AZ

MiQ-29 qəzasında qara qutu məlumatları və qaranlıq qalan məqamlar

dd429656cd1523a1c2db3a56379e2e2e.jpg
22.08.2019 18:46

Bu günlərdə Azərbaycan xalqı aviaqəza xəbəri ilə sarsıldı. Hərbi Hava Qüvvələrimizin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev MiQ-29 tipli döyüş təyyarəsi ilə gecə vaxtı təlim-məşq uçuşu həyata keçirərkən qəzaya uğradı. 1 aya yaxın davam edən axtarışlar nəticəsində pilotun nəşini və təyyarənin qalıqlarını, o cümlədən qara qutusunu (bort qeydiyyatçısı) sudan çıxarmaq mümkün oldu. MiQ-29 sonuncu dəfə peşəkar hərbi pilotumuzu ölümə apardı...

 

Avqsutun 22-də təyyarənin bort qeydiyyatçısı təhlil olunduqdan sonra ictimaiyyətə qəzanın səbəbi ilə bağlı rəsmi məlumat verildi.

 

TED.az məlumatına görə, Müdafiə Nazirliyindən bildirdi ki, MiQ-29 Xəzər dənizinə düşməzdən əvvəl havada yad cisimlə (quş və ya quş dəstəsi) toqquşub və pilot xəsarət alıb. Qara qutudan əldə edilən məlumatlara əsasən, pilot qəzanın qarşısını almaq məqsədilə təyyarənin idarəolunmasını bərpa etməyə cəhd göstərib. Pilotun aldığı ağır bədən xəsarəti isə bunu mümkünsüz edib və nəticədə aviasiya vasitəsinin qəzaya uğramasına gətirib çıxarıb.

 

 

Lakin qəzaya uğrayan hərbi təyyarə ilə bağlı verilən rəsmi məlumat cəmiyyətdə yetərli hesab edilmir. Ehtimallar sırasında Moskva amili də qeyd olunur. Çünki həmin ərəfələrdə Rusiya Xəzər Donanmasının və Cənub Hərbi Dairəsinin havadan hücuma qarşı müdafiə sistemlərinin təlimi keçirilirdi. Təlimdə Rusiyanın cənub sərhədləri yaxınlığında şərti düşmən hərbi təyyarəsinin hücumuna qarşı yer və yön tanıma sisteminə uzaqdan elektron müdaxilə (təyyarənin dezoriyentasiyası) imkanlarının sınağını edirdi.

 

Ekspertlər hesab edirlər ki, bu iki hadisə arasında əlaqə olmaya da bilər, amma güman qurarkən bütün ehtimalları təhlil etmək lazımdır.

 

Bu mənada tarixdə quşların səbəb olduğu aviaqəzalar da kifayət qədərdir. Hətta müəmmalı aviaqəzaların əksəriyyətində səbəb kimi quşların təyyarələrlə toqquşması göstərilir.

 

ABŞ-da nəşr olunan nüfuzlu Time jurnalının məlumatına görə, əksər müəmmalı aviaqəzalar quş və ya quş dəstələri ilə toqquşma səbəbindən baş verir. Ən böyük təhlükə iri quşlardan gəlir. Kiçik quşlar da qəzaya ciddi səbəb ola bilir.

 

 

Balaca bir sərçə böyük təyyarənin önündəki külək sipərini deşərək təyyarənin içinə düşüb və pilotu eniş etmək məcburiyyətində qoyub.

 

Gecə 2400 metr yüksəklikdə uçan başqa bir təyyarə beş durnadan ibarət sürü ilə toqquşub. Durnalardan biri təyyarənin sol qanadını zədələdiyi üçün faciə yaşanıb. Mülki təyyarələrdən fərqli olaraq hərbi hava qüvvələrinə məxsus hava gəmiləri zərbələri minimallaşdırmaq üçün daha möhkəm materiallardan hazırlanır. Lakin bu hərbi təyyarələri qəzadan tam sığortalamır.

 

Londonun Daily Mail qəzetində çıxan xəbərə görə, bir quş Spitfire tipli hərbi təyyarənin külək sipərini parçalayaraq kabinəyə düşüb. Halbuki sözügedən şüşə gülləkeçirməzdir və ən azı 3,5-4 sm qalınlığındadır.

 

 

Başqa bir Spitfire təyyarəsi saatda 650 km sürətlə uçarkən çöl ördəyi ilə toqquşmuşdu. Qəzasız-bəlasız enişdən sonra təyyarənin sol qanadında ördək başı böyüklüyündə bir dəlik aşkarlandı. Halbuki bu tip təyyarələrin qanadında deşik aça bilmək üçün çəkiclə ora güclü zərbələr endirməyə ehtiyac var.

 

Elə MiQ-29 faciəsi ilə bağlı rəsmilər də qəzanın ilkin səbəbi kimi pilot R.Atakişiyevin ailəsinə “quşun təyyarənin kabinəsınə çırpılması nəticəsində təyyarənin suya düşməsi”ni ehtimal etdiklərini deyirdilər. Qara qutudakı məlumatlardan sonra isə bu versiya qismən təsdiqini tapdı. Hadisəyə yad cismin səbəb olduğu qeyd olundu. Konkret olaraq quş və ya quş dəstəsi olduğu bildirilmədi. Ailə üzvləri isə R.Atakişiyevin danışıqlarından xatırlayırlar ki, o, həmişə gecə baş verən təyyarə qəzalarında quşların çırpılmasını istisna edirdi: “Rəşad hər zaman gecə uçmağın yaxşı olduğunu deyirdi”...

 

Təəssüf ki, peşəkar pilotumuzun sağ qaldığına dair gümanlarımız özünü doğrultmadı. Ümidlərimiz Xəzərin sularına qərq oldu...

 

Ceyhun ABASOV

 

TED + bölməsindən digər xəbərlər

Daha çox