünməməsi aktivliyi azalda bilər – MÜTƏXƏSSİS

97d2eb7f8648ca34371d84e76784f5b1.png
19.07.2019 16:23

İnstaqram sosial şəbəkəsində istifadəçilərin etdikləri paylaşımların bəyənmə sayını yalnız özləri görəcəklər. Artıq sözügedən yenilik Braziliya, İrlandiya, Yaponiya, Yeni Zelandiya, Avstraliya və Kanadada test edilir. İnstaqram rəsmiləri bildirirlər ki, yenilik sınaqdan uğurla keçsə, bütün istifadəçilərdə tətbiq ediləcək.

 

Maraqlıdır İnstaqram platformasının bu addımı sosial şəbəkəyə necə təsir edəcək?

 

TED.az məsələ ilə bağlı mütəxəssisin fikirlərini öyrəndi.

 

SMM mütəxəssisi Orxan Rzayev bildirdi ki, İnstaqramın paylaşımlara gələn bəyənmə sayını gizlətməsi çox maraqlı qərardır: “İnstaqram rəsmiləri bununla platformada kəmiyyətin deyil, keyfiyyətin önə çıxmasını istəyir. Təbii ki, nəzəri olaraq yaxşı addımdır. 5 bəyənməsi olan paylaşım 5 min bəyənməsi olan paylaşımdan daha maraqlı kontentdirsə, istifadəçi 5 bəyənməsi olan paylaşıma reaksiya verəcək. Çünki əvvəlki versiyada bəyənmə sayı istifadəçiləri psixoloji olaraq təsir altına salırdı və bu onlara seçim etməkdə təsir edirdi”.

 

 

O.Rzayev bildirdi ki, İnstaqramın bu addımı istifadəçilər tərəfindən rahat qəbul ediləcək: “Bunun istifadəçilər tərəfindən necə qarşılanacağına gəlincə, çox da rahat qəbul olunacaq və bir müddət sonra sanki illərdir qayda belə imiş kimi biz İnstaqramdan istifadə edəcəyik. İki il öncə “Whatsapp”a Story (Status) funksiyası gələndə hər kəsə necə qəribə gəlirdi, yadınızdadır yəqin ki. Amma nə oldu, hazırda gündəlik 500 milyon insan “Whatsapp” Statusa kontent əlavə edir. Yəni, dəyişikliklər sürətlə baş verir və adətən sürətlə də istifadəçilər qəbul edir. Amma bu dəyişikliyin İnstaqramın aktivliyinə müsbət və mənfi təsir edəcəyi barədə fikir bildirməyə tələsmirəm. Çünki ehtimal edirəm ki, aktivlikdə azalma olsun”.

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox