AZ

Azərbaycanla Ermənistan arasında operativ rabitə əlaqəsi varmı? – AÇIQLAMA

7ef54a38e1545897c9804e6a2e155b71.png
23.08.2019 18:30

“Azərbaycanla Ermənistan arasında mövcud olan operativ əlaqə işlək vəziyyətdədir”.

 

TED.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan son açıqlamasında deyib.

 

Erməni nazirin bu açıqlamasını şərh edən Atlas Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu iki tərəf arasında rabitənin qurulması haqqında razılığın ötən ilin sentyabr ayında əldə edildiyini deyib: “Liderlər MDB dövlət başçılarının Düşənbədəki sammiti çərçivəsində görüşmüşdülər. İlham Əliyev Nikol Paşinyanla əsas olaraq təmas xəttindəki gərgin vəziyyəti müzakirə etmişdi. Paşinyan görüşdən sonra demişdi ki, Azərbaycan prezidenti ilə sərhəddə hər iki tərəfdən gərginliyə və insidentlərə yol verməmək məqsədilə konkret tədbirlər görmək üçün müdafiə nazirlərinə tapşırıq veriblər”.

 

 

“Bir il keçib. Göründüyü kimi, Düşənbədəki razılaşmalar işləmir. Paşinyan hakimiyyətdə olduğu ilk 4 ayda cəbhə xəttində sakitlik idi. Rəsmi Bakı bununla Paşinyana zaman tanımışdı. Paşinyan da bu vəziyyətdən məmnun idi. Ancaq Paşinyan Düşənbə görüşündən sonra heç bir addım atmadı və getdikcə ritorikası sərtləşdi, hətta “Qarabağ Ermənistandır” deyəcək duruma gəldi. Aydındır ki, belə vəziyyətdə heç bir razılaşma işləyə bilməzdi”, - deyə E.Şahinoğlu bildirib.

 

Belə olan halda, Ermənistan xarici işlər nazirinin nəzərdə tutduğu Azərbaycanla rabitə kommunikasiyası necə işləyə bilər?

 

Mərkəz direktoru qeyd edib ki, Azərbaycan ordusu və sərhəd qoşunları tez-tez yerdəyişmələr edir: “Taktiki döyüşlər qeydə alınır, atəşkəs tez-tez pozulur, Ermənistan hərbçisi təmas xəttini keçərək bölmələrimizə təslim olur. Bu vəziyyətdə erməni nazirin dediyi kimi hansısa rabitə vasitəsi varsa belə, bu heç nəyə yaramır”.

 

Politoloqun fikrincə, mümkündür ki, Zöhrab Mnatsakanyan erməni cəmiyyətini sakitləşdirmək üçün Azərbaycanla hansısa rabitə kommunikasiyasının işlədiyini bildirib: “Bütün hallarda Azərbaycan Müdafiə Nazirliyinin və ya Xarici İşlər Nazirliyi erməni nazirin "kommunkasiya" dedikdə nəyi nəzərdə tutduğunu açıqlamasına ehtiyac var”.

 

Ceyhun ABASOV

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox