AZ

Mark mənim əmim oğlu deyil, amma ad günümü ondan yaxşı təbrik etdi

01.08.2019 11:56

Qələm və təqvim... Biri yazmaq üçündür, biri isə xatırlamaq. Qələmi götürürüb, təqvimdəki o özəl günü dairəyə alırıq. Düzü, nə günün özəli olur, nə də ayın. O günü, o ayı bizə özəl edən, elə “Özəllərimizdir”. Öz əllərimiz, öz ruhumuz, öz ürəyimiz. Qısacası özümüz. Bəs, o dairədəki  “Özəl günün” özəlliyi nədir ? O özəl günlər, özəllərimizin günüdür. Birlikdə “Öz” olduqlarımızın, gözümüzün özəyi qədər dəyərlilərin günüdür.

 

Özəl gün deyəndə, ağıla çoxlu cəlbedici sözlər, fikirlər gəlir. Yəni, deməm odur ki, davam etmək mümkündür. Özü də qucağında notbuk, sürətli internet olunca yazmaq, fikir mübadiləsi etmək və qənaət formalaşdırmaq asan olur. Necə ki, indi mənim üçün elədir. Sonra da deyirlər ki, texnologiya insanları bir-birindən uzaqlaşdırır. Niyə uzaqlaşdırsın ki, məsələn, ötən gün Feysbukda ad günümlə bağlı yüzlərlə təbrik almışam.  

 

Nə deyirsiz, yazmağa dəyər? Elə mən də düşündüm ki, yazmaq lazımdır!

 

“Ad günün mübarək dostum, qardaşım! Bu yeni yaşından etibarən, alpinistlər kimi daim zirvələrə qalx. Amma, qalxdığın zirvədən bir daha enmə!”

 

“Qardaş gücdür, qardaş həyatdır, qardaş candır, yaşama səbəbidir, özünü tapdığındır, səni ən çox sevəndir, rahatlıq yerindir. Qardaş elə qardaşdır. Yaxşı ki, varımsan. Olduğun və olacağın hər günə şükür. Ömrünün daha artığı, daha gözəli qismətin, hər şeyin ən gözəli, ən yaxşısı sənin olsun. 20 yaşına saatlar qaldı, ad günün mübarək!”

 

 

Təbriklərin özəlliyi, yəni keyfiyyəti mənim, kəmiyyəti, yəni sayı isə Markın mərifətidir...

 

“Facebook”, qeydiyyatdan keçən istifadəçilərdən doğum tarixini soruşaraq, həmin günü yaddaşa qeyd edir. Həmin günlərdə isə, sizi həm Feysbuk özü təbrik edir, həm də dostlarınıza bu özəl günlə bağlı bildiriş göndərir. Necə deyərlər, unutmuş olanlar da xəbər tutur, xəbərdar olur. Hətta, sizi təkcə real dostlarınız deyil, Feysbuk üzərindən tanıdığınız virtual dostlarınız da təbrik edir. Virtual dostlar – deyəsən, bu ifadə də yeni yarandı. Onlar bizim “Feysbuk dostlarımız”dır. Biz onların demək olar ki, həyatının hər anına, hadisələrə baxış bucağına, bəzən də yeyib-içdiklərinə belə şahid oluruq.

 

Tural QARA

TED + bölməsindən digər xəbərlər

Daha çox