AZ

Azərbaycanda gənclərin yüksək texnologiyalara marağı artır

1839ad52e5a8ee0457c9887d848a7bb0.jpg
10.08.2019 13:57

Qəbul imtahanlarında ən yüksək keçid balı İnformasiya təhlükəsizliyi ixtısasında oldu

 

2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanları üzrə ən yüksək keçid ballı ixtisas müəyyənləşib.

 

TED.az xəbər verir ki, bu, Bakı Ali Neft Məktəbinin (BANM) İnformasiya təhlükəsizliyi ixtisasıdır. 1-ci ixtisas qrupu üzrə keçirilən imtahanda İnformasiya təhlükəsizliyinə minimum 673,5 balla qəbul qeydə alınıb. Həmin ixtisas qrupunda ən yüksək bal (690.5) toplayan Əsmər Hacızadə də BANM-ın İnformasiya təhlükəsizliyi ixtisasını seçib.

 

Bu, Azərbaycanda gənclərin yüksək texnologiyalara, İKT sahəsinə marağının artması ilə izah edilir.

 

Mövzu ilə bağlı TED.az-a təhsil eksperti Kamran Əsədov bildirib ki, ümumiyyətlə, 1-ci ixtisas qrupunda ən yüksək keçid balları Bakı Ali Neft Məktəbinin ixtisaslarında oldu: “İnformasiya təhlükəsizliyi ixtisasında keçid balı 673,5, Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında keçid balı 657,8 oldu ki, bu da son illər ölkəmizdə gənclərin informasiya texnologiyaları ixtisaslarına ciddi şəkildə marağını göstərir”.

 

“Azərbaycan İKT-nin inkişaf sürətinə görə dünya ölkələri arasında lider dövlətlərdən birinə çevrilib”

 

K.Əsədov qeyd edib ki, Azərbaycan son illər İKT-nin inkişaf sürətinə görə dünya ölkələri arasında lider dövlətlərdən birinə çevrilib: “İnformasiya cəmiyyətinə doğru sürətlə getdiyimiz dövrdə informatika sahəsində bacarıqlara yiyələnməyin ictimai əhəmiyyəti getdikcə artır. Yaranmış yeni şərait ali məktəblərdə informasiya texnologiyalarının tədrisinə verilən tələbləri də dəyişir. Bu səbəbdən tələbələrdə informasiya ilə işləmək mədəniyyətinin, onların analitik və sistemli düşüncə tərzinin, informasiya proseslərini anlama qabiliyyətlərinin, informasiya texnologiyalarından istifadə bacarıqlarının formalaşdırılması ali məktəb kursunun əsas vəzifələrini təşkil edir”.


 

Ekspert hesab edir ki, Azərbaycanın 31-ci Beynəlxalq İnformatika Olimpiadasına ev sahibliyi etməsi ölkəmizdə informatika sahəsinə marağı daha da artırır: “Son zamanlar qəbul prosesinə baxdıqda abituriyentlərin ixtisas seçimində kompüter və IT peşələrinə üstünlük verdiklərini görürük. Proseslərin avtomatlaşdırılması, İKT, IT, Kompüter mühəndisliyi, İnformasiya təhlükəsizliyi kimi sahələr gənclərin ixtisas seçimləri arasında aparıcı yerləri tutur”.

 

“İnformatika fənni orta məktəblərdə zəif tədris olunur”

 

İnformatika fənninin məktəblərdə tədrisindən danışan ekspert qeyd edib ki, qəbul imtahanlarına salınmayan fənlər orta məktəblərdə zəif tədris olunur: “İnformatika tarix və digər fənlər kimi tədris edilməli, dərsliklər, kompüterlər tədris üçün normal vəziyyətə salınmalıdır”.

 

“Bu gün dünyada informasiya müharibəsi aparılır. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında informatika sahəsinin rolu böyükdür. Ona görə də, birinci ixtisas qrupunda informatika fənninin qəbul planına salınması olduqca vacibdir”, - deyə K.Əsədov əlavə edib.

