AZ

İnstaqram istifadəçiləri hansı yenilikləri gözləyirlər? – SORĞU

1d009691d190dadef6c62cb2898e6db0.jfif
20.07.2019 12:31

Sosial şəbəkələr – Feysbuk, İnstaqram və digərləri... Əvvəllər səhər yuxudan oyanan kimi saata baxardıq. Sonra saatı televizorlar əvəz etdi. Yəqin ki, xatırlayırsınız, təxminən 15 il öncə yataq otaqlarında televizorlar peyda olmağa başladı. Bu dəfə də yuxudan oyananların ilk işi pult axtarıb televizoru qoşmaq oldu. Bunları keçmişdə qalmış hesab edə bilərik. Çünki artıq sosial şəbəkələr var. İndi hər kəsin yataq otağında planşetlər, ağıllı telefonlar mövcuddur...

 

Mövzumuz yataq otaqları deyil, yataq otaqlarımıza “daxil olan” sosial şəbəkələrdi. Sosial şəbəkələr həyatımızın ayrılmaz parçasına, hətta demək olar ki, bütünlüklə həyatımıza çevrilib. Biz sosial şəbələrdə gülürük, ağlayırıq, oynayırıq, evlilik üçün tanışlıqlar, münasibətlər qururuq və daha nələr. Siyahını davam etdirmək olar...

 

 

Təbii ki, biz bu qədər sosial şəbəkə aludəçisi olduqca onların qurucuları da istifadəçilərə mükəmməl şərait yaratmağa çalışırlar ki, gələnlər bezib getməsin, qalsın, hətta yenilərinin gəlməsi üçün dəvətlər etsin. Bilirsiz də nəyi deyirəm? Məsələn, birinin Feysbuku yoxdursa o, asosial hesab olunur, İnstaqramı olmayansa elit sayıla bilməz. Ən yaxşı halda ona köhnə fikirli deyirlər. Təbii ki, bu, cəmiyyətdə formalaşan yanaşmadır.

 

Deyəsən, yenə də əsas mətləbdən uzaqlaşdıq. Sosial şəbəkənin özünəməxsus çatışmayan cəhətləri var. İnstaqramda da bu çatışmazlıqlar istisna deyil. Bəlkə də buna çatışmazlıq deməməliyik, ehtiyac desək daha doğru olardı ya da istəklər. İstifadəçilərin doğma İnstaqramlarından istəkləri – İnstaqram istəkləri. 

 

 

TED.az olaraq azərbaycanlı istifadəçilərin İnstaqram istəklərini öyrənmək üçün 100 aktiv istifadəçi arasında sorğu keçirdik.  

Sualımız belədir: “İnstaqramda hansı funksiyanın əlavə olunmasını istəyərdiniz?”

 

Sorğunun sonunda fərqli və maraqlı fikirlərlə qarşılaşdıq.

 

Respondentlərin 26%-i İnstaqram sosial şəbəkəsində hesablarına daxil olan istifadəçiləri görmək funksiyasının əlavə olunmasını istəyirlər.

 

15% istifadəçi videozəng funksiyasını daha keyfiyyətli şəkildə  görmək istəyirlər.

 

13% istifadəçi şəkillərin bəyənmə sayının, videoların baxış sayının görünməməsini istəyirlər.

 

İstifadəçilərin 12%-i hekayələrinin ekran görüntüsünü alan istifadəçilərin bilinmə funksiyasının qaytarılmasını istəyirlər. Qeyd edək ki, bu funksiya əvvələr mövcud idi.

 

 

Digər 12% istifadəçi isə səhifələrinin 10 min bəyənmə olmadan da link paylaşmaq imkanı yaradılmasını istəyirlər. Hazırda İnstaqramda link paylaşmaq üçün səhifənin izləyici sayı 10 mindən çox olmalıdır.

 

Sorğunun nəticəsi onu deməyə əsas verir ki, 9% istifadəçi aqresivdir. Belə ki, onlar digər sosial şəbəkələrdə olduğu kimi “dislike” funksiyasının əlavə edilməsini istəyirlər.

 

8% hesablarında olan profil şəkillərini aydın şəkildə görmək istəyirlər.

 

İstifadəçilərin 5%-i İnstaqram sosial şəbəkəsindən razıdı.

 

 

Beləliklə, azərbaycanlı istifadəçilərin İnstaqram sosial şəbəkəsində hansı funksiyaların əlavə edilməsini istədiklərini öyrənmiş olduq.

 

Qeyd edək ki, bu təkliflər İnstaqram sosial şəbəkəsinin administrasiyasına göndəriləcək.

 

Fatimə ZÜLFİQAR

TED + bölməsindən digər xəbərlər

Daha çox