AZ

Dünyanın ən nüfuzlu 100 ali təhsil müəssisəsindən 4 və ya 5-i Çinə məxsus olsa da çinlilər ali təhsil üçün Amerikaya üz tuturlar

13.08.2019 11:29

“Öncə onu qeyd edim ki, Bakıda keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadası (BİO) çox yüksək səviyyədə təşkil edilib. Azərbaycanda Təhsil Nazirliyi də son illərdə Fizika-riyaziyyat liseylərində xüsusi olaraq istedadlı şagirdlər üçün olimpiadalar təşkil edir. Bu, əlbəttə ki, müsbət haldır. Bilirsiniz, olimpiada xüsusi qabiliyyət, bacarıq istəyən bir anlayışdır. Burada şagird informatikadan daha çox riyaziyyatı da bilməlidir. Çünki sualda çətin mövzu qoyulur. O mövzuların həlli riyazi alqoritmik şəkildə olur. Həmin tapşırıqların həllini qısa və ya uzun yazma yolu var. Bal hesablayanda bu kimi amillər diqqətə alınır. Eyni zamanda, İnformatika Olimpiadasının bir adət-ənənəyə bağlı tərəfi də var. Yəni bu prosesin hazırlığı uzaq keçmişdən gəlir. Bu müsabiqəyə bir neçə ölkədə illərdir ki, ciddi şəkildə hazırlaşırlar. Məsələn, bizə qonşu olan dövlətlərdən Gürcüstan bu sahəyə xüsusi diqqət ayırır. İran İslam Respublikası da BİO yarışlarına çox ciddi hazırlaşır. Bu sahədə öndə olan şagirdləri 3-cü və ya 4-cü sinifdən nəzarətinə götürürlər. Təhsil Nazirliyi tərəfindən xüsusi zəkalılar üçün məktəblər yaradılır. Bu həmin ölkələrin bir növ məktəb və universitetlərində adət halına çevrilib. Azərbaycanda isə belə bir sistem yoxdur. Hansı universitetimizdə belə bir mərkəz var? Heç birində. Hansı müəllim dərsdən sonra şagird və ya tələbə ilə əlavə məşğul olur? Heç biri. Çünki müəllimin və universitetin  burada xüsusi bir marağı yoxdur”, - bunu TED.az-a Bakı Mühəndislik Universitetinin riyaziyyat informatika kafedrasının baş müəllimi Bəhman Məmmədov deyib.

 

Bəhman Məmmədov bildirib ki, maksimum 600 bal olan BİO 2019 müsabiqəsində 232 bal toplayan şagirdimiz varsa, bu o qədər də faciəli durum deyil: “Müsabiqə iştirakçıları olan şagirdlər öz xüsusi bacarığı, qabiliyyəti və valideynlərinin israrı nəticəsində buna nail olub. Bəli, son zamanlar da Təhsil Nazirliyində yeni yaradılmış Olimpiada şöbəsinin də xüsusi fədakarlığı var. Növbəti illərdə daha yüksək nəticə üçün hər bir bölgədə, məktəbdə olimpiadanın keçirilməsi ilə bağlı qurumlar yaradılmalıdır. Amma bunun üçün müəllimlər hazırdırmı? Açığı bu haqda müsbət düşünmürəm. O müəllimlərə gecə-gündüz xüsusi olaraq yaxşı kadr hazırlamaq üçün nələrsə aşılanmalıdır. Gələcək hədəfi daha da uzun düşünməliyik. Əminəm ki, zəkalı şagirdlərimizdə proqramlaşdırmaya maraq artacaq”.

 

B.Məmmədov onu da qeyd etdi ki, BİO 2019-a diqqət yetirsəniz çox maraqlı bir faktın şahidi də olacaqsınız: “Amerikanın orta məktəblərindən gələn BİO 2019 iştirakçıları hamısı əslən çinlidirlər. Baxın bu gün Çin bu sferada bir nömrəlilər sırasındadır. Dünyanın ən nüfuzlu 100 ali təhsil müəssisəsindən 4 və ya 5-i Çin Xalq Respublikasına məxsusdur. Amma çinlilər təhsil üçün Amerikaya üz tutublar. Qalibləri istedad və qabiliyyətdən də əlavə şəraiti daha yaxşı olan mühit və məktəb yetişdirir. Biz gələcək üçün çalışmalıyıq. Buna maraq və istək yaratmalıyıq. Düşünürəm ki, BİO 2019 müsabiqəsinin sualları paylaşılmalıdır. Azərbaycanın məktəb və universitetlərindəki müəllimləri də bu prosesə cəlb olunmalıdır. Bütün ali təhsil müəssisələrini nəzərdə tuturam. Bütün universitetlərin müəllimləri bu prosesdə iştirak etməli, sualların müzakirəsinə qoşulmalı, sualların mahiyyətini görməlidirlər. Çünki o müəllimlər gələcəyin kadrını hazırlayırlar”.

 

Zeynəb ƏKBƏR

Ekspertlər bölməsindən digər xəbərlər

Daha çox