 

“İnformasiya təhlükəsizliyi ixtisasına tələbat yüksəkdir”

 

Təhsil eksperti Elçin Əfəndi isə qeyd edib ki, Azərbaycanın ali məktəblərində İnformasiya təhlükəsizliyi ixtisası artıq 2 ildir tədris olunur: “Bu il Bakı Ali Neft Məktəbi ilə yanaşı, Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyası və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində bu ixtisasa tələbə qəbulu elan edildi. Səbəb İnformasiya təhlükəsizliyinə tələbatın yüksək olmasıdır”.

 

E.Əfəndi bildirib ki, son illər bütün dünyada, o cümlədən, Azərbaycanda  informasiya texnologiyaları sahəsinə böyük maraq yaranıb: “Gənclərin bu sahədə ixtisaslaşmaya üstünlük verməsinin əsas səbəbi daha çox perspektiv vəd etməsi, iş, karyera imkanlarının geniş olmasıdır”.

 

 

Bakıda keçirilən Beynəlxalq İnformatika Olimpiadasında komandamızın zəif nəticələr göstərməsi isə bu sahədə, xüsusilə peşəkar kadr hazırlığı məsələsində problemlərin olduğunu göstərir.

 

“İT və Kompüter mühəndisliyi ixtisaslarını seçənlər informatikadan imtahan verməlidirlər”

 

İKT üzrə ekspert Osman Gündüz qeyd edib ki, Azərbaycanda ali təhsil müəssisələrinə qəbul qaydalarına görə, İT və Kompüter mühəndisliyi ixtisaslarını seçənlər informatikadan yox, kimyadan imtahan verməli olurlar: “Məhz bu səbəbdən valideynlər və məktəb 9-cu sinifdə şagirdin informatika sahəsindəki fəaliyyətini dayandırır. Bütün resurslar - vaxt, pul, enerji, tədbirlər, olimpiadalar, hazırlıqlar qəbuldakı imtahan fənlərinə yönləndirilir. Nəticədə, İT sahəsini seçən uşaq vaxtını, enerjisini yalnız kimya və digər fənləri öyrənməyə həsr edir. Halbuki qəbul imtahanından sonra bu fənn ona lazım olmayacaq. İnformatika isə bir fənn olaraq məktəb üçün, valideyn üçün əhəmiyyətsiz bir predmetə çevrilir. Görünür, elə bu səbəbdən Təhsil Nazirliyi bir ara informatika fənnini təmayül məktəblərdə fundamental fənlər siyahısından tamamilə çıxarmışdı. Sonradan bu bərpa olundu”.

 

Ekspertin fikrincə, ali məktəblərə qəbul imtahanlarında İT üzrə ixtisaslarda kimyadan yox, informatikadan imtahan salınmalıdır: “İnformatika üzrə normal kurikulumlar və vəsaitlər hazırlanmalıdır. Bu sahədə kadr hazırlığına xüsusi önəm verilməlidir”.

 

 

Qeyd edək ki, ali təhsil müəssisələrinin müsabiqəsində 58258 nəfər iştirak edib. Onlardan 42062 nəfəri, o cümlədən, 3542 subbakalavr ali təhsil müəssisələrinə qəbul olunub. 17820, o cümlədən, 586 subbakalavr nəfər dövlət sifarişi əsasında, 24242, o cümlədən, 2956 subbakalavr nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

 

Xatırladaq ki, bu il 3 nəfər incəsənət, 3 nəfər dünya fənn olimpiyadası, 21 nəfər respublika fənn olimpiyadası, 71 nəfər idman sahəsi üzrə beynəlxalq yarışların qalibi olduğu üçün, 1 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan “İnternatıonal Baccalaureate” təhsil proqramı üzrə təhsil aldığı üçün müsabiqədən kənar ali təhsil müəssisələrinə qəbul olunub.


SAT imtahanının nəticələrinə əsasən, 104 abituriyent ADA Universitetinə qəbul olunub. Bundan əlavə, I ixtisas qrupu 139 abituriyent Azərbaycan-Fransız Universitetinə, IV ixtisas qrupu üzrə 125 abituriyent İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına, 128 abituriyent (I-IV ixtisas qrupları üzrə) M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olunub.


 

Ceyhun ABASOV

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox